FLAŞ


Avtomobilinizin daha az yanacaq işlətməsi üçün BUNLARI EDİN


http://publika.az/storage/2017/02/20/800x450/yanacaq4.jpg

Benzinin qiymətinin artdığı vaxtlarda ona necə qənaət edilməsi barədə tez-tez düşünürük. Yanacağa qənaət etməyin yolu piyada gəzməkdən keçir. Əlbəttə, bu, bir zarafatdır.

Publika.az piyada gəzmədən benzinə qənaət etməyin üsullarını təqdim edir.

Saz avtomobil qənaətin birinci şərtidir. Yanacağa qənaət etmək üçün avtomobilin hissələrinin yaxşı işlədiyinə daim diqqət etməlisiniz.

İkinci şərt avtomobillərin hava, yanacaq filtrlərini tez-tez yoxlamaqdır. Çirkli filtrlər 4 faiz artıq yanacaq sərfiyyatı deməkdir.

Qənaət üçün növbəti şərt avtomobil mühərrikləri üçün məsləhət görülən yağdan istifadə etməyinizdir. Bu zaman yanacağa 2 faiz qənaət edəcəksiniz.

Diqqət etməli olduğunuz növbəti məqam şinlərdə təzyiqin optimal vəziyyətdə olmasıdır. Təzyiqi aşağı olan şin təkcə əlavə benzin demək deyil, həm də şinin ömrünün qısalmasıdır. Heç olmazsa, ayda bir dəfə avtomobil şinlərində təzyiqi yoxlatdırmaq lazımdır. Bununla yanacağa 3 faiz qənaət etmiş olacaqsınız.

Fiziki qanunlara görə, avtomobilin çəkisi yanacaq sərfiyyatına birbaş təsir edir. Ona görə də avtomobillərinizi anbara və zibilliyə çevirməmişdən əvvəl bu barədə düşünün. Bütün lazımsız əşyaları avtomobildən atın. Unutmayın, 100 kq artıq yük 100 km yolda 0.4l əlavə yanacaq deməkdir.

Avtomobili necə idarə etməyiniz də yanacaq sərfinə təsir edən amillərdəndir. Belə ki, kəskin tormoz verməklə 30-40 faiz artıq yanacaq işlətmiş olacaqsınız.

Yollardakı tıxac təkcə vaxtımızı və əsəbilərimizi korlamır, eyni zamanda daha çox yanacaq xərcləməyimizə də səbəb olur.

Avtomobilin hərəkət sürəti artanda da yanacaq xərci çoxalır. Avtomobillərin əksəriyyətində 80 km/saat sürətdən sonra yanacaq sərfi artmağa başlayır. Sürətdə 96 km/saatı aşanda yanacaq sərfi 14 % artır. Sürət rejiminə riayət etməklə 17,5 %-ə qədər qənaət etmək mümkündür.

İsti hava da yancaq sərfini artıra bilir. Xüsusən də, kondinsionerin işləməsi yanacaq sərfini 25 faiz artıra bilir. Xərcləri azaltmaq üçün aşağı sürətlə pəncərələri açın, sonra kondinsioneri işə salın.

Soyuq hava da yanacaq xərcini artıran səbəblərdəndir. Mənfi 25 dərəcə temperaturda xərclər 12 faiz artır. Getdiyiniz yol 6 km keçəndən sonra bu xərc 22 faizə qədər arta bilir. Ona görə də, müasir avtomobil istehsalçıların əksəriyyəti artıq mühərrik işə salınandan 30 saniyə sonra hərəkət etməyi məsləhət görür. Bu zaman mühərrikin daha sürətlə qızacağı bildirilir. Orta hesabla 3 litrlik mühərrik qızdırılma zamanı 10 dəqiqədə 300ml benzin itirmiş olur.