FLAŞ


“Ölüm qabağı son dəfə qucaqlaşıb, özümüzü atdıq...”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2016/october/11/big/095b868bd73092805bdfe5f888848c18.jpg

Vüsalə Məmmədova 23 il əvvəlki dəhşətləri Lent.az-a yazır...

 I hissə: http://bolge.info/Home/Details/13246

II hissə: http://bolge.info/Home/Details/13301

III hissə: http://bolge.info/Home/Details/13395

IV hissə: http://bolge.info/Home/Details/13481

V hissə: http://bolge.info/Home/Details/13498

VI hissə:

- Lənətə gələsən, minadır! – Marks dilləndi.

- Ayağımı çəkən kimi partlayacaq. Sən get, get uzaqlaş ki, heç olmasa birimiz ailəmizin yanına sağ gedib çıxa bilək...

- Yox, mən sənsiz hara gedirəm? Heç yolu da tanımıram. Hara getmək lazımdır bilmirəm. Çək, öləcəyiksə, ikimiz də bir yerdə ölək!

Bir yerdə olduqları üç gün ərzində Marks ilk dəfə idi ki, dil-dil ötürdü. Hər kəlməsi ilə də Xəqaniyə bir az doğmalaşırdı. Birlikdə yola çıxdıqlarını xatırladı. Ona güvənmirdi. Marksı ən doğma adamı kimi bağrına basdı.

- Mən üç deyəndə, iki qardaş kənara atılacağıq. Ya partlayacaq, bir yerdə öləcəyik, ya da ömrümüzün sonuna qədər qardaş olacağıq... Bir... iki... üç...

Ölümqabağı son dəfə qucaqlaşıb, özlərini atdılar kənara. Partlayış səsi eşidildi. Bir az aralıdakı gölməçənin içinə yıxılmışdılar. Sir-sifətləri palçıq içində idi. İkisi də qorxudan titrəyirdi. Tez ayaqlarına baxdılar. Yenə möcüzə baş vermişdi. Marks deyinirdi:

- Deyirəm ayağımız yerindədirsə onda mina deyilmiş. Bəs görən nə idi bu? Partlamış mina olsaydı, təzədən belə səs çıxartmazdı... Amma bəlkə çıxardardı, nə bilim... Əşşi, əsas odur ki, sağ-salamatıq! İndi sən bir ağdamlı kimi mənə de görüm biz Ağdamın harasındayıq?

Xəqani hələ də özünə gəlməmişdi. Çətinliklə cavab verirdi:

- Əgər yolları minalayıblarsa, deməli buradan o tərəfi ala bilməyiblər. Qaradağlıdayıq, buradan o yana ehtiyatla getməliyik... Yenə mina ola bilər...

Xeyli getdikdən sonra səs eşidib gizləndilər. Kolluqlarla sürünərək, qarşıdakı otların arasına girib, uzandılar. İndi qalırdı səs gələn tərəfin hara, kimin postu olduğunu müəyyən etmək. Ya öz postlarımız idi, xilas olacaqdılar. Ya da yenidən əsir düşəcəkdilər...

Gün boyu cəmi 25 metr aralıdakı hərbçilərin söhbətinə diqqət kəsilib, harada olduqlarını müəyyən etməyə çalışdılar. Axşam hava qaralanda Marks kolların arasından qalxıb qışqırdı:

- Atmayın, biz əsirlikdən qaçmışıq!

***

Kənddə qarşılarına çıxan ilk işığı yanan evin qapısını döydülər. Qapı arxasından uşaq səsi gəldi:

- Kimdir?

- Atan evdədir?

Bir az keçmiş yaşlı kişi qapını açdı:

- Kimsiniz, nəçisiniz? Bu nə sir-sifətdir?

- Sarıcalıdan Vəli kişini tanıyırsan?

- Vəliyəddini? Oğlu girov düşəni? Yazıq bir il dörd aydır üzünü də qırxmır. Saqqalı sinəsinə düşüb...

- Bax, onun oğlu mənəm. Atamgil haradadır?

- Səhv eləmirəmsə, Şəkinin kəndindədirlər. Bir məktəbdə...

- Bizi ora apara bilərsən?

- Apararam!

Həyətə girdilər. Görkəmləri elə vahiməli idi ki, uşaqlar qaçıb gizləndi. Yaşlı qadın ev sahibinə nə pıçıldadısa, kişi yenidən onlara yaxınlaşdı:

- Bala, gecə vaxtı yola çıxmayaq. Qalın, çimin. Səhər tezdən sizi aparım. 

***

23 il sonra Şövqi Əliyev  danışır...

- Gecə atam həyətə girəndə anam oyanıb ki, Xəqaninin səsi gəlir. Nənəm deyib, “Xəqani nə gəzir, ay bala, qulağına gəlir, yat”. Anam deyib yox, onun səsidir. Qalxıblar... Deyirlər, babam yatan otağa çıxdıq ki, üst-başı cırıq, saç-saqqalı nə kökdə bir adam babama doğru sürünə-sürünə gəlir... Mən çox körpə olmuşam. Atam həmişə mənə deyir ki, dörd gün dörd gecə nə müsibətlə yol gəldim, amma sən heç məni tanıyıb, yanıma da gəlmədin... Deyir, çəkilib kənarda dayanmışam. Atam nə qədər çağırıb, gəlməmişəm. Atam əsirlikdən qayıdandan sonra bilib ki, qolum düzəlməyəcək. Gələndə elə bilirmiş artıq sağalmışam. Elə ona görə də atam gələn kimi Bakıya köçdük. Əsas mənim müalicəm üçün...

- Evinizdə olduğum müddətdə nə mən Nicatdan danışdım, nə ailə üzvləriniz...

- Evimizdə Nicat adı çəkilən kimi valideynlərimin halı pisləşir. Məsələn, televiziyada bir veriliş gedir, orada Nicat adında adam varsa, atam o verilişə baxmır. Oğlum dünyaya gələndə atama dedim ki, ad seç. Dedi, özün seç. Nicat qoymaq istəyirəm, dedim. Amma bir şərtlə ki, öz adı ilə çağıracaqsan. Mən qardaşımın adını yaşatmaq istəyirəm. Razılaşdı, amma gördüm ki, “hə”ni ürəksiz dedi. Başa düşdüm ki, adı Nicat olsa da, “qaqaş” çağıracaqlar. Adını Ümid qoydum. Axı ümid həmişə var. O bitəndə, hər şey bitmiş olur. İstəmədim atamgil hər dəfə oğlumu çağıranda kövrəlsinlər. Onsuz da valideynlərimin ikisi də daim kədərli olur. İyulun 23-də bizdə ümumiyyətlə, heç kim gülmür. İyulun 20-də isə atamın ad günüdür, onu da elə təmtəraqlı qeyd etmirik. Əsasən əsirlikdən gəldiyi günü, 30 noyabrı doğum günü kimi qeyd edirik. Əsirlikdən noyabrın 26-da qaçıb, 30-da gəlib çıxıb. Atam bu günü həm bizimlə keçirir, həm də Marksla...

- Marks sizə gəlir?

- Yox, ikisi kənarda görüşüb otururlar. Harada olurlar olsunlar, əllərində nə iş olur olsun, artıq 21 ildir hamımız bilirik ki, noyabrın 30-da Marksla atam görüşüb, bu günü qeyd edəcəklər. Onların söhbəti tamam başqadır...

- Və ən sonda atanızın əsirlikdən gətirdiyi məktubları görmək istəyirəm...

- Bir qadın jurnalist illər öncə haqqımızda yazmaq üçün gəldi, məktubları da özü ilə apardı. Gətirəcəyəm dedi, gətirmədi... Atam nə qədər zəng edib xahiş etdi, o isə yazını hazırlayıb qəzetə verəndən sonra lazımsız bir əşya kimi məktubları harasa atdı... 18 məktub idi. Bizim atama yazdığımız məktublar və atamın evə göndərdiyi... Bu hadisə atama çox pis təsir elədi. Hələ də əsirlikdə o məktubları necə qorumasından, hər səhər, hər gecə oxumasından danışır... Elə bir az da buna görə jurnalistlərdən incikdir, heç kəslə görüşmək istəmir...

SON