FLAŞ


Yastıq altındakı pulları” iqtisadiyyata necə yönəldək ?


http://musavat.com/data/largenews/dir386/img2197557.jpg
“Yastıq altında yatan pullar nə sahibi, nə də milli iqtisadiyyat üçün əlavə dəyər yaradır”.  Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu açıqlamasında səsləndirib. Ekspert qeyd edib ki, bu ilin yanvar ayı ilə müqayisədə iyul ayında əhalinin banklardakı əmanətləri 800 milyon manat azalıb: “Belə ki, ilin əvvəlinə 8 milyard 643 milyon manat əmanətə malik olan fiziki şəxslər son 7 ay ərzində 800 milyon manata qədər əmanətlərini banklardan geri çəkiblər”.
 
Qubad İbadoğlu vurğulayıb ki, bu durumun səbəbi banklara inamın itməsidir: “Ölkədə səhm bazarının inkişaf etmədiyini, mülk və torpaq bazarında durğunluğun hökm sürdüyünü əsas götürüb deyə bilərik ki, əhalinin geri çəkdiyi əmanətlərin bir hissəsi xaricə axıb, digər hissəsi isə xarici valyutalara çevrilərək hələ də yastıq altında saxlanılır. Belə olan halda bu pullar nə sahibi, nə də ki, milli iqtisadiyyat üçün əlavə dəyər yaratmır. Bunun başlıca səbəbi biznes mühitinin pis olması, eləcə də banklara inamın itməsi və səhm bazarının inkişaf etməməsidir”. 
 
Yastıq altında saxlanılan pullar məsələsi uzun müddətdir ki, gündəmdən düşmür. Həm hökumət rəsmilər həm də ekspertlər bunun iqtisadiyyata mənfi təsir etdiyini bildirirlər. Vətəndaşın isə banklara inamı qalmadığından vəsaitlərini əmanət olaraq yatırmaqdan çəkinir. Yastıq altında saxlanılan pullar digər tərəfdən oğruların hədəfində olduğundan təhlükəsizlik problemi yaradır.
 

Bəs həm hökumət, həm də vətəndaşlar üçün uğurlu olan yol nədir? 

 
“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov da vurğuladı ki, yastıq altında olan pulların həcmi artmaqdadır: “Nəzərə alsaq ki, birinci devalvasiyadan sonra banklardan böyük məbləğdə vəsaitlərin çəkilməsi müşahidə olunur. Depozitlərin bir qismi vətəndaşlar tərəfindən çəkilərək evlərdə saxlanılır. Bu da vəsaitləri real sektordan uzaqlaşdırır. Məlum olduğu kimi, real sektora pul əsasən banklar vasitəsilə daxil olur. Vətəndaşlar həmin vəsaitləri hansı istiqamətə yönəldə bilər? Daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi, bu baxımdan yatırımın sərfəli olmaması həmin vəsaitlərin daşınmaz əmlak sektoru vasitəsilə də real sektora daxil olmasına imkan vermir. Həmçinin valyuta riskləri də vəsaitlərin real sektora yönəlməsini xeyli dərəcədə ləngidir. Real sektor həm də vətəndaşlardan cəlb edilən vəsait hesabına maliyyələşməlidir. Vətəndaşların yerləşdirilən vəsaitlər hesabına gəlir əldə etməsinə şərait yaratmaq və stimullaşdırmaq lazımdır.  Bu da imkan verəcək ki, real sektora əlavə sərmayənin cəlb edilməsi mümkün olsun”. 
 
İqtisadçı ekspert onu da vurğuladı ki, bu gün banklardan vəsaitlərin çəkilməsinin əsas səbəblərindən biri banklara inamın az olmasıdır: “Ona görə də banklara inamın artırılması istiqamətində fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Real sektora daxil olan vəsait daha çox real sektor vasitəsilə daxil olur. Bankların birləşdirilməsi prosesi olduqca vacibdir. Biz təklif edirik ki, bankların məcmu kapitalına yenidən baxılsın və artırılması həyata keçirilsin ki, bu, nisbətən riskli bankların birləşməsinə zəmin yaratsın. Eyni zamanda stimullaşdırıcı tədbirlərlə bankların birləşdirilməsinə nail olmaq lazımdır. Son 1 ildə 10 bankın müflis olmasına baxmayaraq, Azərbaycan da bankların sayı yenə də çoxdur. Həmin bankların müflisləşərək sıradan çıxması yox, birləşərək sayının azalmasına ehtiyac var. Mərkəzi Bank, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası hələ ki buna nail ola bilmir”. 
 
Ekspert yatırım vasitəsi kimi istiqrazların uğurlu variant olduğunu diqqətə çatdırdı: “Yatırım vasitəsi kimi vətəndaşlara müxtəlif  istiqrazlar da təklif olunur. Bu istiqrazlar depozitlərlə müqayisədə daha cəlbedicidir. Xüsusən son olaraq SOCAR-ın təklif etdiyi istiqrazlar 5 faiz gəlir vəd edir ki, bu da kommersiya banklarının gəlir dərəcəsindən 2 dəfə çoxdur. Dövlət Neft Şirkəti tərəfindən buraxılsa belə, həmin istiqrazlara dövlət zəmanətinin verilməsinə, bu yolla vətəndaşların istiqrazlar almasının stimullaşdırılmasına ehtiyac var. İstiqrazlarla bağlı öhdəliklərin tam olaraq dövlət tərəfindən qarşılanması vacibdir. Vətəndaş inanmalıdır ki, onun istiqraza yatırdığı vəsait təhlükədə deyil, əksinə, ona gəlir gətirəcək və istədiyi zaman həmin vəsaiti nağdlaşdırıb götürə biləcək. Burada ən əhəmiyyətli məqam inamın formalaşmasıdır. Bütün hallarda hökumətin buna nail olmasına ehtiyac var”. 
 
V. Bayramovun sözlərinə görə, istiqrazlarla bağlı risklərin də tənzimlənməsi vacibdir: “Pulu olan vətəndaşlar investisiya qoymaqda maraqlı deyillər. Bütün  hallarda banklara və qiymətli kağızlar bazarına inamın formalaşması vətəndaşların yastıq altındakı pullarını real sektora daşımasına şərait yarada bilər.
 
Yatırım vasitəsi kimi qızıl da seçilə bilər. Çünki son zamanlar qızılın da qiymətində artımlar var. Ancaq emal edilmiş qızıl yığım vasitəsi kimi cəlbedici deyil. Çünki onun alış və satış qiyməti arasında fərq var. Ancaq külçə formasında qızılın  alınmasına üstünlük verilə bilər. Ancaq bu  zaman da qızılın saxlanılması ilə bağlı təhlükəsizlik məsələsi önə çıxır".