FLAŞ


Məktəb direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırdı


http://news.lent.az/upload/images/news/2018/january/18/big/feab16d908e4b0b4f44bf18761a1ac4e.jpg

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.  

Lent.az xəbər verir ki, 2017-ci ildə pedaqoji təhsilini başa vuran və Bərdənin Hacıallı kəndində yerləşən 1 saylı orta məktəbə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı qızın Tural Zeynalov tərəfindən qaçırılması məlum olub. Bildirilir ki, T. Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.

O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış.  Əvvəlcədən hazırlıq görən T. Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.

Qeyd edək ki, qaçırılan qız Şəmkir rayon sakinidir. Onun valideynləri artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar. Qaçırılan qızın başqasına nişanlı olduğu bildirilir.

Modern.az saytı Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq məsələnin detallarını öyrənməyə çalışıb.

Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda tərəflərin öncədən razılığı qeyd edilib.

“Siz buna necə qaçırılma deyirsiz?! Bunlar ali təhsilli insanlardır. Bunları zorla qaçırmaq olar?!  Onlar ailə həyatı qurublar. Özlərinin razılığı olub. Müəllimə xanım Goranboydan gəlib kəndin sakinini sevib və ailə qurublar. İndi ailə quran cütlükdə nə axtarırsız?! Məqsədiniz nədir?! Onu başa düşmürük. Burada pis bir hadisə baş verməyib ki!”.