FLAŞ


“Onlar bir- birini qucaqlamışdı, öpüşürdülər...”


http://qafqazinfo.az/uploads/1490856867-5532.jpeg

Tanınmış  jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə böyük bir rezonansa səbəb olub. 

İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.

“Qafqazinfo” da ölkədə gündəm olan tanınmış jurnalistin məlum statusuna ondan reaksiya öyrənib. X. Səfəroğlu bildirib ki, sözügedən statusu öz formatına uyğun yazıb: “Bu, rəsmi səhifə deyil. Gördüyüm hadisə  xoşuma gəlmədiyi üçün mən buna səhifəmdə reaksiya verdim. Hesab edirəm ki, ictimai yerlərdə belə münasibətlər düzgün deyil. Onlar ikisi də ayaqlarını mənə tərəf uzatmışdılar. Ayağımla təpindim ki, “ay uşaq ehtiyatlı ol, gör ki, qabağında uşaq oturub”. Normal oturmağa nə mane olur ki? Orada xüsusi dava-dalaş da olmayıb. Təpindim, özlərinə gəldilər, üzr də istədilər, məsələ bağlandı. Mən hesab etmirəm ki, Azərbaycan gənclərinin hamısı elədir, qətiyyən elə deyil. İlk dəfə idi ki, metroda belə bir situasiya ilə rastlaşırdım. Cinsəl münasibətləri ictimai yerlərdə göstərən gənclərə rast gəlməmişəm. Azərbaycanda metroda, avtobusda öpüşmək xüsusi bir trend deyil. İstəmirəm belə olsun. Onlar bir- birini qucaqlamışdılar, öpürdülər bir-birinin boyunlarından, əllərindən. Bir-iki dəfə qəzəbli baxdım ki, bəlkə nəticə çıxararlar, amma o fikirdə deyildilər. Əgər balacalar yanımda olmasaydı da, bu cür reaksiya bildirərdim. Bu, ölçülüb-biçilən reaksiya deyildi”. 

Jurnalist onunla bağlı yazılan statuslardan da xəbərdar olduğunu vurğulayıb: “İndi mən statuslara baxıram, özümə də çox təəccüblü gəlir. Böyük bir ictimai rezonansa çevrilib. Müzakirələr mənə bir qədər qəribə də gəldi. Açıq tipli cəmiyyətlərdə belə müzakirələrin olması vacibdir. Bunu münasibətləri öyrənmək baxımından barometr kimi də göstərə bilərəm. Mənim üçün çox gözlənilməz oldu. Təəssüf etdim ki, mənə qarşı təhqirlər də oldu. O təhqirləri ümumiyyətlə anlamıram. Kimə mane olurdu ki, məsələni sivil yolla müzakirə etməyə? 

Bura Azərbaycandır və bizim ölkənin öz mental dəyərləri var. Özümü 1980-90-ci illərin nəslindən hesab edirəm. O nəslin dəyərlərinin daşıyıcısıyam. Mənim bu cür məsələlər xoşuma gəlmir, hesab edirəm ki, mənim övladlarıma mənfi nümunə ola bilər. Kimsə bunu normal qəbul edirsə də qoy etsin”.

Baş vermiş hadisə ilə bağlı X. Səfəroğlunun qalmaqala səbəb olan statusunu da təqdim edirik: “Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar. 

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!”.