FLAŞ


Prezidentin “bizə təzyiq var” mesajına Avropadan reaksiya


http://musavat.com/data/largenews/dir391/img2215421.jpg
Rusiya forpostu Ermənistanda öz hərbi mövcudluğunu gücləndirməkdə davam edir. Bunun bir səbəbi Güney Qafqazda ABŞ-Rusiya rəqabətinin getdikcə güclənməsi ilə bağlıdırsa, digər səbəb heç şübhəsiz ki, apreldəki rüsvayçı məğlubiyyətə görə ondan umsuq olmuş işğalçı ölkəni və onun toplumunu sakitləşdirmək niyyəti ilə əlaqədardır.         
 
Bu arada məlum olub ki, Rusiya Müdafiə Nazirliyi Ermənistandakı 102-ci baza və Xəzər donanması da daxil olmaqla, cənub istiqamətinə 350 vahid yeni hərbi texnika göndərəcək. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bildirib. Məlumata əsasən, Cənub Hərbi Dairəsinin qoşun hissələri hərbi texnika parkının yenilənməsi çərçivəsində ilin sonunadək 350 vahid təyyarə, gəmilər, tanklar və digər zirehli texnikalar alacaq. 
 
Konkret olaraq Rusiya Hava-Kosmik Qüvvələrinin Rostov, Kuban və Krımdakı bazalarına 30 vahid yeni, o cümlədən modernləşdirilmiş “Su-30SM” qırıcıları və “Ka-52" zərbə vertolyotları alacaq. Qara dəniz və Xəzər donanmalarına 20 vahid gəmi, kater və təchizat gəmiləri daxil olacaq. Quru qoşunları hərbi texnikasının böyük əksəriyyəti, yəni 300 vahidə yaxın texnika isə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyadakı, habelə Ermənistandakı hərbi bazalarına göndəriləcək. 
 
***
 
Image result for Kreml
 
Qeyd edək ki, Rusiya son vaxtlar Ermənistandakı hərbi bazasını və Xəzər donanmasını durmadan gücləndirir. Belə ki, ilin əvvəllərində İrəvan yaxınlığındakı Erebuni hava bazasına onlarla zərbə vertolyotu və “Miq-29" qırıcıları yerləşdirilib. Habelə Gümrüdəki 102-ci bazanın arsenalı gücləndirilib. Yenə məhz bu ilin əvvəlində məlum olmuşdu ki, prezident Vladimir Putin NATO-nun cənub cinahında yerləşən 102-ci bazanın əlavə qoşun hissələri və hərbi texnika ilə gücləndirilməsini əmr edib. Bundan bir qədər sonra Ermənistanda ”İsgəndər M" operativ-taktiki raket sistemlərinin olduğu ortaya çıxdı. Hərbi ekspertlərə görə, həmin sistemlər ilk növbədə NATO üzvü Türkiyə və Azərbaycan üçün təhdid təşkil edir. 
Yeri gəlmişkən, bu arada bəllim olub ki, NATO-ya üzv ölkələrin müdafiə nazirləri oktyabrın sonunda Brüsseldə Rusiyanın Kalininqrad bölgəsində “İsgəndər M” operativ-taktiki raket sistemlərini yerləşdirməsini müzakirə edəcəklər. RİA-Novostinin məlumatına görə, alyans, ümumiyyətlə, Moskvanın Baltikyanı ölkələr və Polşaya qarşı yeni mümkün hərbi təhdidlərini diqqətdə saxlamaq fikrindədir. 
 
Image result for İsgəndər M Ermənistan
 
Amma maraqlıdır ki, NATO Ermənistana - alyans üzvü Türkiyə ilə həmsərhəd işğalçı ölkəyə “İsgəndər”lərin yerləşdirilıməsinə - hansı silahların ki, ikinci ölkəyə satılması qadağandır - analoji reaksiya verməyib, faktiki, susqunluq nümayiş etdirib. Ola bilsin, bu, həm də Ankara-Moskva əlaqələrinin son zamanlar istiləşməyə başlaması və Türkiyənin Baltikyanı ölkələr və Polşadan fərqli olaraq hərbi cəhətdən qat-qat güclü dövlət olması ilə bağlıdır. 
 
Ancaq reallıq ondan ibarətdir ki, arada silahlandırılan həm də Ermənistandır. Rusiya 102 saylı Gümrü bazası adı ilə faktiki, işğalçı ölkəni də yeni silahlarla təchiz edir. Moskvanın Ermənistanın hava məkanını öz nəzarətinə götürməsi və ortaq ordu yaratmaq haqda ilkin anlaşma bu yöndə əlavə narahatlıq yaradır. 
 
*** 
Təbii ki, Azərbaycan baş verənlərə susqun qalmayacaq və Türkiyə, Pakistan, İsrail və digər müttəfiq və tərəfdaş ölkələrin köməyi ilə adekvat, hətta iki qatı ilə addımlar atacaq. Buna şübhə yox. Atır da. Ancaq məsələyə beynəlxalq birliyin, mötəbər beynəlxalq təşkilatların reaksiyası da çox mühümdür və Bakı sözsüz ki, bu yöndə də fəaliyyətini gücləndirməlidir.
Həmin təşkilatlardan biri də dünən payız sessiyası başlanan, illər öncə çıxardığı ədalətli qətnaməsi ilə Ermənistanı işğalçı kimi tanıyan Avropa Şurası Parlament Assambleyasıdır (AŞ PA). 
 
Dünən qurumun ilk iş günü bu xüsusda Azərbaycan üçün uğurlu sayıla bilər. Belə ki, AŞ PA sədri Pedro Aqramunt ilk çıxışındaca erməniləri məyus edən açıqlama verib. Aqramunt bildirib ki, bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
 
Image result for AŞPA
 
Ukraynadakı vəziyyətdən danışan AŞ PA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayaraq deyib: “Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bir daha xatırladıram: bütün münaqişələr... Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər. Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq”.
 
Image result for Pedro Aqramunt
 
AŞ PA sədrinin son açıqlaması Azərbaycan prezidenti İlham Əliyevin “bizə bağlı qapılar arxasında Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün təzyiq edirlər”, fikrindən bir neçə gün sonraya təsadüf eləməsi ilə ikiqat önəm kəsb edir və faktiki, işğalçı tərəf üçün “soyuq duş” effekti sayıla bilər. Azərbaycan məsələdə ədalətli mövqe tutan bu kimi beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə təmasları gücləndirməli, bizə “bağlı qapı arxasında təzyiq etmək istəyən” qüvvələri bu kimi yeni faktlar qarşısında qoymalıdır. 
 
“Heç bir dövlətin ərazisi zorla dəyişdirilə bilməz”. Beynəlxalq hüququn bu təməl prinsipi dünən AŞ PA səviyyəsində bir daha təsbit edildi. Ermənistan, nəhayət, nəticə çıxaracaqmı? Çıxarmalıdır. Çünki prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz ərazisində heç vaxt ikinci erməni dövlətinin yaranmasına razılıq verməyəcək. Bu, nə xoşluqla, nə də zorla mümkün olacaq.           
 
"Yeni Müsavat"