FLAŞ


Tovuzda şagirdlərin həyatı təhlükədə: Uçmuş tavan, dağılmış döşəmə

- VİDEO


http://news.lent.az/upload/images/news/2016/october/06/big/c2bffc519ada826fa6e29b631bbbc2ec.jpg

"Xəstələndim, dərsə getmədim, direktor dedi ki, qovulacaqsan".


Hər il yüksək nəticələri ilə fərqlənən Tovuzdakı Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində, deyəsən, keyfiyyətli təhsildən əsər-əlamət qalmayacaq. Çünki məktəbdə təhsil almaq günü-gündən təhlükəyə çevrilir.

Bolge.info-nun ARB-yə istinadən məlumatına görə, məktəbli Nahid Hacızadə Tovuz  rayon Yusif  Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində 9-cu sinifində təhsil alır. Səhhətində yaranan problemlərə görə bir neçə gün dərslərindən uzaq qalıb. Həmsöhbətimin başına gələnlərə səbəb təhsil ocağının qəzalı vəziyyətdə olmasıdır.


Nahid Hacızadə - məktəbli: 

"Bir müddət xəstələndim, dərsə gedə bilmədim. Direktor narazılıq etdi, danlayıb bildirdi ki, daha artıq dərs buraxsan, dərsdən kənarlaşdırılacaqsan".

Məktəbli həmçinin bildirdi ki, yağış yağarkən sinifdə durmaq mümkün olmur.

Nahid Hacızadə - məktəbli: "Yağan yağış sinfə yağmışdı. Tavanı da yuyaraq aşağıya tökmüşdü. Həmin gün biz sinifdə dərs keçə bilmədik. Bizi başqa sinifə, müvəqqəti olaraq, dərs keçməyə göndərdilər".

1971-ci ildə tikilən məktəb indiyə qədər təmir olunmayıb. Bu səbəbdən də sinif otaqları yararsız vəziyyətdədir. 6 saat ərzində pəncərəsi qırıq, döşəməsi sınıq, qapısı örtülməyən, tavanı da qəzalı vəziyyətdə olan otaqlarda oturmaq belə çətindir. O ki, qaldı müəllim dərs deyə, şagird də rahat şəkildə mənimsəyə.

Müəllim və şagirdləri narahat edən digər məsələ də var. Təhsil ocağını isitmək üçün müasir qızdırıcı qurğular quraşdırılsa da, işləmir. Divarlara asılan istilik radiatorları sanki göz dağıdır.

Məktəbin direktoru deyir ki, mərkəzləşmiş istilik sistemi iki il qış mövsümündə işləyib. Ötən ilin qışında isə xəbərdarlıq edilmədən qazanxananın fəaliyyəti dayandırılıb.

Tovuz dağətəyi ərazidə yerləşir və havalar vaxtından tez soyuyur. Qarlı şaxtalı günlərə də az qalıb. Nahid kimi digər məktəblilər də yenidən soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalacaqlar. Bəs bunun günahkarı kimlərdir?

Araşdırmalarımız zamanı bəlli oldu ki, təhsil ocağının qazanxanası mavi yanacağa olan borca görə qapadılıb

"Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinə nə qədər borcun olduğunu müəyyənləşdirmək bir qədər vaxtımızı aldı. Rayon Təhsil Şöbəsindən bildirildi ki, sözügedən məktəbin qazanxanasının fəaliyyəti üçün Təhsil Nazirliyinin nəznindəki 6 saylı maliyyə hesablaşma mərkəzi vəsait ödəyir. Ancaq qurumun rəhbəri Emin Əliyev isə bildirdi ki, həmin məktəb onların balansında deyil.

Tovuz rayon Maliyyə İdarəsində isə bildirildi ki, məktəb rəhbərliyi müqavilə şərtlərilə tanış olmadan sənədə imza atıb. Bu səbəbdən də işlədilən mavi yanacağın sərfiyyatı ikiqat hesablanıb. Buna aydınlıq  gətirmək üçün yenidən başıbəlalı məktəbə üz tutduq.

Beləcə suallarımıza "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətində cavab axtardıq. Qurumun abonent xidməti şöbəsinin rəisi Rafiq Əliyev bildirdi ki, sözügedən məktəbin qazanxana fəaliyyəti üçün müqavilə  2014-2015 -ci tədris ili müddətində Azəristiliktəchizat ASC ilə Tovuz rayon Təhsil Şöbəsi arasında bağlanıb. Məktəbin hazırda istifadə etdiyi mavi yanacağa olan borcu isə 57 min manatdır.

Müqavilənin imzalanmasını Tovuz rayon Təhsil Şöbəsi də təsdiqlədi. Vəsait çatışmazlığından qazanxanaya qaz təchizatının dayandırılması barədə Azəristiliktəchizata məktub ünvanladıqlarını da bildirdilər. Yeni tədris ili üçün isə yeni müqavilə imzalanmayıb. Borc tam ödənilməmiş yeni razılaşmanın əldə edilməsi mümkün olmayacaq.

Beləcə, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi bu qışı da soyuq divarlar arasında keçirməli olacaqlar.