FLAŞ


Abituriyentlərə şad xəbər: “Bu mövzular proqrama salınmayacaq”


http://azedu.az/uploads/news/2019/01/azedu.az_kerem_memmed_borcali_634.jpg

“Repetitorluq institutu müəllimlərin aşağı nəticə göstərmələrinə səbəb ola bilməz. Ümumi xəstəlik tapmaq əvəzinə, xüsusi xəstəliklər axtarırıq. Dərsliklərə nəzər yetirmək lazımdır. Problemsiz tarix dərsliyimiz yoxdur. Bütün bəlaların başında dərsliklər dayanır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tarixçi alim Kərəm Məmmədov deyib. 

Dövlət İmtahan Mərkəzinin seminar sədri abituriyentlərə xoş xəbər verərək, onları rahat olmağa çağırıb:

“DİM ən şəffaf qurumlardan biridir. Seminarlar zamanı dərsliklərin müəllifləri də dəvət olunur. Kitablardakı problemləri bir-bir müzakirə edirik. Anlaşılmaz, çaşqınlıq doğuran məqamlar, ziddiyyət təşkil edən mövzular qəbul proqramında öz əksini tapmayacaq. Abituriyentlər bu sarıdan rahat ola bilərlər”.

Xatırladaq ki, 5 dekabr 2018-ci il tarixdə Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) Təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib. Müsabiqə imtahanları riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə təşkil olunub.

Müəllimlərin aşağı nəticələr göstərməsi sosial şəbəkələrdə və mətbuatda müzakirələrə yol açıb. İmtahanların nəticələrinə əsasən, riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

Əksəriyyət nəticənin bu qədər aşağı olmasını “repetitorluq institutu” ilə əlaqələndirir.

Məsələyə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun rəsmi mövqeyini də təqdim edirik:

“Dünyanın qabaqcıl ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir”.