FLAŞ


“Bar qızı” və manyak


http://www.qafqazinfo.az/newsphotos/2016/05/02/IMG_9284-492.jpg
Azər Qismət
 

Günay Süleymanova adlı şəxs barda olarkən Emin Loğmanov adlı şəxsin başına pivə parçı keçirib. Səbəbi budur ki, həmin Emin adlı oğlan qıza bir neçə dəfə yaxınlaşıb tanış olmaq istəyib və onu “bar qızı” adlandırıb. Həmin qıza 6 il 6 ay iş verilib.

İndi bilmirik ki, oğlan bu sözləri ona deyib, ya yox. İş tamam başqadır. İş ondadır ki, qız durduğu yerdə pivəni oğlanın başına çırpmaz. Yəqin, nəsə mübahisə yaranıb. Birincisi, Günay normal surətdə bara girib əylənib. Yəni, Azərbaycanda əxlaqslızlıq yuvası kimi səciyyələnən bar Avropada əyləncə məkanıdır. İnsanlar girib musiqiyə qulaq asır, yüngülcə meyxoş olub çıxırlar. Bizdə isə bir qız ora girsə ömürlük alnına damğa vurulacaq.

İkincisi, bəs barlarda saxlanan yekə oğlanlar nəyə baxır? Bir oğlan bir qıza yaxınlaşıb əl çəkmir, nəhayət özü cəza verir. Halbuki, normal barlarda qıza, yaxud oğlana sataşanları oradan çıxarırlar. Sərxoş olub özünü apara bilməyənlər də uzaqlaşdırılır. Əgər bara mühafizə təyin olunub yüksək pul alanlar bir müştərinin üzləşdiyi gərginliyi yoluna qoya bilmirlərsə, nə səbəbə əzələlərini şişirdirlər?

Üçüncüsü, bir qız təhqir olunduğunu görüb şərəfini qoruyub. Məhkəmə onu 6 il 6 ay azadlıqdan məhrum edib. Adam öldürənlə başa pivə parçı keçirənin fərqi yoxdursa, deməli vəziyyət heç də yaxşı deyil. Deməli, hardasa ədalətsizliyə yol verilir. Yaxud, cinayət məcəlləsi istənilən vaxt sağ-sola əyilir. Elə ötən həftə prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da məhkəmə sistemindəki ədalətsizliyin aradan qaldırılması üçün verildi. Məhbuslar ictimai işlərə cəlb edilməli, alternativ cəza tədbirləri həyata keçirilməlidir.

Penitensiar müəssisələr məhbuslarla doludur. Səbəbi odur ki, adi xuliqanlıq edənə də eyni cəza verilir, adam öldürən, seksual hərəkətlərə yol verən manyaka da. Halbuki adi xuliqanlıq törədənlə məhkəmə psixoloqları söhbət aparıb işi yoluna qoya bilər. Yaxud, ölkədən çıxmamaq şərtilə cəzanı azadlıqda çəkmək də mümkündür. Bizim məhkəmələr isə penitensar müəssisələri məhbuslarla doldurmaqla həyatlarına balta çalırlar. Sanki, insan taleyi oyuncağa çevrilib. Məhkəmə hər bir məhbusa insan gözü ilə baxmalıdır. Cəmiyyətə təhlükə törədən şəxs qismində nəzər salmamalıdır. Ondan iyrənməməli, əksinə adama çevirib içimizə qaytarmalıdır.

İşin harasıdır ki, məhkəmə sistemində yazılmayan qanunlar da əksər hallarda unudulub gedib. Məsələn, əvvəllər xanımına təcavüz edilən ər bunun əvəzini çıxardı və məhkəmə ona yüngül cəza verərdi. Yox, aydın məsələdir ki, ər bunun üçün polisə şikayət etməlidir. Amma nəzərə alaq ki, biz Şərqliyik və bəzən əsəbləri cilovlamaq olmur. Dünyanın istənilən yerində də kişilərin əksəriyyəti ailə məsələlərində dözümsüzdür. İndi isə ailəsini qoruyan şəxsə bəzən ən ağır cəza verilir. Evin kişisi mənzilinə oğurluğa girən şəxsi cəzalandıranda məhkəmə bunu əksər hallarda “özünümüdafiə” kimi nəzərə almır. Halbuki əvvəllər xalqın milli mentalitetindən çıxış edərək bunlara əməl edilərdi, bəzən cəza verilərkən göz yumulardı. Indi fərqi yoxdur, nəyə görə cinayət törətmisən, ən ağır cəza verilir. Məsələn, Gürcüstanda fahişələri döyən adamlar nisbətən yüngül şəkildə cəzalandırılır. Demirəm, fahişə insan deyil. Amma cəza tətbiq edilərkən nisbətən nəzərə alınır. Söhbət burada bəzi məsələlərdə yüngülləşdirici hallardan gedir.

Günay Süleymanova adlı şəxs də ona sataşan oğlanı özünəməxsus şəkildə cəzalandırıb. “Buna görə 6 il 6 ay azadlıqdan məhrumetmə hansı məntiqə söykənir?” sualına cavab tapmaq çətindir.

Biz adamları tərbiyələndirməliyik. Onları həyata həbsxana pəncərəsindən baxdırmaq cəmiyyətə xeyir gətirməz. Əksinə, inciklik qisas hissinə, qisas hissi daha neçə-neçə adamın həyatını qaranlığa çevirər. Bizə isə qaranlıq lazım deyil.

 

Qafqazinfo.az