FLAŞ


Onları yaltaqlanmağa heç kim məcbur etmir...


http://www.qafqazinfo.az/newsphotos/2015/09/12/seymur-verdizad.jpg

Seymur Verdizadə

Yaltaqlıq istedadsız adamlara xas olan keyfiyyətdir. Belə adamlara dünyanın hər yerində rast gəlmək mümkündür. Təkcə kasıb Əfqanıstanda deyil, zənginliyi ilə öyünən Amerikada da yaltaqlığı özünə peşə eləmiş xeyli sayda adam var. Təəssüf ki, bu məsələdə Azərbaycan istisna təşkil etmir. Şərait münbit olduğu üçün son illər ölkəmizdə yaltaqların böyük bir ordusu əmələ gəlib.

Qeyri-ixtisas sahibi olan bəzi dostlarım elə bilirlər ki, yaltaqlıq ancaq yaradıcı adamlara xas olan cəhətdir. Bu cür düşünən insanların cəmiyyətdə çoxluq təşkil etməsi səbəbsiz deyil. Vitrində adətən ağzı köpüklənə-köpüklənə mədhiyyə deyən şair və yazıçılar, savadsız elm adamları olduğu üçün cəmiyyət yaltaqlığı ilk növbədə yaradıcı adamların peşəsi hesab edir. Hansı ki, mən baş həkimə yaltaqlanan həkim, direktora mədhiyyə deyən müəllim, şirkət rəhbərinin ayaqqabısını təmizləyən “prorab” da görmüşəm. Amma bu barədə heç kim danışmır. Görünür, yaradıcı adamlar göz önündə olduğu üçün onların əməlləri diqqəti daha tez cəlb edir.

Bəzi həmkarlarım iddia edirlər ki, yaltaq adamların ölkədə meydan sulamasına başlıca səbəb iqtidar təmsilçilərinin tərifə meylli olmalarıdır. Tərif eşidəndə xoşhal olub, oturduğu kürsüyə yayxanan məmurlar var. Ancaq bu, kütləvi xarakter daşımır. Məsələn, bir neçə il əvvəl Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev onu tərifləmək istəyən teatr direktorunun sözünü yarımçıq kəsərək, camaatın gözü qarşısında iclasdan qovmuşdu. Əbülfəs müəllimin onu mədh edən başqa bir işçisini isə ötən il işdən çıxardığı hamının yadındadır. Eşitdiyimə görə, Təhsil naziri Mikayıl Cabbarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübarzi Qurbanlı da tabeliyində çalışanların kollegiya iclaslarında onları tərifləməyinə icazə vermir. Mən heç Səlim Müslümovun da onu mədh etməsi üçün hansısa idarə rəisinə göstəriş verdiyinə inanmıram. Nazirləri, komitə sədrlərini tərifləmək hamıdan çox o adamların özlərinə lazımdır. Yaltaqlıq layiq olmadıqları halda sahib olduqları yüksək mövqeləri qorumağa çalışan bacarıqsız adamların əlindəki yeganə silahdır. Özünə hörmət edən rəhbər tabeliyində çalışan adamların bu “silahla” baş kəsməyinə imkan verməməlidir.

Azərbaycanlılar kütləvi şəkildə sosial şəbəkələrin istifadəçisinə çevrildikdən sonra ölkədə yaltaqlığın miqyası daha da genişlənib. Müşahidələrimiz bunu deməyə əsas verir ki, sosial şəbəkələr sürətlə məddahların nəzarətinə keçməkdədir. ARDNŞ-də şöbə müdirinin müavini işləyən şəxsin bu qurumun prezidenti Rövnəq Abdullayevi tərifləməsi hardasa başadüşüləndir. Çünki Rövnəq müəllim həmin adamı şöbə müdiri, ya da vitse-prezident təyin etməklə “ağ gün”ə çıxara bilər. Amma şəkli yeni-yeni qəzet səhifələrində görünməyə başlayan gənc politoloqun facebookdaRövnəq Abdullayevə yaltaqlanmasının səbəbini heç cür başa düşə bilmirəm.

Bir də Bakıda hansısa idarədə ayda 200-300 manat məvacibə qulluq edən adamın qədim Naxçıvanımızın həmişəyaşar rəhbəri Vasif Talıbovu mədh etməsi mənə hüç cür çatmır. Naxçıvanda yas mərasimlərilə bağlı vahid qayda-qanun tətbiq olunanda mən də Vasif müəllimi müdafiə etmişdim. Amma həmin sətirləri yazmaqda məqsədim Muxtar Respublikada işıq üzü görən “Şərq qapısı” qəzetinin baş redaktoru postuna təyinat almaq deyildi. Mən o vaxt yaxşı bir nümunəni ölkə ərazisində təbliğ etməyi özümə borc bildiyim üçün qələmə sarılmışdım. Sosial şəbəkələrdə Vasif müəllimə mədhiyyə deyən Yaşıllaşdırma İdarəsinin qocaman əməkdaşı bilməlidir ki, Vasif Talıbovonu heç vaxt Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin etməyəcək. Bu sözlər həm də SOKAR prezidentini tərifləyən cavan politoloqa aiddir. O da anlamalıdır ki, bundan sonra politoloji şərhlərini ədəbi nümunələrlə əvəzləyib, hər gün Rövnəq müəllimin şəninə bir şeir qoşsa belə, Neft Şirkətində nəinki şöbə müdiri, heç sahə rəisi də ola bilməyəcək.

Odur ki, vəzifəli şəxslərin ünvanına əttökən təriflər deyib, ölkədəki mənəvi mühiti korlamağa ehtiyac yoxdur.

 

Qafqazinfo.az