FLAŞ


Prezident: "Zərərçəkən sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir"


http://olke.az/uploads/1553774493/prezident.jpg
“Sahibkarlara gəldikdə, bir daha demək istəyirəm ki, dövlət onların yanında olacaq. Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar”.

“Ölkə.Az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə çıxışı zamanı deyib.

“Beləliklə, hesab edirəm, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaqdır”, - deyə dövlət başçısı əlavə edib.