FLAŞ


"Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib"

- Prezident


http://news.lent.az/upload/images/news/2017/march/31/big/30977b3d942131776a3504510c07aff7.jpg

"Son illər ölkədə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görülüb".

APA-nın xəbərinə görə, prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşdə bildirib ki, ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

Bundan sonra da ordumuzun gücləndirilməsinə böyük diqqətin göstəriləcəyini, ordunun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyətin olmadığını deyən ali baş komandan işğal olunmuş torpaqlara qayıdacağımıza və orada Azərbaycan bayrağının dalğalanacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev silahlı qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb.

Prezident eyni zamanda bildirib ki,  bu gün Ermənistan cəmiyyəti sarsıntı içərisindədir: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün prioritet məsələdir”.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonun dəyişməsinin vacib olduğunu vurğulayırlar: “Azərbaycan da status-kvonun dəyişməsini istəyir. Bütün bunlar isə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması sayəsində baş tuta bilər Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub, danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.

Prezidentin sözlərinə görə, hər zaman mülki insanları hədəf alan Ermənistan aprel döyüşləri zamanı da eyni taktikadan çıxış edib: “Lakin onlar yanıldılar, heç kim öz evini tərk etmədi. Xalqımız mətin dayandı. Aprel döyüşlərində şəhid olanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Mən yaralı hərbçilərlə görüşü xatırlayıram. Onlar yaralı vəziyyətdə olmalarına baxmayaraq, yenə də sağalıb cəbhə xəttinə getmək arzusunda idilər. Xalqımız vahid amal ətrafında birləşib, bu da ərazi bütövlüyümüzün bərpasına əsaslanır. Qondarma “Dağlıq Qarabağ” qurumunun heç bir gələcəyi yoxdur. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.