FLAŞ


Oğrunun hörməti...


http://www.qafqazinfo.az/newsphotos/2015/09/12/seymur-verdizad.jpg

Seymur Verdizadə

1999-cu ildə ustad jurnalist İlqar Əlfinin təsis etdiyi “Avtoritet” qəzetində işləyəndə qəribə hadisə ilə üzləşmişdim. Hələ redaksiyaya uyğunlaşmağa macal tapmamış otağa qalın qaşlarını qara eynəyinin altında gizlətməyə çalışan qoca bir kişi daxil olmuşdu. Ədəb-ərkanla salam verəndən sonra İlqar müəllimin nə vaxt gələcəyini soruşmuşdu. İlk dəfə gördüyüm bu ağsaqqala boş stullardan birində yer göstərib, bir qədər gözləməyi məsləhət görmüşdüm. Baş redaktorumuzun yolda olduğunu bilirdim...

Qızlar çay tədarükünə başlayanda fikrimi cəmləyib, bir az əvvəl redaktə etdiyim yazını yenidən oxumağa girişdim. Növbəti abzasa keçəndə, yerimdə donub qaldım. Məlum oldu ki, xatirələrini danışan şəxs 26 il həbsxana həyatı yaşamış keçmiş məhbusdur. Qeyri-ixtiyari olaraq, müəllifə tərəf çevrildim: “Doğrudan, bu adam 26 il türmədə yatıb?”

Müəllifdən əvvəl operatorumuz dilləndi: “Bu adam mənim atamla eyni həyətdə böyüyüb. Danışdıqlarının hamısı doğrudur. Yazıq kişi ömrünün yarısını türmələrdə keçirib”.

Əlimdəki qələmi masaya çırpıb, başımı tutdum: “Dəhşətdir! İnsan Allahın verdiyi ömrün 26 ilini məhbəsdə necə keçirə bilər?”

Heç kimdən səs çıxmadı. Sükutu bir az əvvəl redaksiyamıza təşrif buyurmuş ağsaqqal pozdu: “Ay oğul, bunda nə var? Mən, düz 36 il türmədə yatmışam”.

Kişiyə çəpəki nəzər salsam da, heç nə demədim. Həmin adamın sovet dövrünün məşhur kriminal avtoriteti Sanka Ustyumski olduğunu İlqar müəllim redaksiyaya gələndən sonra öyrəndim...

Bəlkə də inanmayacaqsınız, həmin vaxt 24 yaşım olsa da, türmə həyatı barədə məlumatlarım çox az idi. Baxdığım filmlərdən, bir də oxuduğum kitablardan həbsxana həyatı barədə müəyyən bilgilər əldə edə bilmişdim. Böyüdüyüm mühitdə vaxtilə məhbəsdə yatmış bircə nəfər də olmayıb. Əgər kiminsə yolu əvvəllər həbsxanadan düşübsə, o da ciddi-cəhdlə bu faktı gizlətməyə çalışıb. Bunu yazmaqla vaxtilə yolu məhbəsdən keçmiş insanlar barədə heç də mənfi rəy yaratmaq fikrində deyiləm. Allah uzaq eləsin, heç birimiz bu taledən sığortalanmamışıq. Demək istədiyim odur ki, Azərbaycanda kriminal aləmə maraq heç vaxt indiki qədər güclü olmayıb. Rövşən Lənkəranski kimi tanınan məşhur kriminal avtoritet Rövşən Canıyevin ötən gün baş tutan qətli bunu sübut etdi.

Dünən axşamdan bəri Rövşən Lənkəranski ilə bağlı oğlum mənə 20-dən artıq sual verib. Hiss edirəm ki, mərhum Lənkəranskinin həyatı Şahini yeni aldığı kitablardan daha çox maraqlandırır. Bunu Şahinin yeniyetməlik çağında olması ilə əlaqələndirib, vəziyyətdən çıxmaq olar. Amma söhbət ondan gedir ki, Lənkəranskinin faciəli ölümü ölkənin gündəmini dəyişib. Hətta müğənni Röya da bu qətlə münasibət bildirib.

“Avtoritet” qəzetində işlədiyim iki il ərzində kriminal aləm barədə müəyyən bilgilər əldə edə bildim. Həmin məlumatları analiz edəndən sonra insanların kriminal avtoritetlərə rəğbət bəsləməsinin səbəbini tapdım. “Qanuni oğru” tituluna layiq görülən bu adamların çoxu uşaqlıq və gənclik illərində haqsızlığa məruz qalsalar da, həmişə haqq-ədalət tərəfdarı olublar. Sovet dövründə kriminal aləmin yazılmamış qanunları vardı. Həmin “qanunlardan” biri də bu idi ki, “qanuni oğru” titulunu daşıyan adamın bığı mütləq sarı rəngdə olmalıdı. Bu, həmin adamın ucuz siqaret çəkdiyinə dəlalət edirdi. “Obşak”ın malına “qanuni oğru” nəzarət etsə də, onun bahalı siqaret çəkməyə, kalorili yemək yeməyə, məhbus qardaşlarından daha yaxşı geyinməyə ixtiyarı yox idi. Əsl “qanuni oğru” heç bir ünvanda daimi qeydiyyatda olmurdu. O, ömrünü məhbuslarla bir yerdə həbsxanada keçirir, onları həmişə haqsız hücumlardan qoruyurdu. Bu cür ədalətli yanaşma tərzi sovet insanında “qanuni oğru”lara qarşı rəğbət yaratmışdı. Cəmiyyətin müəyyən kəsiminin Rövşən Lənkəranskinin ölümünə verdiyi reaksiya göstərir ki, yuxarıdakı tendensiya bu gün də davam edir. Məktəb direktorunun şagirdlərin ixtiyarında olan partaları satıb, pulunu yediyi bir mühitdə nəfsinə hakim olmağı bacaran insana hər kəs hörmət edir. Hətta oğru olsa da...

Rövşən Lənkəranskiyə Allahdan rəhmət diləyirəm. Eşitdiyimə görə, o, heç vaxt insanları cinayət törətməyə təşviq etməyib. Əksinə, ətrafında olan gəncləri bu yoldan çəkindirməyə çalışıb. Amma bu, bizə Rövşənin simasında cinayətkar aləmi təbliğ etməyə haqq vermir. Kriminal aləmdə təmsil olunduqlarına görə Bəxtiyar, Cavanşir, Söhbət, Mamed, Hikmət kimi Azərbaycan oğullarının ömrü yarıda qırılıb. Kriminal aləm insanlara həmişə göz yaşı, bədbəxtlik gətirib. Kriminal aləm minlərlə ananı gözüyaşlı, on minlərlə uşağı atasız qoyub. Özünü ziyalı adlandıran hər kəs bu həqiqətləri yüksək səslə bağırmağı bacarmalıdır. Hansı ki, dünəndən bəri ölkə mətbuatının gündəmini məşğul edən mərhum Rövşənin özü də həmişə həqiqətin tərəfdarı olub...

 

Qafqazinfo.az