FLAŞ


Maşın-maşın rəzillik...


http://cdn.musavat.com/news/thumbnails/a1707daeee022f79919c256bd362b976.jpg

Deyirlər, yenə bir düjün manıs yığışıb bir maşının ətrafına... Ana-bacı söhbəti, söyüş, qarğış havada uçuşur. Bəli, adına şoumen deyilən adam və onun təmsil olunduğu telekanal da bu rəzalətdən zövq alır, reytinq yığır, reklamdan gəlir əldə edir, bir sözlə, qazanır. Bizim kimi evindən milli telekanalları əskik edən adamlar da xəbər almaq üçün saytları açanda bu rəzilliklər evimizə, gözümüzə soxulur. Bəli, baxmırıq. Bəli, hər gün orda baş verənləri təqib etmirik. Açığı, çoxumuz heç bilmirik ki, o yarışın mahiyyəti nədir. Sadəcə, bildiyimiz odur ki, orda hamı bir-birini söyür və ya söymək zorundadır. Necə deyərlər, azərbaycanlılar çoxdan gözlədikləri və həsrətində olduqları verilişə qovuşublar. 

İndi özünü ağıllı göstərmək istəyən biri çıxıb deyəcək ki, dünyanın hər yerində belə şou proqramlar var, qalmaqalsız şou olmaz, müğənni-artist tayfasından atom parçalamağı gözləmək doğru deyil, onların işi şoudur və bla-bla-bla.... Amma mən razılaşmayacam. Çünki həmin verilişlərin yayımlandığı digər ölkələrin telakanallarında paralel olaraq, həm də siyasi debatlar, tok şoular, təhsil, səhiyyə haqda verilişlər yayımlanır. Yəni, siyasətçi də canlı yayım zamanı studiyada su dolu bardağı opponentinin başına çırpır. Demokratik ölkələrdə bunun olması izahediləndir. Üstəgəl, orda adına şou biznes deyilən industriya yüksək səviyyədə inkişaf edib. Disk satışı, konsertlərdən əldə olunan gəlir, bununla paralel gələn reklam təklifləri... Bəli, hamısı sənətçinin alın təri ilə qazanmasına yol açır. Bizlərdə isə bütün pəncərələri, nəfəslikləri qapadıblar. Manısı təbliğat konsertinə çıxarırlar, çıxmayanı qara siyahıya salırlar, camaat heç toyuna da çağırmır. Reklam, disk, konsertdən gələn gəlir haqda isə heç danışmağa dəyməz. Bütün bunları adına “sponsor” deyilən o sehrli çubuq həll edir. Belə bir ölkədə, belə bir şəraitdə bu cür veriliş hazırlamaq isə... açığı, tamaşaçının zəkasına, intellektinə tüpürməyə bənzəyir. Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız...

Milli kanallarda ancaq burun suyunun müşayiəti ilə ailə-tale verilişləri qalıb, bir də bu cür ucuz şoular. Hətta o “filankəs itdi, bəhmənkəs arvadını atdı” sayaq proqramlarda da problemin əsl mahiyyətini heç kim aça bilmir, açmağa cəsarəti və ya icazəsi yoxdur. Anlaşılmır ki, 9 milyonluq bir ölkənin yarıdan çoxu niyə kəndlərdəki imarət kimi evlərini boş qoyub, düşüblər Rusiyanın çölünə. Niyə ali təhsilli adamlar gedib kafelərdə qab yuyurlar... Bu verilişlər də şou mahiyyətlidir. Hay-küy, isterika, gap-gop, qoyma gəldi...

Halbuki normal reklamı, reytinqi, səviyyəsi olan kanallarda hər şeyin öz yeri olur. Reklamı reklam yerində verirlər, serialı, filmi film yerində, tok şousu da üstəgəl. O gün internetdə bir yerli kanalın çəkdiyi seriala gözüm sataşdı. İnsafən, komik bir sitkom çəkmişdilər, baxıb, xeyli gülürdün. Amma serialın yarıdan çoxu bunlara sponsorluq edən firmanın reklamı ilə dolu idi. Ssenariyə salmışdılar, dialoqlar düzəltmişdilər. “Gizli reklam” deyilən anlayışın anasını ağlatmışdılar. Özünə hörmət qoyan heç bir kanal bu cür ucuz reklama getməz. Təsəvvür edin, siz serialdan gülüş qazanacağınızı düşünürsüz, amma o, sizə hansısa qabyuyan şampunu reklam edir. Məsələn, belə: “Arvad, bu şampunla qab yerinə səni yusam, necə olar?” Nə anladım mən bu serialdan? Reklama parodiya deyilmi?

Bir yazar dostum sosial şəbəkələrdə bu veriliş barədə müzakirələri oxuyandan sonra ilk ağlına gələn sual bu oldu: Sən bilmirsən, o əlini maşının üstünə qoyanlar ayaqyoluna getmək istəyəndə nə olur? Adamın veriliş haqda sıfır anlayışı var, elə mənim də. Elə neçə gündür, ikimiz də o haqda düşünürük. Amma ilkin cavabı artıq özümüz tapmışıq. Sadəcə, xalqdan ayıbdır, açıb-ağartmaq olmur.