FLAŞ


Evdən qaçan məktəblilər: "Bulvara getdik ki..."


http://news.lent.az/upload/images/news/2017/december/25/big/becdecb7ecf2d3eaa7d0b0b694d50d66.jpg
"Bakıya gəzmək üçün getmişdik. Yolkaları televizorda görmüşdük. Bulvara getdik ki, onları görək". APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, bunu valideynlərindən xəbərsiz şəkildə Bakıya qaçan 14 yaşlı Cəlilabad məktəblisi Xalid Əliyev deyir.
 
O, həmyaşıdı İsmayıl Əmənovla 3 gün bütün ölkə ərazisində axtarılıb. Axtarışlar uşaqların Bakı şəhərində tapılması ilə yekunlaşıb: "Maşına mindik, getdik bulvara. Ondan sonra xəbər aldıq ki, axtarışdayıq. Dostumla bir yerdə vətəndaşın biri yaxınlaşıb dedi ki, sizi axtarırlar. Biz də ondan sonra nömrə filan verdik, danışdıq. Sonra dayımgil gəlmişdi, qayıtdıq. Biz səhv etmişik, bir də belə olmaz. Öz yaşıdlarıma da deyirəm, icazəsiz getmək olmaz".
 
Məlumata görə, hər iki şəxs Bakının "Torqovı" kimi tanınan “Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getmələrinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. İsmayılın babası Vaqif Manafovun sözlərinə görə, onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub: "Mən həddimdən artıq sevincliyəm. İki gün mənim üçün zindan kimi oldu. İndi Allahıma şükür edirəm. Sizə çox sağ ol deyirəm, minnətdaram! Sizin köməyinizlə oldu".
 
İsmayılın anası Yeganə Əmənova da jurnalistlərə təşəkkürünü bildirib: "İsmayıl yanımdadır, çox sevinirəm. Allahıma min şükür olsun! İsmayılımı Allah qaytardı mənim özümə. Sizin köməkliyinizlə. Təşəkkür edirəm sizə! Uşaqlara da deyirəm: ata-ananızdan icazəsiz heç yerə getməyin!"
 
Qeyd edək ki, Cəlilabad şəhər sakinləri Xalid Əliyev və İsmayıl Əmənov dekabrın 21-də  səhər tezdən məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Yeniyetmələr şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləridirlər.