FLAŞ


Hacıbala müəllimin qadınları


http://www.qafqazinfo.az/newsphotos/2016/10/03/IMG_8827.jpg

Raminə Eyvazqızı

Neçə ildir, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi qadınlar günündə qayda pozan sürücü xanımları (kiçik yol kəsiyində) bağışlayır, onlara üstəlik hədiyyə belə təqdim edir. Səmimi gəlməsə də, bu bir jestdir. Qayda-qanun hərislərinin belə davranması ilin tək bir günündə nəyə lazımdır ki?

Amma Bakı Şəhər İcra Hakimiyyəti və filialları əlamətdar günlə bağlı nə isə etsəydi, buna lap çəpik də çalardıq. Tutaq ki, səhər 6-dan küçələrə tökülüşən, əsasən yaşlı süpürgəçi xanımlara heç olmazsa bu gün güzəşt etmək olardı. Onlara "xanım" deməyi belə istəməyən, bəzi yekəqarın icra nümayəndələrini isə ancaq qar yağanda görürük. 8 Martda həmin qadınları tozanaqdan azad edib, onların üzünü güldürmək olardı. "İş işdir" deyənlərə isə səslənirəm ki, şəhərin zibilini təmizləyən bu qadınlar canını küçədən tapmayıb. Çoxu beli bükülmüş, dişi tökülmüş çörəyini halalca qazanmaq üçün ay başına söyə-söyə çıxanlardır. Onların qayğı göstərilmək şərtiylə işdən azad olunma vaxtı çoxdan çatıb. Bəzilərisə, atılmış, uşaqlı qadınlardır ki, üzünü nindza kimi bağlayır ki, tanıyan olmasın. Uşaqlarının sinif yoldaşları onun süpürgəçi işlədiyini bilməsin deyə, küçələrdə özbaşına qaçdı-tutdu oynayan qadınlarımız var. Belə qadınların alnından öpülür də.

Çox vaxt qəhərlənən Hacıbala müəllim insaflı olduğu haqqında mühazirələr deyir. Amma bu qış yenə süpürgəçi qadınlara islaq corabla qarı təmizlətdirə-təmizlətdirə bizi yaza çıxardı. Həmin qadınların bəzisi bəlkə də aldığı pulu iynə-dərmana xərcləyib qurtarıb da. Burnunu çəkə-çəkə hər səhər kürəyində "Bakı Şəhər İcra hakimiyyəti" yazılmış uniformada olan qadınlarımız da xanım ola bilərdi. Bu qadınların bir neçəsi ilə söhbətlərim olub, çoxu dərd-sərindən danışmaq belə istəmir, ya da danışmağa başlayanda susa bilmir. Küləkli havada işini görənə "xala ağzını bağla", "barı maska tax" sözünü deyəndə də, "nəyim qalıb ki, heç zad olmaz" cavabını alırsan. Bizimkilər bəlkə də yeganə ölkə qadın süpürgəçiləridir ki, gördüyü işi çarəsizlikdən yerinə yetirir. Ağıllı ölkələrdə süpürgəçilər ( o da olsalar) böyük avtomobil yolunda xüsusi təhlükəsizlik qaydası ilə işləyirlər. Bizimkinə baxanda isə adamı hərdən "onları bu dəqiqə maşın vuracaq" təlaşı bürüyür. Necə ki, bu ilin yanvarında süpürgəçi qadını maşın vurdu, ailəsi pərişan oldu.

Həmişəki fikrimdə qalıram, bir məmur özündən alt statusda olana iş ciddiyyətindən başqa, humanizmlə yanaşsaydı, bəzi vəziyyətlərə təəssüflə baxmazdıq. Hacıbala müəllim öz doğma qadınlarını heç kəsin incitməməsinə və gözü üstə tutmasına çalışıb, çalışır. Amma bacısı, bibisi, xalası, lap anası yaşında süpürgəçiləri hər gün görür, yanından maşını ilə ötür də. Ağsaçlı qadınların səndələyə-səndələyə zibil daşıdığını da izləyir. Kişiyə təmiz küçə lazımdı, qadınların canı cəhənnəmə...

Qafqazinfo.az