FLAŞ


Kişilər əlləri cibində darıxır…


http://qafqazinfo.az/uploads/1495606581-6256.jpeg

Aysu Kərimova

Ümumiyyətdə "Gəlin tanış olaq" - deyə başlanılır bütün söhbətlərə. Dəyərli oxucu, gəlin tanış olaq. Mən-  övladlarınıza, mənə, sənə əminli, sağlam, aydın gələcək vermək istəyən memardan, müəllim-dən danışmaq istəyirəm bu gün. 

Düzdü, bu gün 5 oktyabr deyil. Başa düşürəm bu gün heç Beynəlxalq səciyyə də daşımır. Axı millət olaraq öyrəşmişik, böyük insanları, tarixi hadisələri, taleyüklu mövzuları, ağrılarımızı bir günə sığışıdırıb, haqqında məzmunsuz pafoslu statuslar qusmağa...
 
Əlqərəz. Sözümün canı bu günün tarixi falan deyil. Məni düşündürən sual başqadı. Bu gün niyə onlar rahat və xoşbəxt deyillər. Niyə unudulurlar? Niyə bu gün Azəbaycanda universitetlərin pedoqoji auditoriyalarında "qadınlaşma" gedir? 

Əlbət, şüurlu adamlarıq düzdürmü? Cəmiyyətin görən gözünün müəllim olduğunu şəksiz-şübhəsiz hamımız dərk edirik. Bəs, hansı səbəbdən o göz bizdə kordu? 

İşə dərs başlamamışdan bir saat qabaq gələn, dərs bitəndən bir saat sonra kitabxananın sakit bir küncündə hansısa kitabın üstünə əyilib səbrlə qeydlər götürən, əlində həmişə portfel, beli çox vaxt bir az əyri, saçları seyrəlmiş, ilboyu eyni paltarı geyinən, öyrətdiyini başa düşən bir nəfər görəndə gözləri işıq saçıb, üzü gülən, içi intəhasız bir fərəh hissi ilə dolan... Bu müqəddəsləri zəlil edən nədir?

Niyə bir ölkənin gələcəyin işıqlı yetişdirənlər bu gözəlim şəhərin bahalı küçələrindəki dünyanın min-bir neməti olan dükanlarının, kafe-restoranlarının, şadlıq evlərinin, alabazək vitrinlərinin önündən düz keçməlidirlər? Onu məişət qayğılarının öhtəsindən gəlməsi üçün ikinci bir iş görmək məcburiyyətində qoymalıdırlar? 

Bəlkə, Bunun üçün; "Hər şeyə "paxıl" olaq "təhsilə" əsla! "şüarın yayan sistem yaratmalıyıq? Yaxud asfalt çəkilmiş yaraşıqlı küçələrin sayın çoxaltmaqdansa, bu küçələrlə necə davranmalı, nə cür rəftarı öyrədənlərin həyatın nimdaşlıqdan çıxarmalıyıq?!

Nədir axı çıxış yolu? Axı niyə bu gün onlar qayğılar əlində girinc qalır? Mən, bu peşənin sahibi olub, metro çıxışlarında qadın "kalqotkası" satan da gördüm, bazarda "alver"lə məşğul olanın da. Niyəsin soruşduğumda "a qızım, mən 120 manat  maaşla necə uşaq oxudum, oğul evlənirib, qız köçürüm? Xeyir-şərimi yola verim?" Nə deyəsən? Heç nə...

Hamımız yaxşı yaşamaq, qəşəng geyinmək istəyirik. Bu istəyin yiyəsi, dolayısı ilə ağlı başında olan adam, ilin günün bu vaxtında 120 manata üçün niyə özün öldürsün ki? Niyə 4 il gecə-gündüz oxuyub, universitetə təpik döysün? Dəyirmi? 
 
Keçənlərdə auditoriyada o alnıqırışlı peşənin haqqın ödəyən dəyərli bir ədəbiyyat müəllimimin mühazirəsin dinləyirdik. O, şuxluqla və həvəslə üstəgəl kədərli üsyankarlıqla varlı cəmiyyətlərlə qara camaatın ortaq olan nəsnələrindən danışırdı. Adətən çox kübar və də qəribə fitrətli savada sahib olduğundan, ən sözbatmazımızdan tutmuş, ipə-sapa yatmayanımıza qədər hər birimiz onun mühazirələrində öyrənməklə məşğul oluruq. Adam, əlavə şərhə, suala belə yer qoymur... Ara-sıra illərini, yuxusuz gecələrini bağışladığı eynəyini çıxarıb gözlərini ovuşdurar, sonra yenə mühazirəyə davam edirdi. Elə bu məqamda onun köhnəlmiş, düyməli telofununa zəng gəldi.  Tanımadığı nömrəyə gözlərini qıyıb baxdıqdan sonra zəngə cavab verdi:

- Alo! Bəli, mənəm. Bəli, bəli. Bəli… bəli....
...
Bəli......
...
Xahiş edirəm nəzakətli olun. Siz ziyalı bir müəllimlə danışırsız. 
...
Mən indi dərsdəyəm. Və heç cürə bu gün çatdıra bilməyəcəm...
...
Yoxdu. İmkanım yoxdu. Vallah yoxdu...
...
Otağa qəribə bir səssizlik çökmüşdü.  Heç kəs danışmaq istəmirdi. O da əlləri cibində,  pəncərədən harasa baxırdı. Sükutdan səs çıxırdı, ondan yox. Ümumiyyətlə, niyəsə mənə həmişə elə gəlir ki, kişilər əlləri cibində darıxır. 

Bir xeyli aradan sonra, özünü güclə toplayıb, üzünü bizə çevirmədən mühazirəyə davam etmək istədi. 

Hə... harda qalmışdıq? İstədim cavab verəm, kəkələyib, hıqqandım.

Niyəsə mənə elə gəlirdi nəsə desəm müəllim möhkəm səslə hönkürəcək. Çünki, ağrıma getmişdi o boyda insanın 56 tələbə arasında balacalaşıb, yoxa çıxması. Ağrıma getmişdi onun qarşımızda utancı, çarəsizliyi. Ağrıma getmişdi onun böyük həvəslə danışdığı mövzuya nöqtə qoya bilməməsi, bir yer dibi axtarıb o vəziyyətlə görünməmək istəməsi, tələbələrinə baxa bilməməsi, əlləri, boş cibində darıxması...

Çox keçmədi. Bir də gördüm müəllimim elə pəncərənin qarşısında, elə əlləri cibində yarımçıq mühazirəsinə nöqtə qoymaq istəyir.

-    "Bizi bütün insanlarla birləşdirən tək vasitə əl çirki dediyimiz puldu. Məsələn, indi ibank məndən pul istəyir, məndə isə onun borcun qaytarmaqçün pul yoxdu..."

İstədim qalxıb ayağa yanına gedib, yaxınlaşıb deyəm ki,  "Uzat, dərs izah edən təbaşirli əllərindən öpüm". Amma gələn zəngdən sonra o aramızda "yox idi"...

Bir nəfər Mövlanaya müəllimi “Şəms Təbrizini gördüm” deyir. Mövlana çıxarıb köynəyini verir. Adam gülərək: “Yalan deyirəm”, - deyəndə Mövlana: “Yalan dediyini bilirəm”, - deyir. - Mən bu sözün yalanına köynəyimi verdim. Doğru xəbər versə idin, canımı verərdim”. 
Budur, müəllimə inamın ən səmimi, ən müasir nümunəsi! İnandığımız o müqəddəs ünvanları ölkə unuda bilər, biz ki "İNSAN"ıq, biz ki, onların ovcundan su içmişik, onların bəhrələriyik, bizi onlar cilalayıb, yararlı edib... 

 

Qafqazinfo.az