FLAŞ


Manatın məzənnəsi nə vaxt sabitləşəcək?


http://cdn.musavat.com/news/thumbnails/5b361a0072de599a4c2ea09ad6ef8608.jpg

Hazırda vətəndaşları , xüsusən də iş adamlarını düşündürən ən önəmli məsələlərdən biri manatın məzənnəsinin sabitləşməsi ilə bağlıdır. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 dollar 1.73 AZN-ə bərabərdir. Lakin iqtisadçılar manatın bu səviyyədə davamlı olaraq qalacağını real hesab etmirlər.


Onların sözlərinə görə, bunun üçün iqtisadi əsaslar yoxdur. Bəs, görəsən manat nə zaman stabillik qazanacaq? Bunun üçün iqtisadi zəmin varmı? “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, manatın müəyyən bir məzənnə üzərində stabil qalması inzibati qərarla mümkündür: “Təəssüf ki, məzənnənin formalaşmasında bu qərarlar rol oynayır. Ölkənin valyuta bazarında bircə oyunçu var, o da Neft Fondudur. Mərkəzi Bank çoxdandır ki, valyuta ehtiyaclarını hərraca çıxartmır. Bundan sonra hansı qərarın veriləcəyini demək çətindir. Ancaq hər halda hələlik hərraclarda ölkənin valyutaya olan bütün tələbatını Neft Fondu ödəyir. Ona görə də manatın hansı səviyyədə sabitləşməsinin qərarını da inzibati qaydada Mərkəzi Bank və hökumət verməlidir. Bu, çox vacib bir məsələdir. Artıq məzənnənin hansı səviyyədə olmasından daha çox, iş adamlarının gələcək planlarını qurmaq baxımından, müqavilələr bağlamaq baxımından məzənnənin bir müddət sabit qalması çox önəmlidir. Əslində Mərkəzi Bank və hökumət də bunda maraqlı olmalıdır”.

Image result for Natiq Cəfərli


Ekspertin sözlərinə görə, hər hansı səviyyədə sabitlik yaranarsa, bu, iqtisadi aktivliyi və iş adamlarının aktivliyini artıra bilər: “Bu isə həm makroiqtisadi göstəricilərə, həm də işsizliklə bağlı, gəlirlərin artması ilə bağlı məsələlərə müsbət təsir göstərə bilər. İndiki səviyyədə manatın sabitləşməsi mümkün görünmür. Ölkənin neftdən başqa, gəlir gətirə biləcək digər sahələri yoxdur. Neftin qiyməti isə hələ ki, 53-55 dollardan yuxarı çıxa bilmir - baxmayaraq ki, OPEK neftin bahalaşması üçün müqavilələr imzaladı, bazara sözlü müdaxilələr oldu. Ancaq neftin qiyməti hələ də 55 dollar civarında sabitləşib. Bundan yuxarı qalxmır. Qiymətlərin artmamasının nəticəsi olaraq ölkənin gəlirləri də artmır”.


İqtisadçı onu da qeyd etdi ki, manatın sabitlik qazanması neft gəlirlərindən asılı olsa da, “qara qızıl”ın yaxın zamanda bahalaşması gözlənilmir: “Yanvar ayının ixracatla bağlı göstəricilərinə əsasən bir ay ərzində qeyri-neft sektorunun ixracatdakı payı cəmi 75 milyon dollar olub. Bu da çox kiçik bir rəqəmdir. İxracatın 90 faizindən yuxarı hissəsi neft məhsulları və qazın satışından ibarət olub. Bu da başqa dollar gətirən mənbələrin olmadığının əyani sübutudur. Ona görə də manatın indiki həddə sabitləşməsi mümkün deyil. Ancaq manat dollara qarşı 2 manat civarına kimi ucuzlaşarsa, bu səviyyədə sabitləşmə baş verə bilər. Manat dollara qarşı 2 manata qədər ucuzlaşarsa, bir neçə ay bu səviyyədə qalarsa iş adamlarına müəyyən iş görmək üçün bir koridor yarana bilər. Əhali də dolların 2 manat olacağı proqnozuna psixoloji olaraq hazırdır. Yox, əgər Mərkəzi Bank yenidən məzənnə ilə oynamağa üstünlük verəcəksə, manatı gah kəskin bahalaşdırıb, gah kəskin ucuzlaşdıracaqsa, bu iqtisadi aktivliyə çox böyük zərbə olacaq”.


Natiq Cəfərli onu da diqqətə çatdırdı ki, manatla bağlı veriləcək qərar təkcə iqtisadi qərar olmayacaq, əhalinin sonrakı taleyini, dolanışığını müəyyən edəcək: “Getdikcə azalan iqtisadi aktivlik isə özü ilə birgə işsizliyə və gəlirlərin azalmasına gətirib çıxaracaq. Bu, artıq iqtisadi qərar deyil, siyasi qərardır. Hökumətin hansı qərar veriləcəyini deməkdə çətinlik çəkirəm. Ancaq ölkənin indiki iqtisadi vəziyyəti və gəlirlərin səviyyəsi onu deməyə imkan verir ki, bu səviyyələrdə, məzənnənin 1.75 ətrafında sabitləşməsi mümkün deyil. Bu ancaq o halda baş verə bilər ki, neft bazarında kəskin dəyişiklik olsun, qiymətlər 60 dolları ötsün, təqribən 70-75 dollara qalxsın ki, müəyyən dərəcədə sabitlik yaransın. Yaxın gələcəkdə neftin bahalaşması ehtimalı da azdır. Hazırda dünyada gedən proseslər neftin bahalaşması ehtimalını sıfıra endirir”.