FLAŞ


Sovet təhsilinin xiffətini çəkməyə dəyərmi...


http://cdn.musavat.com/news/thumbnails/83d3f26ea69e176c518596dd617d775a.jpg

Azərbaycanda müstəqillik əldə ediləndən bu yana ictimaiyyət arasında sovet dövrü ilə bağlı müzakirələr daim davam edib. Müstəqillikdən əvvəlki dövrün təhsil sistemi ilə bağlı da hər zaman polemikalar aparılıb. Xüsusilə yaşlı təbəqə o dövrün əsarətində olan xalqlara, o cümlədən azərbaycanlılara yüksək təhsil verildiyi qənaətindədir.

Hətta SSRİ təhsilinin müstəqillik dövründəki təhsil sistemindən daha şəffaf, daha səmərəli olması ilə bağlı da fikirlər var. 71 il əsarətində qaldığımız müstəmləkə rejiminin nə üçün daha çox təhsilə önəm verməsi ilə bağlı mövqelər birmənalı deyil. Bəziləri deyir ki, öz dilini daha çox xalqlar arasında yaymaq, bununla bağlı millətləri əsarətdə saxlamağın asan olduğunu nəzərə alan sovet imperiyası bu cür siyasət yürüdüb. Bəziləri də düşünür ki, mövcud olduğu ilk illərdən süqutuna qədər Avropa ilə ayaqlaşmağa çalışan bu quruluş təhsilə çox önəm verib və bunun üçün milliyyətindən asılı olmayaraq, müttəfiq respublikalardakı hər bir xalqın yüksək təhsilinə çalışıb.

Belə fikirləri inkar edənlər də var. Onlar da hesab edirlər ki, sovet təhsili yalnız ruslara xidmət edib, tarixlərini yaymağa, mədəniyyətlərini digər xalqlara aşılamağa çalışıblar.

Yazıçı-publisist Mehriban Vəzir deyir ki, müstəqillik əldə edildiyi ilk illərdən sovet təhsil sisteminə dair fikirlər birmənalıdır: “İstər türkçülük, istərsə də sovet, Avropa təhsili vaxtında müzakirə edilib və bitib. Amma cəmiyyət yenə bunu müzakirə edir və mətbuat da gündəmdə saxlayır. Yeni ideyalar ortaya atmaq əvəzinə mətbuat bu məsələlərə dəstək verir, müzakirəsini açır. Azərbaycan artıq sovet təhsil sistemindən imtina edib. Yaşlı nəsil nə desə də, deməsə də, bu prosesdə iştirak edib, milli azadlıq hərəkatında iştirak edib. Bu hərəkata milyonlarla insan qoşulub və bu o deməkdir ki, xalq o sistemdən imtina edib və üzünü bu tərəfə çevirib. Bu bitib artıq, indi bunun nəyinin müzakirəsini açırlar? Sovet təhsil sistemi Azərbaycanda rüşvətxorluğun əsasını qoyub. Bu sistem Azərbaycanı bəşəri, mədəni və demokratik dünyadan ayırıb. Bu sistem həm də Azərbaycan insanını tarixi, milli kimliyindən uzaqlaşdırıb. Bu təhsil sistemi daha nə etməli idi ki, insanlar onun nə qədər yaramaz, işğalçı, qəddar olduğunu başa düşsünlər?! Axı bu müzakirələr çoxdan olub bitib. Çox xahiş edirəm ki, ortaya yeni ideyalar ataq. Niyə biz 25 il əvvəlki müzakirələrə qayıtmalıyıq? Bu məsələləri müzakirə etməyin heç bir mənası yoxdur. Çünki cəmiyyət öz sözünü deyib. İki-üç nəfər ortalığa nəsə atır, o təhsil sisteminin buradakı ”beşinci kolon"u nəyisə ortaya atmaq istəyir, mətbuat da bunu tirajlayır. Düşünürəm ki, media buna getməməli, arxasınca sürünməməlidir".(musavat.com)