FLAŞ


Göyçayda sahibkarın əmlakını məhv etdilər


http://i.virtualaz.org/154350_res_01.jpg

“Göyçay Avtonəqliyyat” ASC-nin sədri Arif Əliyev İsmayılovlar ailəsinə məxsus əmlakı qanunsuz özəlləşdirib. Ailə ərazinin geri qaytarılması və özəlləşdirmə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırıb. A.Əliyev isə məhkəmənin qərarını gözləmədən İsmayılovlara məxsus əmlakı sökdürüb.

Bu barədə virtualaz.org saytına ünvanladığı şikayətində Zenfira Bəybala qızı İsmayılova bildirib.

Şikayətçinin sözlərinə görə, 2015-ci ildə müəssisənin arxa divarına zərər yetirilib. “Bu ilin aprelin 22-də ölkə başçısına müraciət etdim və şikayət araşdırılması üçün Göyçay Rayon İcra Hakimiyyətinə göndərildi. İyunun 8-də gecə saat 3-də divar tamamilə uçuruldu. Bununla da ürəyi soyumayan Arif Əliyev avqustun 2-də müəssisəmizi yerlə yeksan etdirdi. Bizə isə Azərbaycanı tərk etməyimizi tapşırdı”, - deyə zərərçəkən bildirir.

Z.İsmayılova söyləyir ki, ailəsinə məxsus sexi 1994-cü ildə tikiblər: “Həmin illərdə çörək qıtlığını nəzərə alaraq icra hakimiyyətinin imzaladığı müddətsiz müqavilə əsasında aldığımız və şəxsi vəsaitimiz hesabına tikdirdiyimiz çörəkbişirmə sexindən istifadə edə bilmirik. 1999-cu ildən, yəni Arif Əliyev müəssisəyə rəhbər təyin ediləndən sonra ailəmizə məxsus ərazini ələ keçirmək üçün bizə təzyiqlər edib. Onun qanunsuz əməlləri nəticəsində həyat yoldaşım İsmayıl İsmayılov, oğlum Vaqif İsmayılov, oğlumun 30 yaşlı övladı Elvin İsmayılov dünyasını dəyişib”. Şikayətçinin təqdim etdiyi sənədlərdə göstərilir ki, Göyçay Rayon İcra Hakimiyyətinin 1994-cü il, 20 dekabr tarixli, 661 saylı sərəncamı ilə ərazi İsmayılovlara verilib. Eləcə də avtodəstənin rəisi Mehman Məmmədovla 1995-ci il yanvarın 5-də 2723 saylı müddətsiz müqavilə bağlanılıb. Ailə həmin müqaviləyə əsasən 80 m² sahədə şəxsi vəsaiti ilə çörəkbişirmə sexi inşa edib.

“Arif Əliyev 2013-cü ildə “Avtonəqliyyat”ı tam özəlləşdirdi. Bundan sonra digər fəhlələrin, o cümlədən bizim ailənin səhimlərini də mənimsədi. Bütün bunlarla bağlı aidiyyatı qurumlara, həmçinin Göyçay Rayon Prokurorluğuna, rayon məhkəməsinə müraciət etmişik”, - deyə zərərçəkmiş söyləyir.

Z.İsmayılova deyir ki, Arif Əliyevin əməlləri nəticəsində ailəsinə maddi və mənəvi zərər dəyib. Ailə gəlirdən məhrum olub.

Şikayətçi iki dəfə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qəbulunda olub: “İcra başçısı məsələnin ədalətlə həll olunacağını dedi. Hətta tapşırdı ki, birmənalı olaraq sökülmüş ərazi tikilərək ailəyə qaytarılsın. İkinci dəfə də əmlakın bizə qaytarılacağını söylədi. Elə məhz buna görə də Arif Əliyev qəzəbləndi və əmlakımızı tamamilə məhv etdi. İcra başçısının tapşırıqları hələ də yerinə yetirilməyib”.

İsmayılovlar ailəsi Daxili İşlər Nazirliyinə müraciət edib. Avqustun 4-də nazirliyin əməkdaşı şikayətçilərlə görüşüb. “Bizim şəxsi əmlakımız mənimsənilir və burda birbaşa cinayət əməli var. Arif Əliyev hətta məhkəmənin qərarını da gözləmədi və dərhal əmlakıın dağıdılmasına göstəriş verdi”,-zərərçəkən deyir.

Ailə prezidentə müraciət edib. “Yeganə ümid yerimiz prezidentdir”, - deyir 74 yaşlı Z.İsmayılova.