FLAŞ


Metroda öpüşmək tərbiyəSİZLİKdi?


http://qafqazinfo.az/uploads/1490849107-8805.jpeg

Emin Səfərov

Bakıya gələndə Balaxanıdakı uşaq baxçasının həyətində bir otaqlı evdə qalırdıq. Yataq otağımız da, zalımız da, mətbəximiz də həmin bir otaq idi.

Səhər məktəbə gedirdik, günorta həyətdə başımızı qatırdıq, axşam da televizor qarşısına keçib o vaxtın dəbdə olan "Mehriban düşmən" serialını izləyirdik. Venesuella serialı bizim kimi, bir çoxlarının axşamlar ən maraqlı məşğuliyyətinə çevrilmişdi. Amma hər dəfə seriala baxanda burnumdan gəlirdi.

Xuliyoya nifrət edirdim. Zalım oğlu məqam tapan kimi Viktoriyanın dodağından yapışanda hər dəfə evdən çıxmaq məcburiyyətində qalırdım. Axırda anam dədəmə dedi ki, "ay kişi, uşağı niyə evdən qovursan? Öpüşürlər, cəhənnəmə öpüşsünlər də..." İlk dəfə onda öpüşməyin nə olduğunu anladım. Ona qədər elə bilirdim ki, oğlan qızın ağzını yeyir. Ondan sonra hər öpüş səhnəsində dədəmin "öhö-öhö" eləməsindən canı qurtardı. Mən də hörmət naminə əlimi üzumə tuturdum ki, guya baxmıram. Baxmıram deyəndə ki... Barmaqlarımın aralanma funksiyasına sahib olması mənim əsərim deyil ki...

Sonra uşaqların dünyaya leylək tərəfindən gətirilmədiyini anlayacaq yaşa çatdım. Başqa evə, başqa məhəlləyə köçdük. Birinə sevgi elan etdiyim "manita"m oldu. Mən ali məktəbin birinci kursunda oxuyurdum, o da tələbə adını qazanmaq arzusunda olan abiturient idi. Yeniyetmə sevgisi idi, dərsdən qaçıb, qızı hazırlığa yola salırdım. O vaxt belə şeylər dəbdə idi. Qız da forslanardı ki, onu hazırlığa aparıb-gətirən oğlanı var. Vay o günə ki, qarşına ya qızın qardaşı çıxa, ya da məhlə uşaqları. Adamın bütün sevgisi zəhər olurdu. "Qaqaş, bir də bu məhəllədən qızla keçsən, səni..." kimi hədə cümlələrinin qarşısında da sınmırdıq ki, qızdan ayıbdı. Sınmayanda da sevgilimizin gözündə Jan-Klod Van Damma çevrilirdik.

10 şirvana aldığım telefonun diktafonuna Alişanın "Var ya" mahnısı yazıb, zəngə qoymuşdum. Hər şey o qız üçün idi. O qız - ilk sevgim, ilk həyəcan, ilk hiss, ilk öpüş...

Hazırlıq müəlliməsinin evinə gedəndə lift işləyə-işləyə yuxarı pilləkənlə qalxırdıq ki, birlikdə keçirdiyimiz vaxtın bir az da ömrü uzansın. Və... İlk dəfə o gün idi. Qucaqlaşıb, sağollaşanda bir-birimizin üzünə baxdıq. Qeyri-ixtiyarı nəfəs-nəfəsə gəldik, dodaqlar həsrətlə bir-birinə sarılacaqdı ki, qapı açıldı. "Ə, bura gəl görüm!"ü eşidən kimi qız yuxarı, mən də pilləkən aşağı qaçdım.

Həmin gündən sonra bir daha qızdan xəbər ala bilmədim. Hər dəfə aldığım telefon jetonu "yanırdı". Qız ev  telefonunun dəstəyini götürüb, səsimi eşidən kimi yerə qoyurdu. Bir dəfə də anası cavab verdi ki, səni harda tutsam, cıracam. Sən demə, qonşu müəlliməyə deyib, "uçitelnitsa" da qızın anasına. Beləcə yeniyetməlik dövrünün ilk sevgisinin "məzarı" müəllimənin qaldığı binanın bloku oldu.

Bir qədər də böyüdüm. Özüm də fərqinə varmadan növbəti münasibətin, növbəti həyəcanın vaxtı çatmışdı. Sevgili olduğum xanımla parkda əyləşib, gələcək xəyalları qurarkan arxadan üzərimizə kölgə düşdü. Dedim, yəqin tanrı sevənlərin günün altında yanmasını istəmir. Yanılmışam, sən demə, kölgə pusquda dayanan serjantın yekə qarnının sənət əsəri imiş. Əl çəkmədi ki, ikinizi də bölməyə aparıb, valideynlərinizi çağıracağıq. Yaşım az idi, qızın valideynlərinin bölməyə çağrılacağını eşidəndə, canıma vəlvələ düşmüşdü. Nəysə ki, cibimdəki son qəpiyiə qədər alan polis, bizi cinayətkar statusundan azad etdi.

İndi 28 yaşım var. Bu gün də cəmiyyətimizdə vəziyyət oxşardı. Əcnəbilərin az qala uşaq doğan robot istehsal etdiyi bir dövrdə bizimkilərin mentalitet davası bitmir ki, bitmir. Bunun nəticəsi kimi ötən gün bir ata övladları ilə girdiyi metro qatarında "cinayət"in üstünü açıb. İki gəncin bir-birinə olan isti münasibəti bəyəfəndini özündən çıxarıb, onlara təpik də vurub ki, camaatın anası-bayıssı var. Etdiyi hərəkəti də qəhrəmanlıq kimi sosial şəbəkədə paylaşıb ki, camaat mən belə tərbiyəsiz cəmiyyət istəmirəm zad.

Qorxuram ki, həmin müəllim və bu tip düşünən şəxslər sabahsı gün mitinq təşkil edib, qışqır-bağır salacaq ki, "ay camaat, namus, qeyrət əldən gedir". Halbuki özü adicə bələdiyyə seçkilərində döş arasında bülleten gəzdirən qadınlara baxıb hırıldayanlardandı. O, həm də cəmiyyətdəki özbaşınalığa, haqqsızlığa göz yumanlardandı. Eyni zamanda qeyri-qanuni işi alındırmaq üçün rüşvət verənlərdən, həm də küçə ortasında qadının döyüldüyünü görüb, üzünü başqa səmtə çevirənlərdəndi. Amma nə olsun? Bu müəllimin damarını sadaladığım və yadımdan çıxıb da sadalamadığın tərbiyəsizliklər yox, iki gəncin bir- birinə isti münasibəti, qucaqlaşması cırır.

Halbuki, qarşısında mini yubkalı qız əyləşsə, müəllimə də göz vursa, dişləri dərhal görünəcək, barmağındakı üzüyü və yanındakı uşaqları gizlətməyə çalışacaq. Ta fikirləşməyəcək ki, görəsən, bu kimin anası-bayıssıdı? Gör, heç onda mentalitet yada düşür? 

Bir sözlə, gənclərin etdiyi tərbiyəsizlik deyil. Elə tərbiyə sizlik də deyil.

Qafqazinfo.az