FLAŞ


İnək sağan ananın döşlərindən boylanan xərçəng


http://news.lent.az/upload/images/news/2016/september/22/big/68724409f1ef56d62405692a03ea9f26.jpg

Qəşəm Nəcəfzadə

 

Yenə xəstəxanaya getmişdm, yenə həkim növbələri, həkimlərə  müştəri tapan tibb bacıları… Hər  qapının ağzında 20-30 adam. Hiss edirsən, bu adamlar lap uzaqdan gəliblər. Həm ərazi, həm də zaman  baxımından - illərin, dağların o üzündən  yol tutublar, axırda gəlib həkimlərin növbəsində duruş gətiriblər. 

Bax, bu orta yaşlı kişi gəlib bura çıxanacan ayaqqıbları köhnəlib, köynəyi solub,   bir  düyməsi qırılıb, elə bil, evlərindən çıxanda qış imiş, indi gəlib yayın son ayında yetişib bura.  Əynində kürk, arvadının başında yun şal, ayağında qalın corab. Arvadı yaylığı tez-tez açıb örtür. Kişi qoltuq cibindən tez-tez pullarını çıxarıb sayır. Qıpqırmızı yüzlüklər, sapsarı əlliliklər, gömgöy dollarlar, onun qabarlı əlinə, kirli və köhnə əyin-başına yaraşmır. O pullar heç cür kişiyə uyğun  gəlmir. Adama elə gəlir ki, bu kişinin əlində ancaq əzilmiş manat ola bilər. Belə pulların  ona yad olduğu  kənardan bilinir.

İndi par-par parıldayan yüzlüklər az qala xoruzun quyruğu kimi kişinin əlindən sürüşüb  çıxsın. Nabəlləddi kişi yüzlüklərə. Üzünün qəmi ilə bu pullar  bir-birinə ziddir.

Növbəyə duranlarda  qəribə xasiyyət  var. Həkimə nə qədər pul  verəcəklərini bir-birilərinə  düz demirlər, hamı gizlədir. Guya həkim pul-zad alan deyil. Biri deyir, nəyə  gücün çatır, versən yaxşıdır. Biri də lap söhbətin ortasından vurur. Deyirlər, bu həkimin qəbulu 50 manatdır.  Düşünmək olar ki, bu həkimin öz adamı ola bilər. Ona tapşırıb ki, çıx xəstələrin arasına belə bir xəbəri  yay.

Əgər  mən  durub  ucadan desəm ki,  bura dövlət xəstəxanasıdır, pul verməyin, həkimlər sizi aldadır, onda bilirsən nə olar? Bu adamların özləri durub mənə qarşı çıxar.  Heç kəs “sağ ol” deməz. Durub deyərlər ki, sənin nə borcuna qalıb, veririk öz pulumuzu veririk, sənə nə? Hələ bir-iki ağzıgöyçək də bu sözlərin  üstündən aş qarası kimi bir sözü deyər: “Bəs həkimlər nəynən dolansın?”

Pul sayan kişinin ayaqqabıları qoyun mizinə batıb. Səməd Vurğun demiş: “Görünür əlində kəndir izləri, cırıq şalvarından çıxmış dizləri”. Aha, tapdım, o kişi dünən yanı balalı inəyini satıb, arvadını həkimə gətirib. Kasıblarda bu cür pullar mal-qoyun satanda  olur, necə deyirlər, iki-üç gün əlləri pulla oynayır. Ona görə də o yüzlüklər onun əllərinə yaraşmır. Mən əvvəl düşünürdüm ki, yəqin, kredit pulu olar. Yox,  amma kredit pulları bu  qədər şax  və özü də çox görünə bilməzdi. Çünki banklar  pulu  o qədər zülmlə və yüksək faizlə verir ki, axırda götürdüyün əzilmiş manatlar və  beşliklər xəcalətlərindən özlərini heç kəsə göstərmək istəmirlər.

Hə, deməli,  kişi inək satıb, özü də yanı balalı. Adətən kənd yerlərində yanı balalı inəkləri  Bakıya  xəstə aparanda satırlar. O inəyin üstündə nə qədər arzu vardı. Məsələn, oğlu deyirdi,  köhnə bir maşın alarıq. Qızı fikirləşirdi ki, bu inəyin  pulu ilə  atası yəqin, ona cehiz ala  bilər. Atanın   bu inəyi satmaq fikri olmayıb heç. Niyə satsın ki?! Südüylə bir külfəti dolandıra bilər. Amma xərçəng nə deyirmiş? O da inəyi çoxdan qaralayıbmış. Onun südünə göz dikibmiş. “Yalnız mənim üçün satılacaq bu inək” -  deyirmiş. Ona görə də gedib ananın döşlərində süd vəzinin üstündə oturubmuş. Hər inəyi sağanda ananın  döşlərindən inəyin südünə baxırmış xərçəng.

Kişi pulu bir də çıxardır. Yenidən o biri cibinə qoyur. Arvadı da o pullara  baxaraq heç kəsin hss eləmədiyi bir tərzdə  zövq alır. Sonra yanındakı  arvadların üzünə baxır. “Yəni mənim kişim hamıdan pulludur”. Bu, çox kədərli bir sevinc hissidir.

 

Lent.az