FLAŞ


Zərdabda qəribə hadisə - Mollalardan "haqq" tələb edilir


http://www.zerdab.com/wp-content/uploads/2016/11/zerdab-sekil.jpg

Zərdabda yas yerində biabırçı hadisə baş verib.

Rayon sakinlərinin Bolge.info-ya verdiyi məlumata görə yas məclislərinin birində Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyev Allahqulubağı məscidinin imamı Zakir Məmmədovdan pul tələb edib. Axund bildirib ki, hər bir din xadimi rayon ərazisində iştirak etdiyi yas məclisinə görə ona pul ödəməlidir. Zakir Məmmədovun bu istəyi rədd etməsi və qarşı tərəfdən bu reketliyə son qoymağı tələb etməsi isə  yas məclisində qarşıdurma yaradıb. Axund vəziyyətin pis hal aldığını görüb söhbəti davam etdirmək üçün onun qolundan dartıb sürüyərək zorla çölə çıxarmağa çalışıb. Camaatın gözü qarşısında baş verən bu biabırçı hadisə isə qısa zamanda bütün rayona yayılıb. 

Məsələ ilə bağlı Allahqulubağı məscidinin imamı Zakir Məmmədovla əlaqə saxladıq. İmam Bolge.info-ya bildirdi ki, əslində hadisə həmin yas məclisində deyil, Cümə məscidin imamı Yusif Məmmədovun yas məclisində olub:

“Axund bir neçə gün öncə yas məclisində iştirak etdiyim üçün məni camaat içində kobud şəkildə qınadı və bildirdi ki, hər kəs öz kəndində olan yas məclislərinə cavabdehdir. Mən qeyd etdim ki, məclis sahibi Məlikov Hamlet özü məni bacısının dəfn olunması üçün dəvət edib və buna görə pul almamışam. İstəsən bunu həmin şəxsdən də  öyrənə bilərsən. Axund isə təkidlə həmin yas məclisinə görə “haqq” tələb etdi. Mən bundan imtina etdikdə isə məni sürüyərək çölə çıxarmağa çalışdı: “Gəl çıxaq çölə, sənə başa salacam”"

Qəribəsi isə odur ki, bu biabırçılıq vəfat etmiş şəxsin qardaşı,  Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Əli Məmmədovun gözləri qarşısında baş verib. Lakin  qazi məclis sahibi olduğu üçün qalmaqala müdaxilə etməyi lazım bilməyib.  

Zakir Məmmədov hadisə ilə bağlı Qafqaqz Müsəlmanlar İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə şikayət edəcəyini də bildirdi:

“Bu rayonda QMİ tərəfindən sertifikat verilmiş 4 imamdan biriyəm. Heç bir rayonda axund belə reketlik etmir. Camaat içində bu şəkildə təhqir olunmağımı axunda bağışlamayacağam. Həmin hadisədən bəri yüksək təzyiqdən əziyyət çəkirəm. Məndən qanunsuz rüşvət tələb edir və bunu da təklikdə deyil, camaat arasında edir. Bu qədər özbaşınalıq, qanunlara hörmətsizlik olmaz. Ən əsası isə biz din xadimləriyik və bu cür hadisələr təbii ki, cəmiyyətdə ikrahla qarşılanır”.

Xatırladaq ki, dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında reket mollalar məsələsinə toxunmuşdu:

“Çox vaxt mətbuatda özünü hansısa molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər. Bu, yanlışdır. Araşdırsanız, görərsiniz ki məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır”.

Maraqlıdır ki, həmin mətbuat konfransı ilə təxminən eyni vaxta düşən bu hadisə saxta mollalar arasında deyil, rəsmi din xadimləri arasında yaşanıb.

Hadisə ilə bağlı qarşı tərəfin də fikirlərini saytımızda işıqlandırmağa hazırıq.