FLAŞ


Alimi yeyən, uşaqları maşınla əzən, qızıldan heykəli olan rəhbər


http://news.lent.az/upload/images/news/2017/february/22/big/5a5f23a818d9c2337bced62e88c3fc99.jpg

Həmin gün onu SSRİ-nin ən böyük pioner düşərgəsi "Artek"ə aparmışdılar. Ağbənizli pioner oğlan və qızları görəndə görən ürəyindən nə keçmişdi? Bəlkə də soyuducusunu xatırlamışdı. Soyuducudakı buz dolabını. "Nə yeməli şeylərdir" deyə, fikirləşə-fikirləşə.

Amma "Artek"dən əvvəl ona öpüşməyi öyrətmişdilər SSRİ-də. Daha doğrusu, sovet lideri öyrətmişdi, Brejnevi deyirəm. Dünya liderlərini ilə görüşəndə onları dodağından bərk öpərmiş Leonid İliç. Elə onu da öpmüşdü və bu öpüş onun çox xoşuna gəlmişdi. Geri ölkəsinə qayıdanda nazirlərinə də tapşırmışdı: Hamımız beləcə öpüşəcəyik.

Amma o, öpüşlə tarixə düşmədi. O, dünya tarixinin ən qəddar dövlət başçılarından biri kimi adını yazdırdı tarixə. Amma Hitler, Stalin kimi qəddar diktatorlardan bir fərqi vardı. Hər ikisi milyonlarla insanı qırğına vermişdi, ölümünə bais olmuşdu. Amma bu iki tirandan fərqli, o, adamları təkcə öldürmürdü, həm də yeyirdi...

***

Normal təhsil belə ala bilməmişdi. 1940-cı ildə ölkəsini ələ keçirmiş müstəmləkəçi fransızlara qoşulub, Vyetnama yollanmışdı döyüşməyə. Elə fransız legionuyla da Avropaya qayıtmışdı sonradan. Bu dəfə faşistlərə qarşı döyüşürdü. Serjantdan mayor rütbəsinə kimi yüksəlmişdi.

1962-ci ildə onun doğulduğu torpaqlara Fransa müstəqillik vermişdi. Afrikanın düz ürəyində Mərkəzi Afrika Respublikası yaradılmışdı. Onun yaxın qohumu David Deko isə bu ölkənin prezidentiydi. Elə MAR-a da onu Deko dəvət etmişdi, polkovnik rütbəsi vermişdi, orduya baş qərargah rəisi təyin etmişdi. Deko ona marşal rütbəsi də verəcəkdi. Amma çox yox, 3 il sonra 1965-ci ilin 31 dekabr günü Dekonun özünü devirmişdi. Prezidenti birbaşa zindana göndərmişdi. Bununla da 14 il sürəcək iqtidarı başlamışdı. Və özü də necə iqtidar...

***

1972-ci ildə özünü ömürlük prezident, 5 il sonra isə imperator elan etmişdi. Özünü Napoleona bənzədirdi. İmperator kimi tacqoyma mərasiminə dövlət büdcəsinin az qala yarısını xərcləmişdi. İmperator üçün tacı fransız zərgəri Klod Bertran hazırlamışdı. Tacın üstünə ölkə xəzinəsində olan bütün ləl-cəvahiratı, o cümlədən 58 karatlıq ürəkşəkilli brilyant həkk etdirmişdi. Təkcə bəzək-düzəksiz tacın qiyməti 5 milyon dollar idi. Oturmuş qartal şəklində iki tonluq qızıl taxt, ən yaxşı xarici markalardan olan 100 avtomobil və 130 ağ cıdır atı, Fransadan 7 ton çiçək, Pyer Kardenin hazırladığı  600 frak və smokinq, 25 min butulka Burqund şərabı, 40 min butulka şampan, 10 min gümüş qab-qacaq dəsti, 120 nəfərlik orkestr və nəhayət, özü üçün qızıldan hazırlanmış 2 tonluq heykəl. Tacqoyma mərasiminə bütün ölkələrinin rəhbərləri və Roma papası belə dəvət olunsa da, heç kəs gəlməmişdi.

Ac-yalavac Afrika ölkəsində belə bir təmtərağa heç kim şahidlik etmək istəmirdi. Hə, çox geridə qalmış ölkəydi MAR. Bircə faktı deyim. 3 milyonluq ölkənin vur-tut bir diş həkimi vardı. Onun özünü isə sonradan...Hə, bu məqama qayıdacağıq...

Faktdan danışmışkən, onun 18 arvadı olub. 77 uşağı. Amma arvadlarının çoxu həyatdan erkən köçüb. Çoxunu öldürtmüşdü. Sonradan ətini yemişdi. Yemək demişkən, bayaq danışdığımız stomatoloqu və ölkəsinin yeganə riyaziyyatçı alimini də yemişdi. Övladlarının çoxunu üzdən tanımırdı. Onun oğlanlarından biri Sorbonna universitetini bitirmişdi. Bir dəfə onun evindəki soyuduculardan birində qadın əti tapılmışdı. Və dərhal universitetdən qovulmuşdu. Özünü isə istintaqa cəlb etmişdilər.

1970-ci ildə SSRİ-də olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, "Artek"ə də baş çəkmişdi. Boynundan qalstuk asıb, ona fəxri pioner adı da vermişdilər. Amma fəxri pionerin Fransa müstəmləkə ordusunda xidmətdə olarkən Vyetnamda bir kənddə yerli kommunistlərin liderini yediyini nə qalstuk bağlayanlar, nə də SSRİ rəhbərliyi bilirdi. Brejnevin dodaq-dodağa öpüşmək adəti çox xoşuna gəlirmiş, demişdik axı. O deyirmiş ki, dillər təmas edəndə adamların məxfi fikirlərini oxumaq olur. Əgər yaş və süstdürsə, müsahib xeyirxah niyyətə köklənib. Əgər dil qurudursa, demək, əsəbidir, nəsə qəsdi var. Onu nahara sifariş vermək olar.

Amma imperator bununla kifayətlənməyib. Onun əmri ilə otuza qədər uşağı sarayın qabağına gətiriblər. Jurnalist Bernar Lubanın verdiyi məlumata görə, onları yerə uzanmağa məcbur ediblər və sərxoş rəhbər sürücüyə əmr edib ki, maşını onların üzərindən sürsün. Sürücü etiraz edəndə özü sükan arxasına keçib və yük maşınını sonuncu səs kəsilənə qədər irəli-geri sürüb.

Nəhayət, Fransa desantları MAR-da çevriliş edir. Uzun müddət Fransada yaşayan devrilmiş imperatora 1980-ci ildə vətənində qiyabi məhkəmə keçirilir və o, ölümə məhkum edilir. 1986-cı ildə eks-imperator həyatında, çox güman ki, ən qəribə addımı atır. Könüllü şəkildə Mərkəzi Afrika Respublikasına qayıdır. Hesab edirdi ki, xalq yenidən onu taxta çıxaracaq. Amma qayıdan kimi həbs edilib, mühakimə olunur. Ona dövlətçiliyə xəyanət, qətllər, adam əti yemək və dövlət əmlakını dağıtmaq ittihamı irəli sürülür. O, hakimləri inandırır ki, qurbanlarının bədən hissələrini soyuducuda yemək üçün yox, simvolik mənada saxlayıb. Guya bu orqanların hərəsinin öz mənası var. Məsələn, qaraciyər uğur gətirir və s. Bundan sonra adam yemək ittihamı üzərindən götürülür. Amma başqa ittihamlar kifayət edir ki, ölüm cəzasına məhkum edilsin. 1993-cü ildə ölkədə demokratik idarəçilik bərpa olunur və ümumi amnistiya elan olunur. O da azadlığa çıxır. Üç il sonra - 3 noyabr 1996-cı ildə infarktdan ölür...

***

Bax, bu gün,  elə bu dəqiqələrdə Afrikanın mərkəzində yerləşən Babanqi kəndində toy-bayramdı. Xüsusən də mbakilər üçün. Bu tayfanın adamları, tarix boyu yetişdirdikləri ən böyük adamın ad gününü qeyd edirlər. Və bu şənlik Ay çıxanacan davam edəcək. Tayfanın adət-ənənələri belədir.

Ad günü qeyd olunan isə Bokassadır. Müsəlman Səlahəddin Əhməd Bokassa. Katolik Jan Bedel Bokassa. Adamyeyən prezident, imperator I Bokassa...

Səbuhi Məmmədli

Lent.az