FLAŞ


Xocalı soyqırımından 27 il ötür


http://cdn.musavat.com/news/thumbnails/b280d34fb65cc5a741b0902665d9ebeb.jpg

Bu gün Xocalı soyqırımından 27 il ötür.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə pisləyib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib ("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.