FLAŞ


“İynə ucunda” ölüm: cahilliyin, yoxsa antibiotikin güdazına gedən uşaqlar...


http://cdn.musavat.com/news/thumbnails/904b94c0a5131e46027bf847590bdcd3.jpg

Cəlilabad və Şabranda yaşanan faciələrin şok səbəbi; həkimdən SOS: “Qəti şəkildə antibiotikləri xəstənin yaxınları, həkim olmayan şəxslər vurmalı deyillər...”

Xəbər verildiyi kimi, bir neçə gün öncə Cəlilabadda uşaq ölümü baş verib. ONA-nın cənub bürosunun məlumatına görə, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib. Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, oxşar hadisə fevralın 26-da Şabranda baş vermişdi . Belə ki, Şabran rayonunda 8 yaşlı uşaq antibiotik iynə vurulandan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. Məlumatda qeyd edilmişdi ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb. Antibiotik iynə vurulduqdan sonra G. Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, G. Dadaşovanın ölümünə səbəb həkimin antibiotiki “prob” (“sınaq”) qoyulmadan vurması olub.

Azərbaycanda xüsusilə də bölgələrdə bu kimin hallara tez-tez rast gəlinir. Bir çox hallarda uşağa iynəni ailə üzvlərinin özləri, heç bir həkim tövsiyəsi olmadan vururlar. Həkimlər bildirirlər ki, xüsusilə də antibiotiklərin “prob”suz vurulması yolverilməzdir və nəticəsi olduqca ağır ola bilər.

Картинки по запросу Antibiotikdən öldü

Həkim pediatr Hüseyn Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə nəzərə almaq lazımdır ki, antibiotiki tez-tez istifadə etmək olmaz: “Son zamanlar sanki hər kəs həkim olub. İnternetdən oxuduqlarını yaxınlarına, özlərinə tətbiq edirlər. Dəfələrlə şahidi olmuşuq ki, xəstəni bu kimi hallarda xilas edə  bilmirlər. Yeri gəldi-gəlmədi antibiotikdən istifadə edirlər. Virus xəstəlikləri zamanı antibiotikin vurulması heç bir effekt verməz. Əksinə, müqaviməti azaldıb, xəstəliyin gedişatını ağırlaşdıra bilər. Sətəlcəm və yaxud da buna meylli olanda antibiotikdən istifadə edilir. Xüsusilə də bəzən bir yaşına qədər antibiotikdən istifadə olunur ki, bu da uşağın temperaturunun bir neçə gün düşməməsi halında tətbiq edilir. Yəni təhlükə yaranır və başqa variant qalmır. ”Prob" məsələsinə gəlincə isə bu da bir qədər mücərrəddir. Əslində reaksiyanın “prob”da elə bir əhəmiyyəti yoxdur. Doğrudur, bununla bağlı müxtəlif fikirlər, müzakirələr var. Lakin elm də sübut edir ki, bədən əgər həmin maddəyə qarşı reaksiya verirsə, “prob”da da bu, özünü göstərəcək. Antibiotik bədənə birinci dəfə yeridilirsə, çox nadir hallarda ölüm ola bilər. Çox zaman belə olur ki, həmin maddədən ikinci dəfə istifadə edilən zaman bədən buna kəskin reaksiya verir. Xüsusilə penisillin və bu qrup digər dərmanlarda şoka düşmə halları çox olur. Bu zaman isə xəstəyə düzgün yanaşılmadığı üçün onu itirirlər. Yaxşı olar ki, antibiotik amblator şəraitdə, həkim nəzarətində vurulsun. Vaxtında yardım edilərsə, xəstə ölməz".

Картинки по запросу Antibiotikdən öldü

Həkimin sözlərinə görə, yardım dedikdə şok əleyhinə addımlar nəzərdə tutulur: “Sözsüz ki, şok əleyhinə dərmanlar var. Bütün xəstəxanalarda bunlar hazır vəziyyətdə mövcuddur. Standart şəkildə bu dərmanlardan istifadə olunursa, xəstə şokdan çıxır. Lakin bəzən həkim bu məsələdə səhvə verir. Məsələn, xəstə boğulan zaman adrenalin vurulmalıdır. Ya iynə vurulan yeri blokada edirsən, ya da 2 ml adrenalini damara vurursan. Həkimlər bəzən bunu etməyib, dimedrol vurmağa tələsir. Lakin bilmək lazımdır ki, bu məsələdə dimedrol 3-cü, 4-cü mərhələ sayılır. Bu cür hallarda xəstənin ölümü baş verir. Ona görə də şok əleyhinə preparatlardan da düzgün istifadə lazımdır. Dəfələrlə şahidi olmuşam ki, xəstə dərman atıb, bədəni reaksiya verib.

Həkim isə təzədən eyni dərmanın iynəsini yazıb. Bu cür halın şahidi olmuşam ki, həkim belə halda yenidən ”prob" qoyur ki, görsün xəstənin orqanizmi necə reaksiya verəcək. Belə yanaşmalardır ki, xəstənin həyatını riskə atır. İynə vurulmadan öncə xəstənin nəyə allergiyası olduğunu öyrənmək lazımdır. Çox güman ki, ölən xəstələrin əksəriyyəti allergiya xəstələridir. Allergiya xəstəsinə bu kimi iynə vurulan zaman dərhal bronxlar qapanır və xəstəni xilas etmək mümkün olmur. Belə məqamları nəzərə almaq lazımdır. Qəti şəkildə antibiotikləri xəstənin yaxınları, həkim olmayan şəxslər vurmalı deyillər. Bu, xəstənin ölümünə səbəb olar bilər. Necə ki, biz bunun dəfələrlə şahidi olmuşuq".

"Yeni Müsavat"