FLAŞ


Fahişə sevmək xoşbəxtliyi


http://kulis.lent.az/upload/images/news/2016/august/05/big/7cd137c81033aee99398f13d4c502912.jpg

Kulis.az Ülvi Babasoyun “Xoşbəxtlikdən qorxanlar” essesini təqdim edir.

- Düzünü denən, ömründə bir fahişəyə aşiq olmusan heç? Ya da elə biriylə evlənərsən?

- Nə danışırsan, fahişəyə aşiq olmaq? Onnan evlənmək?

- Bəs nədi? Elələrinin qarşısında diz çöküb yalvar-yaxır edənlər var e.

- Yox a. Elə şey olar? Bayaqdan mənə deyirsən, de görüm, özün razı olarsan buna?

Nəinki indi, bütün zamanlarda çoxları belə düşünüb.

“Cinayət və cəza”da Raskolnikovu intihardan qoruyan sevgidir. Qayğılı və fədakar sevgi. Kimsəsiz və gözəl bir qızcığaza şəhvətlə deyil, mərhəmətlə, sevgiylə yanaşmaq. Qızı səfillikdən xilas etmək arzusu. Qınanmaq xofu Raskolnikovun xislətində yoxdu. Çox nadir və dəyərli hisslər var onda. Bir fahişənin qarşısında əyilmək qədər incə və nəzakətli duyğular. Özündən aşağı olanı sevmək. Sevmək və eşqin qarşısında balacalaşmaq. Əsl sevgi də bu deyilmi? Özündən zəifi sevmək. Aciz və qayğıya möhtac bir insana aşiq olmaq. Raskolnikov Sonyanın yaşamaq ümidi olur. Artıq o da var olmaq üçün bir səbəb tapır. Raskolnikov sevgi qarşısında əyilir. Başqa heç kəs və heç nəyin yox.

Bəs Anna Kareninada necəydi? Niyə sevgisi onu xilas etmədi? Çünki Anna yasaq və peşman eşq yaşamışdı. Vronskini ilk görüşü aşiq olmağa bəs etmişdi. Ondan asılı olmadan həyatı dəyişmişdi. Artıq ixtiyarı əlində deyildi, ürəyindəydi. Tolstoy məhz bu məqamı göstərmək istəyirdi. Sevgi ixtiyarsız ola bilər. Ancaq iradə də var axı. Seçim etmək isə çox çətindi. O, çarəsizdi. Sevgi və iradə arasında qalan çıxılmazlıq yaşayırdı. Tolstoyun ekzistensiyası lirik və mürəkkəbdi. Nə olur-olsun, eşqə təslim olmaq yolunu seçmişdi Anna. Hisslərinin əksinə getmək onun sonuncu və gözəl seçimi olacaqdı. Geri qayıtmaq mümkün olmayan səfərin başlanğıcı idi.

Anna ümidsiz və tərəddüdlü günlər keçirir. Xatircəm hisslər tükənib. Vronskinin sevgisindən belə şübhələnir. Darıxır. Sevgilisinə məktub yazır. Sonra Vronskinin yanına getməyə qərar verir. Hər şeyin düzələcəyinə ümidlidir. Onun bu halı təsəlli axtarışıdır. Olur ey birdən ürəyimiz çox sıxılanda, ümidimiz üzüləndə nəysə bir səbəb, hərəkət, davranış axtarırıq. Bax, elə. Dünya ilə vidalaşacağından xəbərsizdi. Ağlının ucundan da keçmir ki, vaxtına az qalıb.

Qatarı görməsi hər şeyi alt-üst edir. Hətta, Tolstoyun planlarını belə. Vronskiylə qarşılaşdığı ilk günü xatırlayır. Qatarın altına düşən adamı. Özünü qatarın altına atmaq hissi bütün bədənini bürüyür. Burda sevgi deyil, yaddaş qalib gəlir. Peşman Anna üçün ikinci bir seçim şansı qalmır. Özünü saxlaya bilmir. İxtiyarı əlində olmayan sevgi, ixtiyarı əlində olmayan ölümə çevrilir.

Romanı oxuyan hər kəs Annanın ölümündən sonra davam edən hekayətin mənasız və sıxıcı olduğunu düşünür. Halbuki, Tolstoyun ideal cütlüyü Levin və Kitidir. Ən az eşq qədər ailə də müqəddəsdir Tolstoyçün. Levinin həyatına uzun-uzadı səhifələr əbəs yerə ayrılmayıb. Annanın peşman və gözəl məhəbbəti qədər doğma və kədərli olmasa da.

Qayıdaq Raskolnikovla Sonyanın yanına. Raskolnikov ağır katorqa günlərində də, onda əvvəl də pessimist əhvaldadır. Heç vaxt ovqatı xoş olmur. Həmişə qara-qara düşünür və intihar keçir ağlından. Ürəyi, ürəyi isə dadmadığı yeni bir duyğuya bələnib. Sonyaya aşiqdir. Raskolnikovu intihardan xilas edən budur. “Cinayət və cəza” romanını ecazkar qılan məqam. “Cinayət və cəza” eşqin ən ali mərtəbəsini kəşf etdi. Fahişə bir qızın qarşısında diz çökən əlçatmaz sevgini. Yoxsa Raskolnikova cinayət işlətmək və sonra da ona cəza tapmaq qurama və sunidir. Planlanmayan eşq süjeti hər şeyi, mənəvi cəzanı da üstələdi. Əsl mənəvi cəza sevgisizlikdi. Sevə bilməməkdi. İnsanlar arasında yaş, vəzifə, rütbə, cinsiyyət ayrımı etməkdi. Saxta əxlaq, namus təəssübkeşliyidi.

Sonya eşqdə ürkək və həssasdı. “Sonya da bütün günü həyəcan içində oldu, axşam hətta yenə naxoşladı. Lakin o elə xoşbəxt idi ki, o heç gözləmədən elə xoşbəxt olmuşdu ki, az qalırdı öz xoşbəxtliyindən qorxsun”. Əslində Anna da, Vronski də, Aleksey də, Levin və Kiti də öz xoşbəxtliklərindən qorxan insanlardı. Tolstoy və Dostoyevskini ortaq edən duyğu. Anna Vronskini başqa qadınlarla təsəvvür edərək xoflanırdı. Alekseyi ailə və əqidəsini itirmək qorxudurdu. Levin Kitisizlikdən, Kiti ünsiyyətsizlikdən qorxanlardandı. Yenə də ən gözəl qorxu Sonyanın, ən gözəl ölüm Annanındı. Sonya Raskolnikovu tapmışdı. Anna özünü, iradəsini. Sənətin tapıntıları isə sonsuzdu...