FLAŞ


Stalinin sevimlisi, 105 min düşmən hərbçisini əsir götürən marşal


http://cdn.musavat.com/news/thumbnails/60dc32ee00e83242d981e2be132d6b44.jpg

O, SSRİ tarixində yeganə şəxs olub ki, iki ölkənin, SSRİ-nin və Polşanın marşal rütbəsini daşıyıb. Və hər iki rütbəni də üç illik həbsxana həyatından sonra alıb. Əfsanəvi marşalı görkəmli sərkərdə kimi bütün dünya tanıyıb. Ən əsası isə Konstantin Rokossovski İosif Stalinin ən sevimli qəhrəmanı olub...

17 yaşından ordu sıralarında könüllü xidmətə başlayan Rokossovski I dünya və vətəndaş müharibələrinin iştirakçısı olub. Uşaqlıqdan hərbçi olmağa meyl göstərən gələcəyin marşalı bu müharibələrdən sonrakı bütün həyatını hərb işinə bağlayıb.
1937-ci ilə qədər briqada, diviziya, korpus komandiri kimi xidmət edən, bacarıqlı zabit kimi tanınan, ölkəsini şərəflə müdafiə edən Rokossovski dövrün repressiya dalğalarından özünü müdafiə edə bilməyib. Qanlı 1937-ci ilin avqustunda Rokossovski yapon və polyak kəşfiyyatı ilə əlaqəli olması ilə bağlı Leninqradda həbs edilib. Heç bir sübut, dəlil olmadan o, 1940-cı ilin mart ayına qədər “NKVD”-nin Leninqrad şöbəsinin türməsində saxlanılıb.

Dəmir iradəli Rokossovskiyə işgəncələri ilə ad çıxaran Leninqrad türməsində nə qədər fiziki təzyiq göstərsələr də, o, “arzulanan” ifadələri verməyib, günahsız olduğunu sübut etmək üçün bütün işgəncələrə dözüb.

Nəhayət, “NKVD”-nin Rokossovskiyə qarşı etdiyi haqsızlığa onu yaxından tanıyan marşal Semyon Timoşenko müdaxilə edib. O, bu haqda İosif Stalinə müraciət edib. Rəhbər “öz xətti” ilə kiçik bir araşdırma apardıqdan sonra Rokossovskinin azadlığa buraxılması üçün göstəriş verib.

Rokossovski azadlığa çıxdıqdan sonra bir neçə ay Soçidə müalicə alıb, sonra onu yenidən partiya sıralarına daxil ediblər, general-mayor rütbəsi verərək 9-cu korpusa komandir təyin ediblər.

1941-45 müharibəsi illərində Rokossovski Qafqaz, Ukrayna, Belarusiya cəbhələrində sözün əsl mənasında ağılasığmaz uğurlu hərbi əməliyyatlar həyata keçirib, Moskvanın müdafiəsində əvəzsiz xidmətləri olub.

Rokossovski başçılıq etdiyi hər bir hərbi əməliyyatla Stalini təəccübləndirib.

1943-cü ildə Rokossovskinin rəhbəlik etdiyi qoşun hissələri feldmarşal Paulyusu, 24 alman generalını, 2500 zabiti, 90 min əsgəri əsir götürüb.

1944-cü ildə isə o, Stalinə göndərdiyi teleqramda yazıb: “Qərb cəbhəsində apardığımız hərbi əməliyyat nəticəsində 105 min nəfərlik alman qoşunu əsir götürülüb. Əsirlərlə bağlı sərəncam və göstərişinizi gözləyirik”.

Stalin cavab yazıb: “Başda siz olmaq şərti ilə əsir götürülənləri Moskvaya ekskursiyaya dəvət edirəm”.

Rokossovski əvvəlcə bu cavabdan heç nə anlamayıb. Bir neçə saatdan sonra ona məxfi telefonoqramma təqdim ediblər: “İosif Stalinin göstərişi ilə bir sutka ərzində Moskvada, Kremldə olmalısınız”.

Ordu generalı rütbəsində olan Rokossovski həmin gün Moskvaya yola düşüb. O, Moskvada qeyri-adi bir hadisənin şahidi olub. Əsir götürülmüş alman hərbçilərini səhərdən axşama qədər Moskvanın küçələrində addımlamağa məcbur ediblər.

Stalin Rokossovskini qəbul edib və marşal rütbəsini şəxsən özü onun çiyinlərinə taxıb. Və həmin gündən sonra rəhbər ona adı və atasının adı ilə, Konstantin Konstantinoviç deyə müraciət edib. Marşal Şapoşnikovdan sonra Rokossovski Stalin tərəfindən bu cür müraciət şərəfinə nail ikinci şəxs olub.

Marşal Rokossovski qələbənin təmin olunmasındakı xidmətlərinə görə ən yüksək mükafatlara layiq görülüb. Onun üçün ən unudulmaz tarix isə Qələbə paradına komandanlıq etməsi olub. Belə ki, Stalinin əmri ilə Qələbə paradını qəbul etmək marşal Jukova, parada komandanlıq isə marşal Rokossovckiyə həvalə olunub.

Müharibədən sonra da Stalinlə Rokossovskinin isti münasibətləri davam edib. Rəhbərin marşala qarşı xüsusi rəğbəti, ehtiramı və həm də bir-birlərinə qarşı doğma insanlara məxsus ərkləri olub.

Müasirlərinin xatirələrində də bu münasibət öz əksini tapıb.

Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirib. Ev hazır olandan sonra o böyük ziyafət təşkil edib. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edib. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyib:

-Konstantin Konstantinoviç, yetim uşaqlar üçün belə bir ev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm.

Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayıb. Sonradan Rokossovski özünə kiçik bağ evi tikib. Ancaq bu dəfə ziyafət təşkil etməyib.

Ziyafətlərdə ilk badələri xanımların şərəfinə qaldıran marşal Rokossovski qadınlara qarşı olduqca həssas insan olub. Marşal gözəl aktrisa Valentina Serova ilə sevgi macəralarına başlayanda bu haqda əlaltıları Stalinə məlumat veriblər:

-Yoldaş Stalin, marşal Rokossovski indi də aktrisa ilə sevişir. Nə tədbir görək, nə edək?

Stalin gülə-gülə cavab verib:

-Heç nə etmək lazım deyil. Sadəcə qibtə və paxıllıq edin, vəssalam…

Rokossovski ilə Stalinin münasibətlərində maraqlı məqamlardan biri də Stalinin növbəti rütbə alması ilə bağlı olub.
Müharibədən sonra silahdaşlarının İosif Stalinə Sovet İttifaqı generalisimusu rütbəsi verilməsi haqqında təklifi rəhbər az qala siyasi şouya çevirib. İlk dəfə olaraq onun bu yüksək rütbəylə təltif olunması təklifinin təşəbbüskarları yüksək çinli hərbçilər olub.

Belə ki, məsələ ilə bağlı keçirilən Siyasi Büronun iclasında çiyinlərində marşal rütbəsi daşıyan Jukov, Konev, Vasilyevski və Rokossovski də iştirak ediblər. Əvvələcə Stalin bu təklifdən imtina edib. Marşallar təkidlə çıxışlara başlayıb. Qeyd olunub ki, böyük qələbənin müəllifi məhz bu rütbəni daşımalıdır. Stalin çıxışları yarımçıq kəsərək marşallara əyləşməyi təklif edib və sonra adəti üzrə təmkinlə, özü haqqında üçüncü şəxs qismibdə yüksək çinli hərbçilərə müraciət edib:

-Siz yoldaş Stalini generalisimus rütbəsi ilə təltif etmək istəyirsiniz. Bu rütbə yoldaş Stalinə nəyə görə lazımdır? Bu ona qətiyyən gərək deyil. Yoldaş Stalin bu rütbəsiz də avtoritet sahibidir. Avtoritet sahibi olmaq üçün sizə belə rütbələr verilməlidir. Mənim isə buna ehtiyacım yoxdur. Stalin üçün siz bunların təklifinə bir baxın? Heç sözüm yoxdur sizə. Siz də marşalsınız, mən də. Məni bu sıradan çıxarmaq istəyirsiniz? Məni başa salın görüm axı, bu nə deməkdir, bu nə rütbə məsələsidir?

Bu çıxışdan sonra marşallar əməlli-başlı əziyyətə düşüblər. Hərbçilər müxtəlif tarixi faktlar göstəriblər, kitablardan sitatlar gətiriblər, rus ordusunda bu rütbəni daşıyacaq dördüncü şəxsin məhz o olacağını söyləyiblər.

Ancaq bütün bu söylənilənlərlə Stalini razılığa gətirmək mümkün olmayıb. Stalinin ağır “şıltağlığını” bilən marşallar Siyasi Büronun iclasında pərt vəziyyətdə qalıblar. Vəziyyəti belə görən marşal Pokossovski yenidən Stalindən danışmaq üçün söz istəyib:

-Yoldaş Stalin, mən də marşalam, siz də marşalsınız. Rütbələrimiz eyni olduğuna görə siz məni heç vaxt cəzalandıra bilməyəcəksiniz.

Marşalın belə cəsarətli yarızarafat-yarıciddi fikri Stalinin xoşuna gəlib. O, xətrini çox istədiyi marşal Rokossovskinin fikrinə təbəssümlə münasibət bildirib:

-Konstantin Konstantinoviç, sizi cəzalandırmaq zövqündən məhrum olmamaq üçün Sovet İttifaqı generalisimusu rütbəsini daşımağa razılıq verirəm.

1949-cu ildə Polşa prezidenti Boleslav Berut Stalinə müraciət edərək Rokossovskinin Polşa müdafiə naziri vəzifəsinə təyin olunmasına etiraz etməməsini xahiş edib. Stalin bu təyinata müsbət reaksiya verib. Beləliklə, Rokossovski Polşa marşalı rütbəsində 1956-cı ilə qədər Polşanın müdafiə naziri vəzifəsində işləyib. Qeyd edək ki, Konstantin Rokossovski milliyətcə polyak olub və Varşavada anadan olub.

Polşada hakimiyyət dəyişdikdən sonra yenidən SSRİ-yə qayıdan Rokossovski müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

1957-ci ildə Xruşov Rokossovskidən Stalinin əleyhinə mətbu oraqanlarda çıxış etmək tələbini qoyanda marşalın cavabı sərt və kəskin olub:

-Mən heç vaxt bunu etməyəcəm, Stalin mənim üçün müqəddəsdir…

Bununla da Rokossovski müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılaraq aşağı vəzifəyə keçirilib.

Rokossovcki uzun illər prostat vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkib. 3 avqust 1968-ci ildə elə bu xəstəlikdən də vəfat edib.
 
Marşal Rokossovckinin yandırılmış nəşinin külü Kreml divarlarında yerləşdirilərk üzərinə mərmərdən xatirə lövhəsi vurulub.
 
İlham Cəmiloğlu, Musavat.com