FLAŞ


Ümumi təhsil haqqında qanun dəyişdi


https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTkvMDMvMjkvMTIvMzMvMTEvYjQ3ZmM4YzktMWQ0NS00ZTI5LTk1NjctMTEyZjRlNjUyOTZlL3TJmWhzaWwuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=427d55ade65709fd

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin sonuncu - üçüncü oxunuşunun müzakirəsi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, qanun layihəsinin son variantı - üçüncü oxunuşu ilə bağlı MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin qısa məlumatı dinlənilib.

O qeyd edib ki, qanun layihəsinin sonuncu variantı ötən oxunuşlarda səsləndirilən təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

Qısa müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda və bütövlükdə qəbul olunub.

Bundan əvvəl MM-in digər komitə sədri Aqiyə Naxçıvanlı qanun layihəsində hələ də üslub səhvlərinin, xətaların qaldığını və onların aradan qaldırılmasının vacibliyini bildirib.

Həmçinin qeyd edib ki, ümumtəhsil müəssisələrinə ianələr edən sahibkarlara güzəştlər nəzərdə tutulmalıdır.

Komitə sədri bildirib ki, təsisçisi əcnəbi olan ümumtəhsil məktəblərinin direktorları mütləq azərbaycanlı olmalıdır:

“Müavinin nə səlahiyyəti var ki? Ona görə də direktor mütləq azərbaycanlı, Azərbaycan vətəndaşı olmalıdır”.

İanələr məsələsinə toxunan spiker Oqtay Əsədov isə deyib ki, buna ayrılıqda baxmaq olar:

“Yəni ianələrlə bağlı qanunvericiliyimizdə bu məsələni həll etmək olar”.