FLAŞ


Dünən ölmüş qadının “8 Mart”ı


http://www.qafqazinfo.az/newsphotos/2016/04/18/13015082_1006451106115514_993842442_n.jpg
Nərmin Dadaşova
 

Hə cənablar, necə deyərlər, həyat bəzən çox “8 mart”dır, kədərlidir yəni...

Bir uşaqlıq dostum var, bayaq baxıram ki, votsapda qara fonda “yoxam, ölmüşəm” yazılmış foto qoyub. Guya ki, neçə-neçə qız-gəlin bundan hədiyyə gözləyir, təbrik gözləyir, gözünə döndüyüm də bilmir canını hara qoysun. İldə bircə gün, bir gün, bir e, 24 saat... Amma bu səmimiyyətiniz də nəyə desəz dəyər: “8 mort kosoloron boynolxolq soyqorom gonodor”.

Beynəlxalq bayram olmur, atam balası. Beynəlxalq qadınlar günü isə heç olmur. Son 3 gündə 3 qadın kişi qurbanı olub. Dünən ölmüş qadına nə bayram? Hər üçünün öldürülmə səbəbi eynidir- Sevgi. Qız nişanlısından ayrılmaq istəyib, o da elə çox sevirmiş ki, ayrılığı həzm edə bilməyib, boğazını kəsib gəncəcik qızın. Şair deyir , “Səni sevib solduraram, gül baharı gözləməz”. O misal…

Dünən anam balaca qızım üçün bayram hədiyyəsi gətirəndə bədənimdən qəribə üşütmə keçdi. Mənim balaca, sevimli, məsum yavrum böyüyüb qadın olacaq. Sevəcək, tərk ediləcək, ana olacaq, əziləcək, məişətdə boğulacaq, ya çox qadın, ya da çox xoşbəxt olacaq – eynən bizim kimi.

Sevgililər Günündə yazdığım yazıya belə bir şərh yazmışdı xanımlardan biri “heç nə lazım deyil, nə çox kitab oxuyursan, nə qədər filmə baxırsan deməsin. Arada da cib xərcliyi versin, saç boyası, dırnaq boyası almağa”. Sən də illərdir “google”da “Qadın nə istəyir” yazıb axtarış verirsən, oxucu dost. Qadın bunu, belə bəsit şeyləri istəyir, belə məsum arzuları var: Bir dəmət çiçək, bir cüt xoş söz, sevgi-ancaq yenə deyirəm, ən saf halını, öldürməyənini.

Təbəssümünüz bol olsun...

 

Qafqazinfo.az