FLAŞ


Parıltılı təhsilin ruhundakı saxtalıq


http://modern.az/uploads/news/affa14671000121467710714146841024214689179581469607417.jpg

Vəfa Allahverdiyeva

 

Builki tələbə qəbulunda 700 bal toplayan məzunların əksərinin təhsil aldığı məktəblərin adı məhşur lisey, eləcə də  qeyri-lisey təyinatlı təhsil  ocaqlarının siyahısında yer almadığına görə, yaxşı şagirdin sanballı tədris müəssisələrindən və şəhər mühitindən  çıxması fikri alt-üst olur.

Çünki ən aparıcı, qapısını arxasız döymək qeyri-mümkün olan məktəblər yaxşı təhsil şöhrəti ilə məntiqi baxımdan ictimai rəyə 3 yox, 5 yox, onlarla 700, ya da bir qədər aşağı ballı nəticələr təqdim etməli olduğu halda, bu sarıdan liderlik şansını itirirlər. 

Bu, o həqiqətin isbatıdır ki, oxumaq sevgisi və sözün həqiqi mənasında diplomlu adam olmaq iddiası ilə yaşayan yeniyetmə ucqar bir kənd məktəbində də proqramı mənimsəyə bilər və elə bu cəhətdən ilin-günün çətin vaxtında ailələrin göydə gedən təhsil axtarışı ilə sosial imkanlara qeyri-adekvat şəkildə uşaqları onlarca kilometr kənara daşıması əbəs çabadır. Çünki imtahanda mükəmməl sonucu müəllim, üstəgəl ciddi və intizamlı ailə institutu ilə  içində bilik həvəsi olan uşaqlar birgə yaradır.

Fikir versək, 700 bal toplayan uşaqların uğur formulu televizorsuz, telefonsuz, sosial şəbəkələrsiz həyat şəraitidir ki, bu, yeniyetmənin fərdi iradəsi ilə paralel  ailənin təhsilə ciddiyyəti və diktator metodları ilə inşa olunur.

Parıltılı təhsil bəzən aldadıcı xarakter daşıyır.  Ən böyük parıltı, ən böyük səviyyə  təhsil eşqli gəncin özüdür. 700 ballıq nəticədə altı çizilməli xətt budur.  

...      ...    ...

Dünyanın bir çox yerlərində fərqli imici, zahiri parıltısı ilə gözqamaşdıran fətullahçı təhsil ocaqları maskası düşmüş “məxluq”un aqibətini yaşayır.

1980-cı illərdən bəri müsəlman ölkələrinin darvazalarını təhsil mələyi obrazında acan Gülən məktəbləri siyasi  şeytan olaraq bu darvazalardan çıxmağa başlayır.

Uğurlu təhsil mifi dağılır və bu sistemdən, əsl sirlərindən xəbərsiz, yalnızca  keyfiyyətinə görə məmnun qalan böyük sayda insanın hazırkı əndişəsini anlamaq çətin deyil. 

Bu əndişə iki aspektdən mövcuddur:

Birincisi, məsələn, Ali Neft Məktəbinin idarəçiliyinə təhkim edilən Qafqaz Universitetinin öz  səviyyəsini saxlayıb-saxlamayacağı soruları beyinləri məşğul edir.

Halbuki rahatladan bir təsəlli var: Azərbaycanın ən pis təhsili gözəllik pərdəsi arxasında gizlənib ruhunda cinayət gəzdirən tərifli təhsildən min dəfə yaxşı olmalıdır.

İkincisi, bu təhsil müəssisələrində yetişən nəslin gerçəkdən kimliyi-potensial cinayətkar, vətən xaini, yoxsa müdrik ağıl, səviyyəli baş olması ziddiyyətləri valideynləri dərin düşüncələrə sövq edir. 

Oxşar tərəddüdlər yəqin ki, bu məktəbləri bağlayan Somali, Pakistan, Türkiyə və digər ölkələrin təhsilsevər ictimaiyyətində də yaşanır.

40 ildə Türkiyənin siyasi, ictimai, hüquqi, iqtisadi, elmi, mətbu sahələrini zəbt etmiş fətullahçı təfəkkür sahiblərinin kürünüb çölə atılan statistikası fantastik bir rəqəm təşkil edir. Bir ölkənin bütün srtukturlarına bu qədər insanın xain qiyafəsində yerləşməsi ağıl alan  bir məsələ deyil.

Uğurlu təhsil bu projenin  görünən tərəfi idi. İndi tam çılpaqlığı ilə aydın olur ki, yaxşı gənclik yetişdirmək məqsədin sonuncusu olub, öndə gələn maraq siyasi hədəflər üzərinə mükəmməl təhsillə yürüş etmək, elmlə silahlandırılan nəsli dövlət orqanları içərisində yerləşdirmək, lazımı zamanda savadlı “ictimai ordu”dan dövlət əleyhinə yararlanmaqdır.

2-3 il bundan öncə Türkiyədəki “Gəzi hadisələri”nin paralelliyində Azərbaycanda Fətullah Gülən məktəbləri haqqında pis bir kəlmə işlətmək asan deyildi. O qədər müdafiəçilər var idi ki, adamın öz fərqli düşüncələrinə şübhəsi yaranırdı. Uğurlu təhsil modeli ortaya qoyanların əl-ayağı öpülürdü.

Türkiyədəki hadisələrin hazırkı dalğasından sonra övladları Gülən məktəblərində təhsil alan, almış olan ictimai personaların müdafiə səsi kəsilib. Özünü emosional qabağa atıb Gülənin təhsil siyasətinə tərif söyləyənlər yoxdur.  Bəlkə də etirazın, müqavimətin yerinə elə bir hiss keçib ki...

Yəni, bu parıltılı, amma qaranlıq ideolojisi olan  məktəblərdən kecib gələn övladlar artıq öz ailələrində qorxunun və min cür şübhənin mənbəyi kimi çıxış edir. Baxmayaraq ki, Azərbaycan analoji durumu yaşamır. Burada həmin təhsildən keçən təbəqənin dövlət çevrilişinə hazırlıq ssenarilərində adı hallanmır. Amma şübhə yoxdur ki, “mükəmməl təhsil” modelinin hər coğrafiya üçün məqsədi eyni, zamanı müxtəlifdir. 

Bu məktəblər yeganə təhsil ocağı idi ki, onların məzunları çöldə qalmır, iş yerləri ilə təmin edilirdi. Zənnimizcə, bu məqama xüsusi diqqət vermək lazımdır. Fakt ondan ibarətdir ki,  bizim nazirlərimiz də gənc kadrları bu məktəblərdən seçib, dövlət işinə cəlb edirdilər. Qaranlıq məsələləri bilərəkdən-bilməyərəkdən.  

Gülən məktəblərinin reytinqinin azalması, tədricən ifşa olunması Azərbaycanda alternativ uğurlu, heç bir qaranlıq daşımayan  təhsilin inkişafına yaxşı bir yol açır. “Kaspi” təhsil müəssisələri keyfiyyətinə güvənə bilinən bir imic qazanır. Üstəlik, pulu Amerika bulağından gəlmir. Maliyyəsi də özümüzünkü, sahibi də,  ideolojisi də...

 

Modern.az