FLAŞ


“Kabellə döyülmək girovların ən qorxduğu işgəncə idi”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2016/october/04/big/a3f1fdd07c1bad3c0b9a6977a489501c.jpg

Vüsalə Məmmədova 23 il əvvəlki dəhşətləri Lent.az-a yazır...

  

 I hissə: http://bolge.info/Home/Details/13246

II hissə: http://bolge.info/Home/Details/13301

III hissə: http://bolge.info/Home/Details/13395

 

IV hissə

 

Əsirlər qarın, yağışın altında nazik paltarda Cəmilli kəndinin meşəsində ağacları kəsir, daşıyıb polis şöbəsinə gətirir, orada odun yarırdılar. Odunlar hazır olandan sonra həyət təmizlənməli, qablar yuyulmalı idi. Burada o qədər iş var idi ki, girovlar fasiləsiz çalışırdı. Axşam hava qaralanda onları yenə piyada geriyə qaytarırdılar.

***

23 il sonra Xəqani Əliyev  danışır...

- “Fəryad” filminə baxmısınız? Bax, orada əsirin başına gələnlərin üç faizini göstərə biliblər. Çoxu deməli deyil... İki-üç dəfə qulağımı kəsmək istəyiblər, ermənilərdən biri qoymayıb... Cəbhədə kimin yaxını ölürdü, gəlirdi həbsxanaya. Girib içəri döyür, söyür, hirsini alırdı...

- Mülkü şəxslər?

Elə hamısı hərbçi idi... Deyirdilər ki, orada ərzaq ancaq hərbçilərə və onların ailəsinə verilir. Ona görə də döyüşməyən ancaq bir ayağı olmayan, bir qolu olmayan, ya da lap yaşlı adamlar idi. Hamısı döyüşürdü. Açığı, çox aclıq çəkirdilər. Biz tərəfdən atan kimi təlaşa qapılırdılar. Bir az atışma düşən kimi aralarındakı ruslarla bir-birlərini qırırdılar ki, bəs deyirdiniz türklər gəlməyəcək...

 

***

 

Günlər bir-birindən uzun, əzablı, ağrılı keçirdi. Xəqani buradan necəsə xilas olmağın yollarını axtarırdı. Çox düşünəndən sonra qaçmağın ən yaxşı yol olduğunu qərarlaşdırdı. Amma qaçarkən diqqətli olmaq lazım idi. Ya qaçıb xilas olmalıydın, ya da qaçarkən arxadan vurulub öldürülməliydin. Ehtiyatsızlıq edib yaxalananların başına gətirilən müsibətləri dəhşət içində izləmişdi.

Xəqani gün boyu ətrafındakı əsirləri diqqətlə müşahidə edir, xəyallarını gerçəkləşdirmək üçün özünə yol yoldaşı axtarırdı. Uzun müşahidələrdən sonra Xəqani Elmixanı seçdi. Elmixan əsir idi, bir müddət Gorus həbsxanasında saxlanılandan sonra buraya gətirilmişdi. Görkəmindən çox işgəncələrə məruz qaldığı hiss olunurdu. Qabaq dişləri yox idi. Avtomatla ağzından vuranda hamısı sınmışdı.

...Qarabağa yaz gəlmişdi. Günəşli yaz səhərinin birində ağacı kəsəndən sonra onu hissələrə ayıran Xəqani nəzarəçilərin maşından uzaqlaşıb, çəməndə uzandığını gördü. Bəlli etmədən, gözlərini onlara zillədi. Xeyli aralıda nəzarətçilər yuxuya getmişdilər. Xəqaninin aylarla gözlədiyi məqam gəlib çatmışdı. Bir bəhanə tapıb sağa-sola keçərək maşının içinə də göz atdı, nəzarətçilər açarı götürməyi unutmuşdular. Elmixana yaxınlaşdı. Yerdən bir çöp tapıb, ağzına apardı. Danışığını bəlli etməmək üçün çöpü dişsiz ağzında fırladaraq, maşını göstərib, lap astadan pıçıldadı:

- Deyirəm, maşına bax e...

Elmixan gözünü yardığı odundan ayırmadan, çiynini çəkdi:

- Maşının nəyinə baxacam? Sürə bilirəm ki?

Xəqani bir az da astadan pıçıldadı:

- Mən sürəcəm...

Balta əllərində maşına tərəf addımlayanda yeniyetmə Bəşir qarşılarında dayanıb, qorxusundan titrəyirdi:

- Siz qaçırsınız...

- Ə, uşaq-uşaq danışma, kənara çəkil!

- Yox, qaçsanız, mən qışqıracağam!

Elmixan özündən çıxdı:

- Qələt eləyəcəksən! Səni də aparırıq də!

- Yox! Mən qaça bilmərəm. Siz aradan çıxacaqsınız, onlar da məni öldürəcək...

- Uşaqlıq eləmə, az danış! Sakitcə arxamızca gəl!

- Yox, yox!

Elmixan əlindəki baltanı hirslə yerə atdı:

- Daha bəsdir, sakit ol! Səninlə zarafat eləmək mümkün deyil! Hara qaçasıyıq? Bu cəhənnəmdən kim qaça bilib ki, indiyə qədər?

- Doğrudan qaçmırsınız?

Xəqani özündən çıxdı:

- Nədir, zarafat da edə bilmərik? Elə bütün günü işləməli, döyülməliyik?

Bəşirin titrəməsi keçdi, sakitləşib, odun doğramağa qayıtdı.

Nəzarətçilər yuxudan oyananda əsirlər hələ də odun doğrayırdılar...

 

***

 

Yaz ötmüş, yay keçmişdi. Kameradakı əsirlər hamısı tənha idi. Eyni taleyi yaşasalar da, hər an bir tikə çörək üçün xəyanətə məruz qalacaqlarının qorxusundan günü-gündən də tənhalaşırdılar. Xankəndi həbsxanasına gətirilən əsirlər bir müddətdən sonra dəyişdirilir, ya da başqa yerə aparılırdılar. Xəqanini isə artıq dəyişdirilməyə də aparmırdılar, o, buranın daimi sakininə çevrilmişdi. Onu girov kimi də unutmuşdular. Bir döyüləndə, bir də işlədiləndə varlığını yada salırdılar.

...Adi günlərdən biri idi. Dörd girov meşədə odun doğrayanda qəzəblə maşından enən erməni hərbçiləri rezin dəyənəklə onların üstünə düşdülər. Bir neçə zərbədən sonra dəyənəyi yerə atdılar:

- Baqajdan kabelləri gətir! Dəyənək bunlar üçün çox yumşaqdır! Hamısını ölənə qədər döymək lazımdır ki, ayaqları qırılsın, kənara addım ata bilməsinlər!

Girovların bədənini kəsik-kəsik edən kabellər havada oynadıqca erməni hərbçiləri qəzəblə bağırırdılar:

- Türklərin üzünə çox xoş baxmışıq, qudurublar! Gör bunlar nə qədər qudurublar ki, üçü birləşib iki hərbçimizi öldürüb, qaçır! İndi o əsgərlərimizin heyfini hamınızdan alacağıq! Oturduğumuz yerdə qırılmış ayaqları ilə başımızı cəncələ salırlar! Vurun, vurun! Əlləri bir iş tutmayana qədər, addım ata bilməyənə qədər çırpın!

Kabellə döyülmək girovların ən çox qorxduğu işgəncə növlərindən idi. Amma həmən günün axşamı onları daha da vahiməyə salacaq bir hadisə baş verdi. Girovları həbsxanada da döydükdən sonra təpikləyərək həyətə çıxartdılar. Burada onları Şuşa həbsxanasına aparmaq üçün gələn maşın gözləyirdi. Beşini də itələyib maşına basdılar. Elə maşın yerindən tərpənmək istəyəndə həbsxana rəisi gəldi:

- Türkləri hara aparırsınız? Bizim işləri kim görəcək?

- Şuşaya! Bu murdarların üçünü Həsənabad kəndində saxlayırdıq. Gecə ilə iki nəzarətçini öldürüb, qaçıblar. Yuxarıdan əmr almışıq, indi kəndlərə dağıtdığımız bütün əsirləri Şuşa həbsxanasına aparırıq. Oradan qaça bilməyəcəklər!

- Düz edirsiniz! Amma bunların ikisini düşürt aşağı, buraları təmizləsin.

Hərbçi duruxanda həbsxana rəisi güldü:

- Demə ki, bunlar məni öldürüb qaçacaqlar! Ayaq üstdə ölür ey bunlar, hara qaçasıdırlar? Üçünü apar, get orada da de ki, ikisini Xaçik saxladı. Yoxsa istəyirlər Xankəndini mən təmizləyim? Qabaqdan qış gəlir, odunu kim doğrayacaq? Bir iki günlük ağır işlər var, onları görsünlər, özüm göndərəcəyəm ikisini də!

Həbsxana nəzarətçisi əlini maşının içinə uzatdı. Kimin yaxası əlinə gəldisə, çəkib maşından aşağı saldı. Maşın uzaqlaşanda nəzarətçi yerdəki üz-gözü göyərib şişmiş, qana bulaşmış girovlara təpik vurdu:

- Şellənmək vaxtı deyil, qalxın! Rəis sizə iş tapşıracaq!

Xəqani qalxanda gözucu qalxmağa çalışan digər girova nəzər yetirdi. Burada kiminlə qaldığını, bu bir-iki gün üçün hansı planları quracağını müəyyən etmək istəyirdi.

Onun adı Marks idi. Şuşa həbsxanasından iki ay olardı gətirmişdilər. Girovların “sakit adam” kimi tanıdığı orta yaşlı kişinin haqqında bircə o məlum idi ki, Füzulidəndir. Kənddə, qardaşı qızının toyunda ailəlikcə girov düşüblər. Bir müddət əvvəl BQXC Xankəndi uşaq xəstəxanasında saxlanılan həyat yoldaşını və üç övladını dəyişib. Başqa heç kim heç nə bilmirdi. Xəqani ona nə qədər güvənə biləcəyindən əmin deyildi. Ürəyindən keçirtdi ki, kaş Elmixanla qalaydım. Bu fikirlərlə nəzarətçinin arxasınca düşüb, təmizləyəcəkləri yerə gəldilər:

- Buraları təmizləyin, süpürün, qabları da yuyun, sonra kameranıza cəhənnəm olub, yatın! Əsas işimiz səhər olacaq!

Burada işləyəndə onların üzərində xüsusi nəzarətçi dayanmırdı. Necə də olsa, bağlı qapılar arxasında idilər, həbsxanadan hara qaçacaqdılar?

Çirkli qablar bir-birinə qarışıb, ciliklənmiş butulka qırıqları ətrafa səpələnmişdi. Xəqani işləyərkən səssizcə Marksı müşahidə edir, ona nə qədər güvənəcəyini bilmək istəyirdi. Marks da Şuşa həbsxanasından gəlmişdi, ora dönməyin hər gün bir az ölmək olduğunu yaxşı anlayırdı. Amma birdən Marks da Bəşir kimi, “Sən qaçsan, mən qışqıracağam!” deyərsə... Hər bir halda, ehtiyatlı olmaq lazım idi. Xəqani nə qədər götür-qoy eləsə də, işlərini yekunlaşdıranda hələ də bir qərara gələ bilməmişdi.

İkisi də yanaşı dayanıb, otağa nəzər saldılar. Yaddan çıxan, gözlərindən yayınan bir şey qalmayıbmı deyə diqqət kəsildilər. Hər şey qaydasında idi, indi kameraya qayıdıb uzanmaq, bədənlərinin sızıltılarını dinləyərək, səhəri gözləmək olardı. Xəqani Marksa tərəf çevrilmədən, özünün belə güclə eşidəcəyi səslə çarəsizliklə pıçıldadı:

- Gəl qaçaq, bizi arxadan güllələsinlər... Şuşa türməsinə qayıtmaqdansa...

Susdu... İndi Xəqaninin həyatı naməlum girovun dodaqları arasında idi. Ya birlikdə yola çıxıb, xilas olacaq, ya da ələ keçib yadına belə salmağa ürpəndiyi dəhşətlərə məruz qalacaqdı...

Davamı olacaq...