FLAŞ


Dollar bahalaşanda qalxan qiymətlər niyə enmir?


http://musavat.com/data/largenews/dir389/img2210848.jpg

ABŞ valyutası ucuzlaşsa da, marketlərdə qiymətlər düşmür

 

Bir müddət öncə dollar sürətlə bahalaşanda, qara bazarda məzənnə 1.8 AZN-ə qalxanda bazarlarda bir günün içində qalxan qiymətlər indi manatın nisbətən gücləndiyi ərəfədə enmir. Əksinə, bahalaşma əvvəlki sürətlə davam edir.
 
Bu isə istehlakçıları narazı salmaqla yanaşı, cəmiyyətdə sosial gərginlik yaradır. Hər gün qiymətlərin qəpik-qəpik qalxması insanların içində qiyam yetişdirir, mövcud iqtidardan narazılığa səbəb olur.
 
Aidiyyəti dövlət qurumları isə nəinki bahalaşmanın qarşısını almır, əksinə, prosesə seyrçi qalırlar. Bazarda qiymətlərlə bağlı sabotaj edənlərə qarşı hər hansı cəza tədbiri görülmür.
Qiyməti artıran isə ayrı-ayrı mağazalar deyil, monopolist şirkətlərdir. Elə mövzu ilə bağlı üz tutduğumuz market rəhbərləri də bildirdi ki, bahalaşma məhsulu istehsal edən şirkətin atdığı addımdır.
 
Nizami rayonunda yerləşən “Qarabağ” marketin rəhbəri Şövqü Qədirovun sözlərinə görə, onlara bahalaşma yox, qiymətlərin ucuz olması sərf edir ki, alıcılıq azalmasın: “Malların qiymətinin artması bizim yox, şirkətlərin işidir. Hər gələn növbəti malda qəpik-qəpik qiymət artımı olur. Onlar hansı qiymətə verirsə, biz də onun üzərinə cüzi gəlir faizini qoyub satırıq. Çünki biz də işçiyə əmək haqqı veririk, vergi ödəyirik və sair. Ancaq bəzi marketlər kimi biz dollar qalxan kimi, malları qaldırmırıq. Köhnə malı satıb qurtardıqdan sonra yeni gələn malların qiymətini dəyişirik. Çünki bahalaşma bizə sərf eləmir. Qiymət artımı başlayandan, alıcılıq azalıb. Bizim də gəlirlərimiz azalıb. Əvvəl ağına-bozuna baxmadan bazarlıq edənlər, indi siyahı tutub gəlir, hər ərzaqdan 200-300 qram alır. Bu da bizim gəlirlərimizi azaldıb. Əvvəlki dövrlə müqayisədə vəziyyətimiz çox çətindir”.
 
Dolların ucuzlaşması ilə bağlı ərzaq məhsullarında da qiymət ucuzlaşmasının olub-olmamasına gəlincə, market rəhbəri Azərbaycanda qiymətlərin bahalaşdıqdan sonra ucuzlaşma təcrübəsinin olmadığını diqqətə çatdırdı: “Uzaq başı, dolların ucuzlaşması ilə bağlı sabitlik yarana bilər, bahalaşma dayana bilər. Bundan sonra da bahalaşma gözlənilir. Şirkətlər özləri qiymətləri qaldırır. Son  olaraq, bəzi məhsullarda  gömrük rüsumları 40  faiz qalxıb. İndi noyabrın 1-dən sonra həmin mallar 40 faiz bahalaşacaq. Bizə də hansı qiymətlər mal gəlsə, o qiymətlə də satacağıq”.
 
Şövqü Qədirov deyir ki, İqtisadiyyat Nazirliyinin əməkdaşları vaxtaşırı gəlib yoxlayırlar, bahalaşma varsa qeydə alırlar, gedirlər. Artıq ondan sonra nə proses gedir biz bilmirik. Hamı bilir ki qiyməti marketlər yox, şirkətlər qaldırır.
 
Nizami rayonunda yerləşən “Ruzi” marketdə də məsul şəxslərdən biri suallarımızı cavablandıraraq bildirdi ki, hazırda bazarlarda gedən bahalaşma ən çox onlara ziyan vurur: “Şirkətlər hər dəfə malın qiymətini bir az da artıraraq gətirirlər. Biz də məcbur olub qiyməti dəyişirik. Əvəzində isə alıcı itiririk, insanlar etirazlarını bizə bildirirlər. Ancaq hər kəs çox yaxşı bilir ki, bahalaşmanın günahkarı biz deyilik. Qiymətlər süni şəkildə qaldırılır”.
“Rahat” marketdən də bildirdilər ki, qiymətlərin artması ilə bağlı hər hansı şərh verə bilməzlər, çünki artımı market həyata keçirmir.
 
Qeyd edək ki, baş çəkdiyimiz marketlərdə alıcı göz dəymirdi. Əvvəllər kassaların önündə yaşanan sıxlıq indi yoxdur.
 
 
“Yeni Müsavat”a açıqlamasında bazarlardakı vəziyyəti təhlil edən iqtisadçı ekspert Azər Mehtiyev bildirdi ki, xüsusən ərzaq bazarında qiymətlərin qalxması təcrübəsi olsa da, ucuzlaşma təcrübəsi yoxdur: “Əslində Azərbaycan bazarında heç nə dəyişməyib. İllərdir bizim dediyimiz odur ki, Azərbaycanda ölkəyə məhsul gətirilməsində inhisarçılıq mövcuddur. Təbii ki, bu inhisarlar da məmurlar tərəfindən idarə olunan inhisarlardır. Dollarla bağlı baş verənlərə gəlincə, həmin iş adamları dolları kifayət qədər baha qiymətə alırlar. Yəni Mərkəzi Bankın elan etdiyi məzənnədən daha baha qiymətə dolları alırlar. Təbii ki, belə bir şəraitdə onların ölkəyə gətirdiyi malların ucuzlaşması mümkün deyil.
 
Burada başqa bir vacib məqam da odur ki, ümumiyyətlə, manatın taleyi ilə bağlı narahatlıq aradan  qalxmayıb. İnsanlar manatla olan vəsaitlərini dollara çevirib saxlayırlar. Ancaq uzun müddət  Azərbaycanda belə bir təcrübə formalaşıb ki, qiymətlər qalxsa da, sonradan düşmür. Çünki ölkədə rəqabət mühiti yoxdur. Rəqabət yoxdursa, qiymətlərin bazar tərəfindən tənzimlənəcəyini gözləmək yersizdir.  
 
Bundan əlavə, son günlər hökumətin qəbul etdiyi qərarlar da ölkəyə gətirilən idxal mallarının qiymətinin qalxmasına yönəlikdir.  Bu amillər hər hansı şəkildə qiymətlərin aşağı düşməsinə imkan vermir. Dolların kursu hətta kəskin şəkildə ucuzlaşsa belə qiymətlərin aşağı düşməsi müşahidə olunmayacaq".
 
A.Mehtiyev onu da qeyd etdi ki, hökumətin inzibati yolla qiymələri tənzimləmək siyasətinin bir nəticə verməyəcəyini də artıq hamı görür: “Ötən il baş verən devalvasiyalardan sonra da hökumət qiymət artımının qarşısını almağa çalışdı. Bu monitorinqlər nisbətən qiymət artımlarının qarşısını ala bilsə də, bütövlükdə prosesin qarşısını almaq mümkün olmadı. İndiki halda da atılan bu addımlar heç bir nəticə verməyəcək. Proseslər hökumətin qiymətlərin qalxmasına meyl etdiyini göstərir. Hətta Mərkəzi Bankın uçot dərəcələrini artırması da bu istiqamətdə atılmış addımlardan biridir. Hökumət bir tərəfdən inflyasiyanın qarşısını almağa çalışır, digər tərəfdən qiymətləri qaldırır. Bu baxımdan qiymət artımında inzibati amillərin üstünlüyü daha çox hiss olunur. Bu mənada qarşıdakı dövrdə də qiymət artımının qarşısını almaq mümkün olmayacaq”.