FLAŞ


Direktor olmaq istəyənləri müsahibə zamanı ən çox bu suallarla çaşdırırlar


http://azedu.az/uploads/news/2018/11/azedu.az_46654913_2208714736083479_3254154707085557760_n_934.jpg

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsi artıq  yekunlaşıb. İmtahanda minimum 40%  nəticə göstərənlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar. Müsahibə mərhələsi ilə bağlı məlumatlar yaxın vaxtda namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

AzEdu.az yaxın vaxtda baş tutacaq müsahibə mərhələsində iştirak edəcək direktorlar üçün maarifləndirici yazıları davam etdirir.

Müsahibədə  namizədlərə şəxsi dünyagörüşünü yoxlayan praktiki suallarla yanaşı təhsil hüququ ilə bağlı suallar da ünvanlanır.

Sual:

Müsahibədə ümumi təhsil hüququ ilə bağlı gözlənilən və oxşar olduqlarına görə namizədləri ən çox çaşdıran iki sual isə bunlardır:

-Azərbaycanda təhsilin hansı formaları tətbiq olunur?

-Azərbaycanda hansı təhsilalma formaları tətbiq edilir?

Cavab:

İlk baxışdan eyni görünsə də, bunlar tam fərqli cavab tələb edən suallardır.

“Təhsil haqqında” Qanununun 12-ci maddəsinə görə ölkəmizdə təhsilin bu formaları tətbiq olunur:

-Formal;

-İnformal;

-Qeyri-formal.

Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmək başa düşülür.

Qeyri-formal təhsil isə müxtəlif kurs, dərnək və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə sonlanmayan təhsil formasıdır.

“Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə Azərbaycanda aşağıdakı təhsilalma formaları müəyyən edilir:

-Əyani;

-Qiyabi;

-Distant;

-Sərbəst (eksternat).

Sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən formadır.

“Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na görə distant və eksternat formada bakalavr hazırlığı Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələrə uyğun olaraq həyata keçirilir. Lakin qeyd olunan əsasnamələr bu günədək təsdiq edilməyib.

Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin müddəti 4-5 ildir. Qiyabi təhsilin müddəti isə 1 il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların tədris proqramlarına uyğun müəyyənləşdirilir.

Bundan əlavə, qeyd olunan təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil də təşkil oluna bilər.

Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada digər təhsilalma formaları da tətbiq oluna bilər.