FLAŞ


Eldar Mahmudov ikinci cəbhə açır: oyuna “vəzir” dən sonra “fil” qoşulur...


http://musavat.com/data/largenews/dir345/img2030940.jpg

Öz xanasını qorumaq üçün güclü fiqurları qurban verən Eldar Mahmudovun bu taktika ilə həbsdən qurtulduğunu demək olar; Cahangir Hacıyevi danışdıran sabiq nazir indi ortaya Çovdarovu çıxarır; Mahmudov təslim olub, imperiyası başına uçurulub, amma onun missiyası indi tam fərqlidir... 

 

Gələn həftə milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasının 11 ayı tamam olur. Ötən il oktyabrın 17-də gözlənilmədən vəzifəsindən uzaqlaşdırılan sabiq nazirin rəhbərlik etdiyi strukturda baş vermiş cinayətlər bütün çılpaqlığı ilə üzə çıxsa da, ən yaxın adamları qandallansa da, özü azadlıqdadır.
 
Şahmatda şah öz xanasını  qorumaq üçün güclü fiqurları qurban verdiyi kimi Eldar Mahmudov bu taktika ilə özünü həbsdən qorudu demək olar. İndi onun ən yaxınında olmuş general Akif Çovdarovun məhkəməsi başlamaq üzrədir, qudası Cahangir Hacıyev isə mühakiməsi davam etməkdədir. E. Mahmudov hakimiyyətdə  itirilmiş mövqelərinin bir daha bərpa edə bilməyəcəyinin fərqindədir, eləcə də ən yaxın adamlarının dəmir barmaqlıqdan qurtara bilməyəcəyini də yaxşı bilir.
 
E.Mahmudovun niyə toxunulmaz qaldığı barədə ən ağlasığmaz versiyalar var. Şantaj məqsədi ilə topladığı pornokasetlərdən tutmuş arxasında güclü dövlətlərin kəşfiyyatının dayanmasına qədər versiyalar səslənib. Mahmudovu həbs etmək bir dəqiqənin işidir, onu birinci şəxsin qəzəbindən qoruya biləcək qüvvə yoxdur. Nə xarici kəşfiyyat, nə bildikləri sirlər onu xilas edə bilməz. 
 
İmperiyası başına uçurdulsa da, “Mahmudov qorxusu” hələ də var. Ondan bəziləri hələ də çəkinir, adı çəkiləndə danışmağa ehtiyat edir, çoxları isə Çovdarov kimi onun qandallanmış fotosunu görmək arzusu ilə yaşayır, amma çifayda...Ehtimal var ki, Mahmudovu məhz o mifini davam etməsinə görə həbs etmirlər. İddialara görə, Mahmudovun biznesi də, əmlakı da qorunur, bağ evlərində ailəvi yemək-içməklər də öz yerində...Hətta oğlu da şəhərdə rahat gəzir, maşınının saxlayan DYP əməkdaşı ilə əvvəlki statusunda danışmaqdan belə çəkinmir. Mahmudov sanki “Domokl qılıncı” kimi bəzi adamların başının üzərində asılıb.  
 
Image result for Cahangir Hacıyev
 
Diqqət edək: Cahangir Hacıyev məhkəmədə mənimsədiyi pulların hesabatını vermək əvəzinə maliyyə naziri ilə vuruşur.  Onu ittiham edir, onu devalvasiyada günahlandırır, onu Beynəlxalq Bankda baş vermiş qanunsuzluqlara şərik etmək istəyir. Bundan əvvəl Eldar Mahmudovun xaricdən təşkil etdiyi deyilən “üçqat” agent Samir Şərifovla Cahangir Hacıyevin köhnə hesabları var, elə Eldar Mahmudovla da. Amma bankirin demək olar ki, hər prosesdə Maliyyə Nazirliyini hədəf göstərməsi yalnız özünü qorumaq niyyəti ola bilməz. Cahangir Hacıyevə uzun “srok” görünür, onu hansısa nazirliyi hədəf göstərməsi onun cəzasını azaltmayacaq, əksinə bəlkə də artıracaq. 
 
Image result for Samir Şərifov
 
Amma Cahangir Hacıyev susmur. Maliyyə Nazirliyi indiyədək mediada ünvanına səslənən yüzlərlə müxtəlif səpkili ittihamlara bir cümləlik  cavab verməyə ərinərdi, indi isə səhifə-səhifə cavablar gəlir. Samir Şərifov ağıllı maliyyəçi olmaqla bərabər, təcrübəli menecer , texnoloqdur. O atılan daşın kim(lər) tərəfindən atıldığını yaxşı bilir, ona görə də müdafiəsini təşkil etmək, qarşı tərəfi susdurmaq üçün hələ heç yerdə səslənməyən Beynəlxalq Bankdan mənimsənilən 5 milyardın ofşor zonalarda gizlədilməsini yada salır, o da mesaj verir...
 
Image result for Eldar mahmudov
 
Mümkündür ki, C.Hacıyev  ona “dil verən”in cızdığı sədlərdən arada kənara da çıxır, ittihamları sərtləşdirir, bəlkə də yaxınlarda daha “güclü bomba” da partladacaq. Qarşıda onun və vəkillərinin məhkəmə çıxışı, son sözü var...
 
Əsil “bomba” isə Akif Çovdarovdadır. Sentyabrın 20-də məhkəmə qarşısına çıxarılacaq general indidən nələri danışa biləcəyini anons edir. Belə xəbərlər var ki A.Çovdarovun məhkəməsi qapalı deyil, açıq olacaq. Çovdarov bütün hakimiyyətin stixiyasını  bilən  beş-altı  generaldan biridir.  O, Cahangir Hacıyevdən daha  “çərt qoz” olduğunu artıq sübut edib. Hətta siyasi dustaqların mübarizə metodlarından istifadə edərək aclıq aksiyası keçirib.  Üstəlik, məlum olur ki, onun sosial-klan dayaqları da var: Borçalı kökənli Çovdarovun arxasında bu mahalın bir sıra tanınan isimləri dururlar. Deyilən budur ki, Akif Çovdarov proqnozlaşdırılmayan adamdır, yəni o, Cahangir Hacıyevin çıxışlarından daha çox kənara çıxa bilər, hədəfi daha çox məmur, onlarla əməkdaşlıq edən şok agent isimləri ola bilər. Amma  istənilən halda, Çovdarov da Eldar Mahmudovun cızdığı plana uyğun olaraq danışacağı gözlənilir. Təsadüfi deyil ki, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu Akif Çovdarovun agentura şəbəkəsini ifşa edə biləcəyi ilə bağlı anonsuna “görünür ki, o, yalnız öz adından deyil, həm də keçmiş şefi Eldar Mahmudovun adından bu cür çıxışlar edir... Nə qədər ki, Eldar Mahmudov həbs edilməyəcək, Akif Çovdarov və onun başqa şərikləri belə çirkin işlərlə məşğul olmağa davam edəcəklər. Bütün bunlar o vaxt qurtaracaq ki, Eldar Mahmudov layiq olduğu yerdə - dəmir barmaqlıqlar arxasında əyləşəcək” deyərək, münasibət bildirib. 
 
Eldar Mahmudov təslim olub, müqavimət göstərmək gücündə də deyil. Amma onun missiyası yuxarıdada deyildiyi kim, indi tam fərqlidir. Bir vaxtlar  taxtada fiqurları düzən MTN şefi indi özü bu oyunda adi bir fiqur kimi görünür.  Ortaya indi Çovdarovun simasında “fil” çıxarılsa da...
 
“Yeni Müsavat”