FLAŞ


Bilik “əlinizin altında”


http://cdn.musavat.com/news/thumbnails/8c55c38e642ee08d31df4449d1f062dc.jpg

Sevinc Telmanqızı

 

Günorta saatlarında məktəbdən evə gəlib, tez-tələsik bir tikə çörək yeyən, hazırlıqlara(biz el dilində buna “müəllim yanına”) qaçan uşaqları görəndə mənim ürəyim ağrıyır. Ona görə yox ki, əziyyət çəkirlər, dərs oxuyurlar, qarda-yağışda yol ölçürlər. Təhsil uğrunda çəkilən əziyyət müqəddəsdir. Bilik almaq, savadlı biri olmaq üçün gedilən hər cür məşəqqətli yola varam. Mən “onsuz da oxuyana bu ölkədə qiymət verən yoxdur” demaqoqiyasından uzağam. Çünki bilikli-bacarıqlı insanların hər zaman həyatda özünə yol açdığının, aça bildiyinin şahidi olmuşam. Öz üzərində çalışmaq bütün hallarda divident olaraq insana qayıdır.

Amma yazının ilk cümləsindəki ürək ağrım tamam başqa mətləblərlə bağlıdır. İl olub 2018, amma bizim uşaqlar hələ də “da, də”nin bağlayıcı, ədat və ya hal şəkilçisi olduğunu öyrənmək üçün həftədə 2-4 dəfə hazırlığa gedirlər. Ya da Səfəvilər dövlətini, Çaldıran döyüşünün tarixini əzbərləməkdən ötrü ata-anaları ayda 60-70 manat pul verir. Hələ ingilis dilindən felin zamanlarını öyrənmək üçün 7-8 nəfərlik qruplarda həftədə 4 dəfə hazırlığa getmək üçün 100 manat ödəyənləri demirəm. Niyə? Hansı səbəbdən?

90-ların sonundan başlanan özəl hazırlıq dəbi çılğn hal alıb. Hazırlıqlar artıq 1-ci sinifdən, hətta ondan öncədən də başlanır. Bütün kursların qiyməti də “ceyran belində”. Halbuki bir qədər diqqətli valideyn və çalışqan abituriyent olsa, bütün bunların heç birinə ehtiyac qalmaz. Açırsan interneti (Allaha şükür, bütün evlərdə var), youtube kanalını. Bütün onlayn dərslər, məşğələlər adamın gözünə girir. Sözün yaxşı mənasında. Məsələn, 9-cu siniflər üçün “Kvadratik funksiyanın tətbiqi ilə məsələ həlli” mövzusu. Ya da Azərbaycan dilindən “Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasıdandakı məna əlaqələri”. Müəllimlər çeşid-çeşid. Azərbaycanca, rusca, türkcə. İstədiyin müəllimi seçib, onun dərsini dinləyirsən. Test kitabları - dənizə tök. Müəllim, kitab, testlər “əlinin altındadırsa”, bu qədər çabaya və izafi məsrəfə nə gərək var?

O gün uşağa evdə “Qavroş” kitabını axtarırdım, tapa bilmədim. Həvəsinin qaçacağından qorxub, axtarışı yarıda kəsdim. Açdım interneti, əsərin internet versiyası bir tərəfdə, “Məktəblilər üçün oxu” layihəsi o biri tərəfdə. Hətta bir sayt var idi(adı yadımda qalmamışdı), Qaxda bir məktəb müəlliməsi klassiklərin əsərlərindən özünəməxsus şivəsi ilə hissələr oxuyurdu. “Məktəblilər üçün oxu” layihəsi isə internet-kompüter-telefon əsrinin uşaqları üçün lap göydəndüşmədir. Tanınmış insanlar uşaqlar üçün məşhur əsərlərdən parçalar oxuyurlar. Yəni, mütaliə məsələsi də bu formada sevdirilir, aşılanır.

Gerçəkdən də internetdə “yox yoxdur”. Anlamadığın bir dərsi heç bir minnət götürmədən, pul ödəmədən, əlavə yerə getmədən canlı-canlı professional müəllimlərdən dinləyirsən. Anlamadınmı? Bir daha başdan dinlə, bir daha, bir daha... Ta ki, anlayana qədər. Testlər dərya qədər, tapşırıqlar, onların həll edilmə qaydaları da həmçinin. Sanki evdə canlı müəllimlərin var, sənin yemək yeyib, çayını içib dərsə gəlməni gözləyirlər. Bir neçə dərsə maraq üçün özüm qulaq asmışam. Necə aydın, necə izahlı və necə səviyyəli...

Hətta bizdən öncəki nəsillərin dövründə özəl hazırlıq, internet olmadığını nəzərə alanda ali məktəbə hazırlaşmaq, institutda oxumağın heç bir əlavə məsrəf tələb etmədiyini xatırlayıb, bugünkü valideynlərin də, uşaqların da çəkdiyi çilələr mənə qəribə gəlir. Valideynlər bu bahaçılıq şəraitində min bir əziyyətlə qazandıqları məvacibin tən yarısını özəl hazırlıqlara səpələyirlər. 4 müəllim yanına gedən abituriyent ailənin büdcəsinə 400 manat yük deməkdir. Və siz bu prosesin 8-ci sinifdən başladığını təsəvvür edin. İlin 9 ayı... Ödənişli təhsil kimi bir sistem.

Mən özəl hazırlığın, kursların ölkəmizdə, valideynlər arasında dəb halına gəldiyini düşünürəm. Bəli, dəbdir. Kimsə qonşudan geri qalmaq istəmədiyi üçün bu oyuna girir. Halbuki lazımi ədəbiyyat, uşağa bir qədər artıq diqqət, nəzarət və dediyim o onlayn dərslər işin açarıdır. Adamlar hazırlıq sistemini internetə daşıyıblar: dərs-dərs, bölüm-bölüm danışırlar, izah edirlər. Test həll edirlər, yanlışları göstərərək, yanılma payını vurğulayaraq. Çoxmənalı sözlə omonimi bir-birindən fərqləndirmək üçün bir müəllimi neçə dəfə dinləmək lazım gələ bilər axı?

Ailə büdcənizə qənaət edin. Hazırlıq dəbi ən yaxşı halda sizi qonşu ilə ayaqlaşdıracaq.  Ali məktəbin qapılarını açacaqmı? Hər zaman yox.

Musavat.com