FLAŞ


Qolları kəsilən Zaqatala sakini:"Məni bədbəxt elədilər"


http://azvision.az/photos/zaqatala%20reortaji%2021%20iyulda.jpg

Ötən il Zaqatala 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun radikal dindarlar tərəfindən hər iki biləyinin balta ilə kəsilməsi ölkədə geniş rezonans doğurmuşdu.

Hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilmişdi ki, vəhabi dini təriqətinə mənsub Zaqatala rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıblar.

Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə Vüsal Bəşirovu döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparıblar.

R.Tahirov qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutub, A.Musayev isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıb. 

Cinayətdə adı hallanan şəxslər tutularaq, barələrində həbs-qətimkan tədbiri seçilib.

 

AzVision.az -ın əməkdaşı ötən ilin ən səs-küylü cinayət hadisəsinə məruz qalan Vüsal Bəşirovla əlaqə saxlayıb, onun hazırki durumu ilə maraqlanıb.

“Məlum səbəbdən işləyə bilmirəm. Demək olar ki, bütün günü evdə oluram. Nə qədər evdə oturmaq olar? Mən də işləmək, valideynlərimə kömək etmək istəyirəm. Amma əllərim olmadığı üçün heç nə edə bilmirəm. Allah bunu heç kimə göstərməsin. Təsəvvür edin, əlsiz insan necə yaşaya bilər. Adicə paltarımı dəyişə bilmirəm. Əynimi atam dəyişir. Belə vəziyyət ölümdən betərdir. Artıq xeyli yaşım var. Ailə həyatı qurmaq, övlad sahibi olmaq istəyirəm. Amma mümkün deyil”,- deyə V.Bəşirov söyləyib.

Vəhabilərin dəhşətli cinayətinin qurbanı olan V.Bəşirov protez əl qoydurmaq istəsə də, maddi vəziyyəti buna imkan verməyib: “Bir çox həkimlərin qəbulunda olmuşam. Deyirlər ki, protez əl qoyulmalıdır. Sensorlu, yəni beyinlə idarə olunan protez əl qoydurmaq olar. Bu əməliyyat yalnız Almaniyada mümkündür. Həkimlərin dediyinə görə, bunun üçün 100 min manat pul lazımdır. Mən bu qədər pulu hardan tapım? Ailəmin imkanı yoxdur, çarəsiz qalmışıq. Ümid yerim Mehriban xanımdır. Heydər Əliyev Fonduna müraciət etmişik. İnanıram ki, onlar mənə kömək edəcəklər”.

 

V. Bəşirov biləklərinin kəsilməsinə səbəb olan cinayət hadisəsini ürəkağrısı ilə xatırlayıb: “Onları heç vaxt bağışlamayacağam. Bildiyimə görə, iki nəfərə 14 ildən 20 ilə qədər iş verilib. Mənə əziyyət verib, qollarımı kəsdirməyə aparan sürücüyə cəmi 3-ildən 5 ilə qədər iş verilib. Bu gün, sabah əfv olunub, azadlığa çıxacaq. Onun ailəsi çox imkanlıdır. İstədiklərini edirlər. Amma mən ömür boyu əlil qalacağam. Onların mənə etdikləri heç bir insan övladı etməzdi. Hadisə yadıma düşəndə ürəyim partlayır. Onların hamısı vəhabi idi. Heç kim məni başa düşə bilməz. Gözümü bağlayıb, qollarımı kəsdilər. Allahı sevən heç bir bəndə belə əməl törətməz. Məni bədbəxt etdilər”