FLAŞ


Çoxu qızına Ağəli kimi “porsche”li ər axtarır...


http://qafqazinfo.az/uploads/1493916901-3772.jpeg

Emin Səfərov

Biz qanun olmayan yerdə qanunsuzluğun ən böyük qanun olduğunu anamızın qarnından çıxandan az sonra öyrəndik. Yalnız bu gün ac qalmamağı düşünən, sabahı da Allah ümidinə yola vermək qabiliyyətinə malik olan kasıb təbəqənin nümayəndəsi olduğumuz üçün etiraz səsimizi yüksəldə bilmirdik. Həmişə mənəvi olaraq sındırılırdıq. Bunu ilk olaraq, məktəbdə oxuyarkən ən ön sıradakı partada oturmaq istəyimi geri çevirən sinif rəhbərimdən öyrənmişdim. Boyum balaca, cılız uşaq idim. Dərsi yaxşı başa düşmək, lövhədə nəyin yazıldığını görmək üçün birinci partada oturmağa can atırdım. Amma ora məndən qabaq hansısa məmurun gombul, tənəffüsdə 5-6 “pirojki” yeyən oğlu üçün bron edilmişdi. 

Sən demə, o uşaq ən ön sırada oturmağı hər 8 Marta sinif rəhbərinə aldığı qiymətli hədiyyələrlə haqq etmişdi. Bizim də hədiyyə almaq imkanımız yox idi. Amma sinifdə utanmamağımızı, kimdənsə geri qalmamağımızı düşünən anamız, son güman yerinə al atıb, sandıqdan çıxardığı cığaladakı süfrəni müəlliməyə hədiyyə kimi aparmağı tapşırırdı. Təəssüf  ki, sevinə-sevinə məktəbə apardığımız hədiyyə müəllimin üzündə təbəssüm yaratmırdı. Məmur övladının aldığı bahalı hədiyyənin yanında bizimkinin qiyməti “hə, sağ ol”a bərabər idi.

Əsgərlikdə idim. Yağışın ardınca çıxan qızmar günəş altında “şaqat” edib, vətənpərvər ruhumuzu yüksəldən əsgər mahnısını oxuyurduq. Mahnının “Dostum şəhid olub yanımda, can verərəm onun yolunda” deyilən hissəsinə çatanda həyatım ən sarsıdıcı reallığı ilə qarşılaşmışdım. Başa düşmüşdüm ki, ağacın altındakı skamyada əyləşib, o vaxt dəbdə olan “Nokia 6500”ı qulağına tutub kiminləsə danışan, əsgər olduğu halda başına zabit papağı, belinə kəmərini, ayağına da botinkasını geyinən, indi də ən yüksək vəzifədə işləyən məmurun yaxın qohumu heç vaxt oxuduğumuz mahnının tərkib hissəsi olmayacaq. Mahnıda deyildiyi kimi, müharibə zamanı mənim yanımda şəhid, ya da qazi olmaq qüruru o məmur balasına yox, Qazaxın Alpout kəndində sağladığı qoyunun iki bala doğması üçün gecə-gündüz Allaha dua edən Qasım kişinin oğluna qismət olacaq. 

Həyatın ironiyası iş axtaranda da üzümüzə tərs sillə kimi dəydi. Biz ora-bura CV göndərəndə, iş üçün döymədiyimiz qapı qalmayanda, növbələr gözləyəndə gördük ki, day-dayısı olan fərasətsiz, insan zəhmətinin nə olduğunu bilməyən biri hansısa polis idarəsinin polis əməkdaşına çevilib, digəri ən bərkgedən şirkətdə şöbə müdiridi. O kəslər sonradan yayın cırhacırında tıxacda tərin belimizdən Viktoriya şəlaləsi kimi axdığı bir vaxtda, ayaq üstə qaldığımız avtobusa əyləşdiyi kondisionerli bahalı maşının “Ayə, Ələsgər!” siqnalını verənlərə çevrildi.

Belələri zamanla daha da qəddarlaşaraq, insan həyatı üçün 8,5 güclü zəlzələdən, sunami qasırğasından, quduz itdən də təhlükəli olmağa başladı. Nəticəsi də göz qabağındadı. Ötən gün iş adamı Füzuli Fərəcovun 14 (!) yaşlı oğlu Ağəli 200 minlik “Porche” ilə iki uşaq anası olan 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb. Bir tərəfdə Xəyalənin çata bilmədiyi xəyallarına ağlayırlar, digər tərəfdə isə Ağəlinin yetkinlik yaşına çatmayan şəxs olduğu üçün cinayət məsuliyyətinin az olmasına sevinirlər. Halbuki belələri cəmiyyətin barmağına tikan batanda ağrısına dözə bilməyən kəsimidir.

Atasının hansı yolla varlanması, iş adamı olması məni qətiyyən maraqlandırmır. Məni narahat edən Füzuli Fərəcovun 14 yaşlı övladına verdiyi tərbiyədi. “Balama qurban inəklər, balam nə vaxt iməklər?” sualına cavab tapandan sonra “instagram”da şəklini çəkib paylaşması üçün əli paçkalarla pula, “avtoxuliqanlıq” etmək üçün nəslimizin ömrünün sonuna qədər qazana bilməyəcəyi pul dəyərində olan maşının açarına çatırsa, deməli, Ağəlinin aldığı tərbiyə “Vasmoy bazarı”nda satılan Çin malı imiş. 

Beləsinin böyüyüb kim olacağını fikirləşəndə adamın tükləri biz-biz olur. Kim zəmanət verə bilər ki, Ağəli sabahısı gün atasının hesabına daxil olduğu universitetin cavan, ərdə olan müəlliməsinə çıxmaq təklifi etməyəcək? Kim zəmanət verə bilər ki, 14 yaşlı cinayətkar dərsdən çıxıb arxasında düşdüyü qızı kimsəsiz yerə qaçırıb zorlamayacaq? Əslində, Füzuli Fərəcov və bu iş adamı kimi düşünən valideynlər övladına verdiyi tərbiyə ilə gələcəyini məhv edib. Ağəli aldığı tərbiyə nəticəsində cəmiyyət üçün məhv olmuş gələcəkdi. Atası bundan sonra “Porche”sini qabağına qoyub yaxşı-yaxşı fikirləşib, götür-qoy etməsə, sabahısı gün övladı ya mənim, ya da başqa birimizin əcəlinə çevriləcək.

Yəqin ki, Məhkəmə qurulacaq, uşağa yüngülvari töhmət verəcəklər, atası da deyəcək ki, oğlum 200 minlik maşının açarını məndən xəbərsiz götürüb. Vəssalam! Uşağı da əgər depressiyaya düşübsə, bir neçə həftəlik Maldiv adalarına, Bodruma istirahətə göndərəcəklər ki, özünə gəlsin. 

Amma nə olsun? Çoxu qızına Ağəli kimi “Porche” sürən, “instagram”da paçkalarla dollar, manat şəkili paylaşan ər axtarır. Taleyin ironiyası...

 

Qafqazinfo.az