FLAŞ


Zorlansaydım, məni də anam öldürərdi...


http://www.qafqazinfo.az/newsphotos/2015/10/14/gunel-movlu.jpg

Günel Mövlud

Bir neçə il əvvəl insan alverinin qurbanı olmuş bir qadının hekayəsi ilə tanış olmuşdum. Hər şey məsum bir öpüşdən başlamışdı. Məktəbin son sinfində oxuyanda, sinif yoldaşı ilə öpüşünü telefona çəkibmiş yeniyetmələr. Sonra o videonu qızın valideynlərinə göstərəcəkləri ilə hədələyiblər. Bu yolla şantaj edərək, hamısı intim əlaqəyə girib qızla. Qız təki ata-anası bilməsin deyə, 4-5 adamla cinsi əlaqəyə girməyə razı olub.

Daha sonra yeniyetmələr bu videonu qadın alverinin “peşəkarlarına” satıblar. Bu adamlar da videonu və üstəlik qızın oğlanlarla yatdığı xəbərini onun valideynlərinə ötürəcəkləri ilə şantaj edərək, qızı illərlə seks-işçi kimi istismar ediblər.

Bu hadisəni eşidəndə, məsələnin alternativini təsəvvür elədim. İlk şantaj zamanı qız evlərinə gedir və məsələni valideynlərinə açır. Valideynlər ona mənəvi dəstək verir, qızlarını şantaj edən oğlanların valideynləri ilə danışır. Problem qısa müddətdə həll olunur. Qız isə təhsilini davam etdirir, həkim, jurnalist, filosof, müəllim, fizika alimi olur... Misal üçün... Bu xoşbəxt tablo o zaman gerçəkləşərdi ki, o qız valideynlərinin mənəvi dəstəyinə ümid edəydi.

Əfsanə kimi...

Əfsanı dünən (3 avqust) anasına zorlandığını etiraf edən, ondan kömək uman, nəticədə qətlə yetirilən 15 yaşlı qızın adıdır. Bəli, 35 yaşlı qadın öz əlləri ilə on beş yaşlı qızını boğaraq, öldürüb. Səbəb o olub ki, qızı ona cinsi təcavüzə məruz qaldığını deyib. 15 yaşlı qız, anasına bu etirafı edərək, ondan kömək istəyib. 35 yaşlı ananın isə köməyi qızını şərflə boğaraq, öldürməkdən ibarət olub.

Yəqin ki, bu hadisənin dəhşətli olmasına heç kimin etirazı yoxdur. Amma belə bir səbəbə görə, belə bir qətl kimisə təəccübləndirdimi? Məncə, yox.

Gün uzunu sosial şəbəkələrdə müxtəlif yaşlarda, müxtəlif sosial statusda olan, müxtəlif peşə sahibləri onlarla azərbaycanlı qadınların bu xəbərə reaksiyasını izlədim. Böyük əksəriyyəti kədərlə etiraf edirdi ki, onların da başlarına bu hadisə gəlsəydi, yəni zorlanmış olsaydılar, onların da anaları eyni addımı atardı.

Kədərlə etiraf edirəm ki, zorlansaydım, məni də anam öldürərdi. Öldürməsə belə, atamın, qardaşlarımın, hər hansı bir qohumun zorlandığıma görə məni öldürməsinə razı olar və bu qətlə rəvac verərdi. Təəssüf ki, bu ehtimalı iddia etmək üçün çox şey yaşamışam. Əksini düşünməyi özüm də istərdim, heyf, heç bir şansım yoxdu.

Yaxşı, zorlanmağa məruz qalan qızı, həyat yoldaşını, bacını qətlə yetirməyə verilən “namus qətlləri” formulirovkası qınanılırmı cəmiyyətdə? Yox, təəssüf ki, biz belə qətllərə qarşı çlxanları görə bilmirik. Əksinə, qınanılan, ittiham edilən, təcavüz qurbanlarıdır. “Özündə olub günah!”, “Allah bilir, açıq geyinibmiş!”, “Gecə vaxtı çöldə nə işi varmış ki, zorlayıblar?” Qınayanlar isə həm kişilər, həm qadınlardır. Adam heyrətə gəlir – yaxşı, zorlayanın heçmi günahı yoxdu? Yəni qadının gecə küçədə gəzməyi, açıq geyinməyi onu zorlamağa əsas verir?

Bir qətlin adını, bir insanın başını kəsməyin, boğmağın, bıçaqlamağın adı “namusunu təmizləmək” qoyulursa, bu hal, bu qətlləri törədən insanlara, onların əməlinə verilən müsbət, təqdiredici münasibətdən xəbər vermirmi?

Zorlanmış, travma almış, fiziki və mənəvi əzablar çəkən qızların, qadınların susması, məruz qaldığı vəhşiliyi gizləməsi, susmağı ilə cinayətkarı qoruması üçün hər şeyi edir ictimai rəy. Azərbaycanda zorlama yeganə cinayət növüdür ki, cəzalanan qurbanlar cəzalanan cinayətkarlardan daha çox olur. Buna görə də zorlamalar artır. Cəzasızlıq, qınağa daha çox qurbanın məruz qalacağına inamdır bu cinayətlərin sayını artıran.

Yazının əvvəlində barəsində danışdığım qız zorlamalara, şantaja məruz qalanda valideynlərindən kömək istəmədi. Buna görə də, qadın alverinin qurbanı oldu. Zorlandığını anasına deyib, ondan kömək uman Əfsanə isə indi qara torpaq altında yatır. Heç bilmirsən, hansı daha dəhşətlidir...Heç bilmirsən, hansı daha pisini edib.

Amma ən dəhşətlisi budur ki, hər iki halda cinayətkarlar azadlıqdadır. Çünki ictimai rəyin qınaq, cəza ünvanı onlar deyil, qurbanlardır. İctimai rəy, “namus ləkəsi” qorxusu imkan vermir ki, qanun, polis, məhkəmə o cinayətkarları cəzalandırsın. Axı bu ölkədə zorlama cinayətinin cəzasını nəzərdə tutan, cinayətkara cəza kəsən qanun da, məhkəmə də var. Onların işləksizliyi isə bizim ictimai rəy qorxumuzdur, məsələni tabulaşdırmağımız, heç bir günahımız olmadığı halda utanmağımız, susmağımız, ən pis halda isə cinayətkarı deyil, qurbanı cəzalandırmağımızdır.

Və balalarımızı öz əlimizlə öldürtdürən, cinayətkarın cəzasız gəzməsinə rəvac verən bu halın adı – dəyər, namus, qeyrət, təmiz addır.

Hə, öldürək öz zorlanan balalarımızı. Namusumuzu təmizləyək. Həbsdə yataq namus üstə.

Cinayətkar isə azadlıqda gəzsin. Nə bilmək olar. Bəlkə yenə kimisə zorlama imkanı oldu. Nə vecinə. Ona cəza verən olmayacaq onsuz da...

 

Qafqazinfo.az