FLAŞ


Görüşən zaman üzə tüpürüb dil çıxarırlar


http://moderator.az/fotobaza/orta/101124.jpg

Moderator.az saytı dünyanın ayrı-ayrı yerlərində qəribə salamlaşma adətləri haqqında yazını təqdim edir:

Əvvəlcə başlayaq hər birimizin gün ərzində dəfələrlə həyata keçirdiyi əlsıxma hərəkətindən. İndi “salam” ifadəsi olmadan belə, o mənanı ifa edən bu proses əslində döyüş tarixi ilə bağlıdır. Belə ki, qədimdə kişilər hər zaman üstlərində bir silah gəzdirirdilər. Həmin silah da mütləq sağ əldə olmalı idi. Xoş məqsədlə rastlaşan kişilər əldə silah olmadığını bildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar. Sonradan bu vərdiş görüşmək nümunəsinə çevrildi.

Əlxısma adətinin başqa yaranış fərziyyəsində isə deyilir ki, adamlar silahlı olmadıqlarını göstərməkdən ötrü bir-birinə ovuclarının içini göstərirdilər. Amma qədim Romada bu adət azacıq dəyişdi. Belə ki, Romada insanlar boş ovuc göstərənin silahsız olmasına inanmırdılar. Elə zənn edirdilər ki, ovuc göstərən adam libasının altından həmən silah çıxarıb onu vura bilər. Odur ki, tam arxayın olmaq üçün əllərini bir-birinə yaxınlaşdıraraq sıxmağa başladılar.

Bu adət sonradan unuduldu. Yalnız renessans dövrünün əvvəllərində, Avropanın sənaye cəmiyyətinə keçidi ərəfəsində kommersantlar əlsıxma ənənəsini yenidən dəbə saldılar.

Hərbi salamlaşma isə Çingiz xanın ordusunda yaranan bir ənənədən meydana gəlib. Orta əsrlərdə dünyanın ən böyük ordusunda sıravi döyüşçüdən tutmuş yüksək çinli sərkərdəyə qədər hər kəs rastlaşan zaman özünün Çingiz xan ordusunun üzvi olduğunu bildirmək üçün əlini çiyin bərabərindən başına aparırdı. Üz-üzə gəldiyi adam eyni hərəkəti edirdisə, onun da döyüşçü olduğu bilinirdi.

Hazırda dünyanın əksər ölkələrində həm mülkü həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları da var

Çində salamlaşarkən baş əyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.

Qədim Şərq döyüş növlərindəki mübarizədən əvvəl və sonra edilən məşhur salamlaşma isə “mən həm mərhəmətliyəm, həm də güclüyəm” anlamını daşıyır. Yəqin xatırladınız,  həmin salamlaşmada sol əl düz və açıq  halda yuxarı qaldırılır, sağ əlin yumruğu isə açıq sol əlin içinə vurulur. Burada açıq əl mərhəmətliyin, yumruq isə  gücün simvoludur.  

Amerikada salamlaşan zaman “pisəm” demək çox böyük ədəbsizlik sayılır. Bundan əlavə, ABŞ-da əsasən də gənclərin görüşdüyü zaman etdikləri dost “çest”i salamın tarixinə bir səyahəti yada salır. Onlar bu “çest”lə “əlimdə silahım yoxdur” fikrini ifadə edirlər.

Fransada salamlaşan zaman öpüşməklə yanaşı, havaya birdən beşə qədər öpüş göndərirlər.

Soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər.

Mehriban yaponlar üç növ baş əymə ilə salamlaşırlar: ən alçaq, orta (30 dərəcə olur) və yüngül. Bu da yüksək mədəniyyətə və intizama sahib olan yaponların qarşıdakı adama verdiyi hörməti əks etdirir.

Tibetlilərdə görüşmək çox qəribə vəziyyətdə baş verir. Onlar salamlaşan zaman sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər.

Zulu tayfaları  salamlaşarkən “mən səni görürəm”- deyə qışqırırlar. 

Afrikanın bəzi tayfalarında  adamlar üzbəüz gəldikləri adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.

Salamı və sağollaşmanı ifadə edən bəzi jestlər var ki, onlar fərqli yerlərdə tamam fərqli məna daşıyır. Məsələn, çox ölkədə bütün qolunu bir tərəfdən digər tərəfə yellətmək “salam”, “ sağ ol” mənasını ifadə etdiyi halda, Şərqi Asiya ölkələrində bu  nümayişkaranə bir hərəkət-yəni qarşıdakı adama meydan oxuma kimi hesab edilir.  Bəzi Avropa ölkələrində, Yaponiya, Latın Amerikasında bu “xeyr”, ümumiyyətlə inkar cavab sayıla bilər. Hindistanda isə bu “bura gəl” deməkdir. 

Şəhadət barmağından başlayaraq kiçik barmağa qədər saymaq Almaniya və Avstraliyada insanları bir az çaşdıra bilər. Çünki bu ölkələrdə şəhadət barmağını qaldırmaq, içki sifariş edərkən bir əvəzinə ikisini istəmək deməkdir. Yaponiyada isə baş barmağını qaldırmaq 5 mənasını verir. Macarıstanda isə sayanda baş barmağı 1 kimi sayırlar. 

Şəhadət barmağını bükmək və ya 4 barmağını kiməsə tərəf uzatmaq onu yaxına gəlməsini istədiyinizi bildirir. Cənubi Avropada isə bu “sağ ol” deməkdir. Filippin və Şərqi Asiyada şəhadət barmğını bükmək təkcə itləri işarə ilə çağırmaq üçün istifadə edilir.