FLAŞ


Gecəyarısı qaçış, əsir məzar, minaya doğru ölümcül addım...


http://news.lent.az/upload/images/news/2016/october/07/big/a49533f7686727b603f0a7127d892663.jpg

Vüsalə Məmmədova 23 il əvvəlki dəhşətləri Lent.az-a yazır...

 I hissə: http://bolge.info/Home/Details/13246

II hissə: http://bolge.info/Home/Details/13301

III hissə: http://bolge.info/Home/Details/13395

IV hissə: http://bolge.info/Home/Details/13481

 

V hissə

- Gəl qaçaq, bizi arxadan güllələsinlər...Şuşa türməsinə qayıtmaqdansa...

- Ölmək yaxşıdır! – Marks sevincək ona tərəf çevriləndə Xəqani qeyri-ixtiyarı “Ssss!” elədi. Marks susub, yenidən üzü divara çevrildi:

- Xəqani, düz 71 gündür səndən bu sözü gözləyirdim...

Xəqani Marksdan ayrılıb, kamera qonşusu Valehin yanına gəldi. Valeh Bakı ermənisi idi. Xəqani ilə yaşıd olardı. Xankəndində hərbi prokurorluqda işləmiş, son bir ayı isə həbs edilmişdi. Xəqani tez-tez ona baş çəkir, Valehin siqaretinə qonaq olur, söhbət edirdilər. Valeh ona Azərbaycanla bağlı xatirələrini danışır, Bakını küçə-küçə xatırlayır, hər dəfəsində də nələrisə soruşurdu. Məsələn, filan küçədəki iydə ağacı yenə yaz gələndə çiçəkləyirmi, filan köşkdə yenə qəzetləri filankəs satırmı, yaxşıdırmı, uşaqları oxuyub qurtardılarmı...

Xəqani hər dəfəsində çiyinlərini çəkirdi

- Ay Valeh, mən haradan bilim? Ağdamı soruş, ev-ev danışım...

Valeh də köks ötürüb, zarafat edirdi:

- Əşşi, nə fərqi var ey kim şəhərlidi, kim rayonlu. İkimiz də eyni türmədə yatırıq!

Xəqani də zarafatından qalmırdı:

- Vallah burada yatan sənsən. Mən əsirəm, bütün günü işləyirəm, döyülürəm...

- Ta yaxşı, yaxşı! Guya mən çox ağ gündəyəm? Yadında saxla ki, ürəyində Bakı istəyi, Azərbaycan sevgisi olan hər bir erməni burada əsir həyatı yaşayır!

İndi Xəqani heç özü də bilmədi Valehin yanına niyə gəlib. Dəmir barmaqlıqların qarşısında dayanıb, astadan çağırdı:

- Valeh, bir siqaret ver!

- Ə, Xəqani, sən nə gündəsən? Bunların əli qurusun, yenə səni nə günə qoyublar.

- Hə... Nə bilim... Bu dəfə möhkəm döydülər...

- Əclafdırlar də! Görmürsən məni heç nəyin üstündə tutub basıblar içəri? – deyərək, barmaqlıqların arasından Xəqaniyə bir siqaret uzatdı. Xəqani siqareti almaq istəyəndə Valeh diqqətlə onu süzüb, siqareti geri çəkdi:

- Qaçacaqsan?

- Dəhşətsən e! Qaçmaq nədir? Görmürsən ayaqüstdə zorla dayanmışam?!

- Mən “yuristliyi” oxumuşam, özü də Bakıda! Sən bu gün çıxıb gedəcəksən! Elə bu siqareti çəkən kimi qaçacaqsan. Gözlərindən görürəm! Xəqani, onsuz da orada getməyə yerin, evin-eşiyin yoxdur. Nə Ağdam var, nə də sənin kəndin. Ona görə də Bakıya gedərsən. Xahiş edirəm, yarımca saat mənim əvəzimə Xəzərin sahilində dayanıb, qağayılara yem atarsan...

Ayrıldılar. Xəqani gözətçiyə baş çəkdi. Qapının qarşısında oturub mürgüləyirdi. Marks isə sözləşdikləri yerdə Xəqanini gözləyirdi. Pilləkənlərin arasındakı pəncərənin kənarından dibçəkləri səliqə ilə yerə düzüb, pəncərəni açdılar. Pəncərədən keçə bilsələr, artıq həyətdə olacaqdılar. Bu, bir qapını keçmək sayılırdı. Xəqani əvvəlcə Marksın keçməsinə nəzarət elədi. Yola birlikdə çıxsalar da, hələ də onu tanımadığı üçün arxada qalmasını istəmirdi.

Pəncərədən aşmaq növbəsi Xəqaniyə çıxanda, elə pəncərədəcə üst-başını axtarıb, Marksa pıçıldadı:

- Mən geri qayıtmalıyam!

- Nə danışırsan?

- Burada gözlə, gələcəyəm!

- Xəqani, hamısı yatmışkən gəl qaçaq. Hər dəqiqənin bir hökmü var, getmə... Ələ keçsək ikimizi də öld...

- Rəhmətliyin oğlu, onsuz da bizi arxadan vurub öldürsünlər deyə qaçmırıq?! Çəkil bir tərəfdə gizlən, gəlirəm indi.

Pəncərədən enib, kamerasına qayıtdı. Döşəyin içində gizlətdiyi məktubları və Şövqinin şəklini götürüb, öpdü:

- Balamın şəklini itin-qurdun əlinin altında qoya bilmərəm! Ata qurban! Gəlirəm! Gözlə, gəlirəm!

Pəncərədən həyətə endi. Marks pəncərənin altında titrəyirdi.

Hasarın qarşısında da kimsə yox idi. Xəqani Marksa işarə elədi:

- Çıx!

- Axı... Axı hasarın üstündəki məftillərə elektrik buraxırlar...

- Şuşaya baxma, burada məftillərə elektrik buraxmayıblar, yoxlamışam. Sadəcə tikanları var, olsun!

Marks hasarın üstünə çıxıb, əyildi. Sonra Xəqani qalxdı. Əl-ələ verib, hasardan aşağı atıldılar.

Xeyli getmişdilər ki, uzaqdan həbsxananın həyəcan siqnalı eşidildi. Marks dayandı:

- Ayaqlarım getmir, Xəqani. Bu saat gəlib bizi tutacaqlar!

- Az danış, buradan Şuşa yoluna dönürük, oradan da özümüzü vururuq Qarqara. Onlar bizi itlərlə axtaracaqlar. Çay isə izi itirir... Gəl, cəld ol...

İkisinə də elə bir güc gəlmişdi, elə addımlayırdılar ki, sanki nə ac idilər, nə də yaralı... 

***

23 il sonra Xəqani Əliyev  danışır...

- Gəldik çıxdıq Ağdama...Artıq işğaldan bir ildən çox vaxt keçmişdi. Əksər yerləri dağıdıb, talan eləmişdilər. Amma Ağdam da bir ilə sökülüb qurtaran yer deyildi. Məsələn, bütün dəmir darvazaları çıxardıb aparmışdılar, çənlər yox idi, amma dəmir çardaqlar hələ də qalırdı, sökməmişdilər...  Dəlixananın yanında keçib, şampan zavoduna çatmamış, konserv zavodunun həyətinə girdik. Orada xeyli adam vardı...Nə isə daşıyıb yığırdılar... Başları qarışıq idi, heç bizə fikir verən də olmadı. Bilirsiniz, xarabalıq idi deyə kimsə olacağını gözləmirdilər. Biz də adam görəndə ehtiyatla davranırdıq, çalışırdıq gözə görünməyək. Konserv zavodundan da keçdik üzü şəhər Qaradağlısına tərəf. Yəni Ağdam qalır solunda, üzü Füzuli istiqamətinə gedirsən. Gəldik çıxdıq Muradbəyli deyilən yol var, şəhər Qaradağlısına keçən yol, ora. Bir gün də orada qaldıq... Buralarda qalmaq o qədər də təhlükəli deyildi, Ağdam tərk edilmiş şəhər idi... Sonra gecə düşdü, gəldik Ağdamın dəmiryoluna... Oradan da... Oradan da Sarıcalı kəndinə...

***

- Xəqani, nə isə elə bil uzaq getdik e...

- Evə gedirəm...

- Xəqani, başına dönüm, bir ətrafa bax, burada ev görürsən ki, gedəsən? Gəl çıxaq gedək, buracan allah kömək olub, sağ-salamat gəlmişik, vaxt itirmədən, çıxaq gedək...

- Ağdamda bizə heç nə olmaz! Heç kimin ağlına gəlməz bizi kəndimizdə axtarmaq...

Onlar kəndə girəndə hələ hava qaralmamışdı. Burada hasarlar, evlər viran olsa da, hələ ağaclar qalırdı. Xəqani Marksı bir həyətə gətirdi:

- Atamın əmisi oğlugilin həyətidir. Burada, bu palıd ağacının altında gözlə. Mən öz həyətimizə gedim, gəlirəm...

Evlərini söküb, yandırmışdılar. Buralara çoxdan insan ayağı dəymədiyi hiss olunurdu. Baxımsızlıqdan boy atan otları payız saraldıb, pırtlaşıq saçlar kimi bir-birinə dolaşdırmışdı. Elə səliqəsizlik idi ki, torpaq görünmürdü. Xəqaninin isə gözünə nə viran qalmış ata yurdu, nə də düz onun yanındakı yenicə tikib köçdüyü darmadağın olan evi görünmürdü. Düz alça ağacının altına gəldi...

Alça ağacı xəzəli ilə Nicatla Oqtay kişinin məzarını gizlətmişdi. Xəqani diz çöküb Nicatın məzarının üstünü səliqəyə salmaq istəyəndə yarpaqların arasından çürüyüb xarab olmuş alçaları gördü. Alça ağacı qurumazdan öncə bütün barını Nicatın üstünə səpmişdi...

Xəqani oğluna nə deyəcəyini bilməyib, hönkürürdü. Hava qaralanda Nicatın məzarı üstünə uzanıb, yatdı...

Marksın yanına qayıdanda o hələ də palıd ağacının altında yatmışdı. Çiyninə toxunanda, Marks yuxudan hövlnak ayıldı. Səs salmasın deyə Xəqani tez onun ağzını tutdu. Marks özündən çıxmışdı:

- Allah sənə kömək olsun, ta bəsdir də, gəl gedək! Nə görmüsən bu xarabalıqda!

Xəqani Marksa cavab vermədən, qalxıb yola düzəldi. Xeyli getmişdilər ki, Xəqaninin ayağının altında yüngül çıqqıltı eşidildi. İkisi də donub qaldı.

- Lənətə gələsən, minadır! – Marks dilləndi.

- Ayağımı çəkən kimi partlayacaq...

Davamı olacaq...