FLAŞ


24 il sonra şəkildəki qızlar danışdı


http://cdn.musavat.com/news/thumbnails/46526912ee1c9e7fb13c20b246792803.jpg

1993-cü ildən bu yana balaca qızcığaz və qucağında bacısı olan bir foto az qala bütün dünyanı dolaşır. Şübhə yoxdur ki, bu şəkil çəkilən zaman bu balaca qızcığaz heç nəyin fərqində deyildi. Tarixə düşəcəyini belə,ağlından keçirmirdi.

Balaca vücudu ilə özünü qoruya bilmək gücündə olmadığı halda bacısını zorla qucağında tutub, sanki ona hamilik edirdi. Çünki ətrafında tanıdığı yox idi. Hamı ona yad idi...

Bəli, 1993-cü ildə Murov dağının ətəyində çəkilmiş bu fotoşəkil uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, rəsmi şəxslər tərəfindən tirajlanır, dünya çapında tanınır.

24 ildən sonra o şəkildəkiləri tapmaq da bir başqa məsələdir. Sən demə, müharibənin bütün ağrı-acısını, qan-qadasının bir anını bu fotoşəkildə donduran gözüyaşlı qızlar Kəlbəcər sakinləri Həyat və Fatimə bacılarıdır. Onların ağlama səbəbi itirdikləri analarıdır...

Gözüyaşlı halda bacısını sinəsinə basan qız 1980-ci il təvəllüdlü Həyat Fikrət qızı Bayramovadır. Onun qucağındakı qızcığaz isə bacısı 1992-ci il təvəllüdlü Fatimədir. Onlar Kəlbəcərin Yanşaq-Zallar kəndindəndirlər. Həyat Bayramova 1994-cü ildən etibarən Goranboy rayonunun Buzluq kəndində yaşayır. İndi ailəlidir, 2 qızı, 1 oğlu var.

Modern.az saytı uzun axtarışlardan sonra bacıları tapa bildi. Fatimə o qanlı-qadalı günlərdən böyüklərindən eşitdiklərini belə nəql edir: “Mən həmin vaxt çox kiçik idim. O günü xatırlamıram belə... Amma bacım Həyat və anamın mənə danışdıqlarından həmin gün çox vahiməli an kimi yaddaşıma hopub. Biz ailədə 7 uşaq olmuşuq: 5 bacı və 2 qardaş. Həmin gün ermənilər kəndə bomba atmışdılar, partlayış olmuşdu. Hamımız bir-birimizdən aralı düşmüşdük.

Anam həmin partlayış vaxtı məni, bacılarımı və qardaşımı götürüb kənddən çıxıb. Bizi Murovun ətəyində maşından düşürüb onu gözləməyimizi tapşırır. Özü isə atamı və qardaşım Mehdini axtarmağa gedir. O qaçhaqaçda insanlar sel olub axırdı. Həmin vaxt anam, atamı və qardaşımı tapıb, amma bizi itirib”.

Elə həmin vaxt bacısını bir an belə qucağından yerə qoymayan, gözüyaşlı Həyata bir adam yaxınlaşır: “Həmin vaxt Həyatla mən, bizimlə gələn bacı-qardaşımızdan ayrı düşmüşdük. Xanların Mollacəlilli kəndindən olan bir nəfər Həyatdan “atan, anan hanı” deyə soruşanda, o, “bilmirəm” cavabını verib. Bundan sonra həmin adam bizi evinə aparmışdı. Səhv etmirəmsə, Saşa və Kolya adında uşaqları var idi”.

Həyat xanım isə həmin günü Kəlbəcərin bombardman olunması kimi xatırlayır: “Anam bizi Xanlarda düşürüb qardaşımgili axtarmağa getdi. Həmin foto da orada çəkilib. Amma onun çəkilməsindən mənim xəbərim olmayıb. Xanlardan olan kişi bizi evinə apardığından valideynlərim bizi, biz də onları axtarmışıq. Onun adını xatırlamasam da, yoldaşının adının Yazgül olduğunu bilirəm. Oğlanlarının birinin adı Saşa, o birinin adı Kolya idi. Onların evində 15 gün qalandan sonra valideynlərimiz bizi tapdılar. Sonralar o şəkilimizi görəndə həmin gün gözümdə canlanırdı. Böyüklərin qışqırtısı, körpələrin ağlayışı hələ də gözümün önündən getmir”.

Fatimə Bayramova deyir ki, sonradan ailə Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşıb: “Biz hamımız Gəncənin Gülüstan qəsəbəsində yaşayırıq. Bacı-qardaşlarımdan ailəli olanı var. Onların da hərəsinin öz evi-eşiyi var. Atam da, anam da işləmirlər, təqaüdçüdürlər. Elə mən özüm də işləmirəm, gündəlik ev qayğıları ilə məşğulam”.

Fotoşəklin çəkildiyi vaxt erməni cəlladlarının hansı məkrli oyunlar oynadığından xəbərsiz olan Fatimə doğma Kəlbəcər rayonunu yaddaşına hopdurmadan tərk etdiyinin fərqində belə, deyildi. O hər dəfə bacısı Həyatla olan şəklini televiziyalarda, qəzetlərdə, sosial şəbəkələrdə görəndə qəhərləndiyini deyir.