FLAŞ


Ucqar kəndin gənc müəllimi: "Maaşım ehtiyaclarımı tam ödəmir"


http://modern.az/uploads/news/ucqar_876_2060286405_n1511938503.jpg

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

Budəfəki müsahibimiz Balakən rayon Qazbölük kənd orta məktəbinin texnologiya müəlliməsi Narıngül İbrahimovadır:

-  Əvvəlcə, sizi tanıyaq. Nə zamandan belə ucqar kənddə dərs deməyə başlamısınız?

- Mən İbrahimova Narıngül Məhəmməd qızı 1991-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşam. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşam, 2014-ci ildə isə  oranı bitirmişəm. 2017-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak etdim və 43 balla Balakən rayonunun Qazbölük kənd tam orta məktəbinə işə qəbul olundum. Artıq bir neçə aydır ki, bu kənddə yaşayır və çalışıram.

- Bildiyimizə görə, Sumqayıt şəhərində yaşamısınız. Paytaxta yaxın bir şəhərlə ucqar dağ kəndinin və məktəbinin  şəraiti arasında nə kimi fərqlər var? 

- Kənd ucqarlarda yerləşsə də, buradakı şərait yaxşıdır. Sosial-məişət  imkanları normaldır. Eləcə də məktəbi… Buradakı məktəb binası yenidir; 2011-ci ildə tikilib. Bu səbəbdən, məktəbdə müasir sinif otaqları, idman zalı, fizika, kimya  laboratoriyaları mövcuddur. Həmçinin, məktəbdə bu aylar üçün ən əsas şey- istilik sistemi də var.


- Hiss olunur ki, artıq həm kəndə, həm də onun məktəbinə alışmısınız. Bəs ilk gəldiyiniz günlərdə bura sizdə nə kimi təəssürat bağışladı?

- Elə bura gəldiyim ilk günlərdəcə, kəndin həm özü, gəm də insanları mənə xoş təsir bağışladı. Buranın çox gözəl mənzərəsi, təmiz havası, mehriban insanları var. Kənd qazla təmin olunub. İşığı, suyu daim var. Küçələri də asfaltdır. Yəni, başqa kəndlərdə yaşanan sosial problemlər burada demək olar ki, yoxdu. Havası da çox sərt deyil. Qışın yaxınlaşmasına baxmayaraq, havalar bir o qədər də soyuq keçmir. Sakinləri mehriban olduğu kimi, kənd məktəbinin müəllim kollektivi də çox səmimi və mehribandılar. Məktəbin direktoru Abakər müəllim başda olmaqla hamısı çox mehriban insanlardı. Müəllimlərin çoxu elə bu kəndin öz sakinləridir.  Kənardan gələn mənim kimi müəllimləri darıxmağa qoymurlar.

- Şəhər mühitindən ayrılan gənc müəllimənin kənddə yaşadığı ən birinci problem ev və onun sosial şəraitsizliyidir. Siz bu problemlə üz-üzə qalmısız?

- Kirayə qaldığım ev məktəbə yaxın yerləşir. Piyada 10 dəqiqəlik məsafədir. Ev sahibləri və iki müəllimə ilə birlikdə qalıram. Evin şəraiti çox yaxşıdı. Əsas lazım olan su, işıq, qaz var. Qalıb bircə yaxşı işləmək. Elə biz də bunu edirik. Səhər tezdən oyanıb, məktəbə yollanır, sonra da dərsimizi deyib, evə qayıdırıq.

Otaq yoldaşlarım da bu ucqar kəndə kənardan gələn müəllimələrdi. Onlarla bir-birimizi çox yaxşı başa düşürük. Kimin işi olursa, o biri ona kömək edir. Yemək bişirmə, təmizlik, bazarlıq işlərində növbələşmə və iş bölgüsü yoxdu. Kimin əli nəyə çatırsa, onu da edir.

Bu evə ilk yerləşdiyimiz günlərdə otağa yarasa girmişdi. Üçümüz də bərk qorxduq. İndi xatırladıqca gülürük. Bundan başqa o evdən narazı qaldığımız məqam olmayıb (gülür).

- Texnologiya fənnini tədris edirsiniz. Yeni predmetdir. Layihəmizdə sizdən əvvəl bu fəndən dərs deyən müəllim olmamışdı. Bizə fənniniz və tədris metodunuz haqqında danışın…

- Texnologiya – bacarıq, əl qabiliyyəti, ustalıq, mədəniyyət  haqqında bir elmdir. Mən də çalışıram ki, uşaqların əl qabiliyyətlərini, bacarıqlarını üzə çıxarım.

Dərs zamanı həm nəzəri olaraq kitabdan istifadə edir, nəzəri məlumatı mənimsəyir, həm də praktiki olaraq, qrup işləri görürük. Şagirdlərə qrup işləri verirəm. Ev tapşırığı olaraq, hər hansı məmulatın hazırlanmasını onlardan istəyirəm. Keçdiyim mövzuya uyğun olaraq, evə praktiki iş verilir. Bu əsasən, hər hansı fiqurun düzəldilməsi, hansısa əl işinin hazırlanması olur.  Bəzən, özüm nümunə üçün düzəltdiyim əl işlərini dərsə gətirirəm.

Texnologiya fənninin dərsləri də kurrikulum metodu ilə keçirilir. 


- Fənniniz daha çox yaradıcı və əl qabiliyyətinə söykənir. Yəni o biri fənlərdən mütləq mənada seçilir. Maraqlıdır, ucqar kənddə yaşayan uşaqların və valideynlərin bu fənnə münasibəti necədir?

- Şagirdlərin də, valideynlərin də dərsimə münasibəti normaldır. Əl qabiliyyəti olan uşaqlar burada çoxdu. Düzəltdiyimiz əşyaları tədbirlərə göndərmişik. Elə işlərimiz də var ki, hal-hazırda yarımçıqdır. Şagirdlərlə hər dərs onların üzərində işləyirik.

- Ucqar kənddə bir texnologiya müəlliməsinin ilk dərs günü bizim üçün çox maraqlı olardı. Bu barədə bizə nə danışa bilərsiniz?

- İlk dərs günüm çox maraqlı keçdi. Uşaqlar mənlə də, dərsimizlə də çox maraqlandılar. Xeyli suallar verirdilər, mən də bacardığım qədərilə cavablandırırdım. Amma ən birinci təbii ki, sinfin yaradıcı və əl qabiliyyəti baxımından istedadlı uşaqları ilə tanış oldum. Sonradan onların əvvəllər hazırladığı əl işlərinə baxdım.

- Dərs dediyiniz kənd azsaylı xalqlardan birinin yaşadığı ərazidir. Təbii ki, hamımız Azərbaycan vətəndaşlarıyıq. Amma yenə də dil amili bəzən çətinlik yaşada bilir. Siz belə çətinliklə üzləşməmisiniz ki?

- Bəli, burada əsasən, avarlar yaşayır. Amma məktəbdə tədris Azərbaycan dilində aparılır.  Mən dil baxımından heç bir çətinlik yaşamamışam. Çünki uşaqlar Azərbaycan dilində də təmiz danışa və yaza bilirlər.

Avar olduqları üçün yalnız ad və soyadları fərqlidir. Elə adlar var ki, mən onları ilk dəfəydi eşidirdim. İlk dərs günlərində uşaqların adlarını tələffüz etməkdə çətinlik çəkirdim. Bəzi siniflərdə iki-üç uşağın adı həm çətin, həm də eynidir. Belə olduqda onların həm də soyadlarını yadda saxlamalı idim ki, bunun özü də çətin idi. Çırınqova Umuksu, Çukayev Tinamahama, Behalova Əminət, Taşrayeva Raida və s…

- Texnologiya fənninin bəzi əsas fənlərlə nisbətdə dərs saatları az olur. Bu, sizin maaşınıza nə dərəcədə təsir göstərir? Ümumiyyətlə, maaşdan nə dərəcədə razısınız?

- Hələlik, həftədə 5 saat dərsim var. Maaşları vaxtında alırıq. Dərs saatım az olduğuna görə, maaşım da azdır. Maaşdan əlavə həvəsləndirmə olaraq, 60 manat pul alıram.

Amma düz deyirsiz, texnologiya fənninin dərs saatı azdır. Maaşım bir çox ehtiyacımı tam olaraq ödəməsə də, işləməyə həvəsim çoxdur.  Bu, mənim üçün bir təcrübədir. Həm də peşəmi çox sevirəm.

- Bu layihədə xeyli sayda müsahibələrimiz olub. Bəzi müəllimlər kəndlərdə qızların təhsildən uzaqlaşdırılmasına etiraz ediblər. Sizin kənddə elə bir hal yaşanıbmı? 

- Qazbölük kəndində aşağı siniflərdən qızları məktəbdən çıxarmaq kimi hallar yoxdu. Bayaq dediyim kimi, məktəbdə müəllimələrin çoxu elə bu kəndin öz sakinləridirlər. 

- Bizə kənd mənzərələrindən də danışa bilərsinizmi?

-  Bura gələnə qədər heç zaman kənd mühitində yaşamamışdım. İlk dəfədir ki, uzun müddətliyə bir  kənddə yaşayıram. İlk günlər çətin olsa da, sonradan alışdım. Payızdı deyə, indi kənd təsərrüfatı ilə məşğul olunmur. Amma buna marağım var. Hətta heyvanlara baxmaq da mənə maraqlı gəlir. Cücələrə də dən verirəm. İçməli suyu bulaqdan gətiririk. Bulaq evimizdən çox da uzaq deyil. Elə qızlarla birgə gedib, su gətiririk.

- Hiss olunur ki, çox bəyənirsiniz. Amma təbii ki, bir gün bura ilə sağollaşacaqsınız. Gələcəklə bağlı planlarınız nədir?

- Gələcək üçün hələlik bir planım var: peşəkar müəllimə olmaq!

Modern.az