FLAŞ


Tərbiyəsiz tərbiyəçi...


http://qafqazinfo.az/uploads/1528779535/01.jpg

Raminə Eyvazqızı

Bakı Şəhər İcra Hakimiyyətinin  rəsmi internet saytındakı son xəbər 2015-ci il 1-ci Avropa oyunları ilə bağlıdır. Bir də son gül bayramının şəkillərindən ibarət fotossesiya bəzəyir baş səhifəni. Bilmirəm, eks-icra başçısının gül bayramının ləğvindən sonra incikliyindəndirmi, ya o boyda İcra Binasının içində informasiya texnologiyaları üzrə mütəxəsislər qəhətdirmi, əhali sayının çoxluğundan paytaxtlığından çıxan Bakının son halı haqqında xəbərsiz qalmışıq. 

Rəsmi internet səhifəyə daxil olub heç nə haqqında məlumat ala bilməzsən, qanunvericilikdən başqa. Bir də Hacıbala müəllimin rəhbərliyi üçün darıxanlar onun şəklini və haqqındakı məlumatı səhifədən hələ də yığışdırmayıblar. Əgər sayt işləməsəydi, heç ölkə rəhbərinin yeni təyinatlarla bağlı  sərəncamını da ora yerləşdirməzdilər. Deməli, sayta baxanı var. Uşaq bağçalarına cavabdeh İcra hakimiyyətinin işindənsə, heç danışmağa dəyməz, çünki kimin harada və necə “yeyib “ çeynədiyi hələ də bəlli deyil.  

Bu yaxında  Bakıda  Virciniya Universitetinin professoru Cef Sousun data (açıq məlumatlar) məlumatlara dair maraqlı təlimi vardı. Cef müəllimə deyəndə ki, Bakıda yerləşən uşaq bağçalarının sayı və harada hansının işləməsi barədə məlumatı tapa bilmirik, çox təəccübləndi. Onların ölkəsində çox işlər, təşəbbüslər  dövlətdən yox, vətəndaşlardan gəlir axı. Misal üçün, Virciniyada uşaq bağçaları barədə məlumatı bilmək istəyən hər vətəndaş  saysız rəsmi və qeyri-rəsmi saytlarla məlumat toplaya bilərlər. Hətta onlarda  hansı bağçada boş yerin olması dərdi də yoxdur. Çünki uşaqların bağça həyatı cəmiyyətin stabil istəklərindən, reallığından biridir. Yoxsa bizdəki kimi. Bağçada yer yoxdur, pul verib, əlavə çarpayı gətirdib öz hesabına uşaq yerləşdirmək  kimi qayğılarımız var. 

Düzü, Cef müəllimi daha çox təəccüb içində boğmadım ki, kişi bura niyə gəldiyinə peşman olmasın. Baxmayaraq ki, hələ də Bakıda yerləşən və işləyən bağçaların data xəritəsini yaratmaq kimi arzum ürəyimdə qalıb. Axı bunun nəyi pisdir? Vətəndaşın işini asanlaşdırmaq, işləmək istəyən ana, evdə ərköyünlüyün qarşısı alınması üçün bağçaya yazılacaq uşağın adam kimi formalaşması.  Açıb baxırsan xəritəyə. İstədiyin vaxt bağçanın yerini-yurdunu öyrənirsən. Neçə boş yer var, məsələsini çözürsən. Amma ölkənin çox cüzi hissəsi  uşağı bağça tərbiyəsi görürsə, müdir  qadınlar hər yerə “boş yerimiz yoxdur” yazıb gözümüzə soxursa, ardınca dövlət bağçası qəbul üçün 300-500 manatdan dəm vurursa, görəcəyim iş rüsvayçılığın nümayişindən başqa heç nə olmayacaq. Hamı bilir, amma susur.

“Kids studio” adlı özəl bağçadakı uşaqsilkələmə videosunu izləyənlər bir neçə fikirli insanlar idi. Ana uşağına özü niyə baxmır ki? O boyda pul verib, uşağını döyəcəklərsə, niyə bağçaya pul ödəyirlər.  Bir qisim anaları qınadı, bir qismi özbaşına bağça sistemini.  Bir qismi də başıpozulmuş tərbiyəcini söydü. Bağça rəhbərinin məntiqsiz sərsəmləmələri isə bir başqa müzakirələrə səbəb oldu. Güya videolardan xəbərsizdir, indi bizimlə izləyib. Əslində burada əsas məqam budur. Özəl bağçaya uşaq qoyan valideynlərin çox halda övladlarını onlayn formada izləmək imkanları olur. Müdirlərin otağında isə bütün  kameraların  görüntüsünü ötürən monitor yerləşir. Sözsüz, müdir qadın hər şeydən xəbərdardır, sadəcə özəl bağçaya da işə düzəlmək pulla olduğundan (3-4 min manat) o tərbiyəsiz tərbiyəçinin rəftarından agah imiş.  Nə yaxşı ki, işdən qovulan biri oldu və videonu hər kəs görə bildi. Deməli, kimsə işdən qovulmasa, səsini çıxarmaz. Ta ki, küsdürüləndən sonraya qədər.  Allah bilir bu bağçalarda  uşaqlara nələr edirlər, heç xəbərimiz  də yoxdur.

Maraqlı orasındadır ki, özəl bağçalara kim baxır, kim nəzarət edir məsələsi də havada asılı qalıb. Ölkədə hələ də bilən yoxdur ki, qeyri-dövlət bağçasının yeməyindən, işçi heyyətindən, həkimindən, tədrisindən kim məsuliyyətlidir. Bakı Şəhər İcra Hakimiyyəti yalnız sayını gizlətdiyi bağçalrı qamarlayıb, onlarla baş qatır. Bağça mətbəxlərində yemək qoxusu verən müdir qadınlarla (istisnalar var) birgə uşaqlara veriləcək qida rasionuna daxil olan ərzağın necə oğurlanması planlarını qurur, yeniləyir. Təhsil Nazirliyi özəl bağçaların heç nəyinə qarışmadığına and-aman edir. Ona görə də, belə bağçalarda uşaqların öyrəndiklərinin ölçüsü, mənası tam aydın deyil. Yerli icra orqanlarının monopoliyalarında olan özəl bağçalarının vəziyyəti doğrudan  da, qaranlıq qalır. Kimə kimdən şikayət olacaq, bilən yoxdur. 

Əslində baxçanın adı “Kids Studio”  adlanırsa, bu ad altında nə isə axtarmaq lazımdır. Studiya nədir? Olmaya bura çəkiliş məkanıdır. Seriallara baxmaqdan çaşmış tərbiyəçilər rola girirlər, uşaqlarla davranmaq üçün eksperiment keçirirlər. Hamısı elədir. Uşağa qarşı pis davranan tərbiyəçinin yanından keçən həmkarlarının soyuq davranışları buna işarədir. Onlar bağçaya özgə uşağının qayğısına qalıb, zəhməti qarşılığında pul qazanmağa gəlməyiblər. Kiçik uşaqlara zorakılıq edənlər ya işə düzəlmək üçün verdiyi rüşvətin mayasını çaxarmayanlardır, ya da uşaq psixologiyasından 2 aylıq kurs bitirənlərdir. Ya da ciddi psixi pozğunluğu olan kəslərdir. Onlara uşaq həvalə edən müdir tayfasına ar olsun!

Qafqazinfo.az