FLAŞ


“Yaşlı, əlil kişiyə od vurdular, əl-qol ataraq, qaça-qaça külə çevrildi...”


http://news.lent.az/upload/images/news/2016/july/01/big/315b13951edd611c611e0788f0dc5b06.jpg

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da...

I hissə: http://bolge.info/Home/Details/9022

II hissə: http://bolge.info/Home/Details/9284

III hissə: http://bolge.info/Home/Details/9934

IV hissə: http://bolge.info/Home/Details/9975

V hissə: http://bolge.info/Home/Details/10056

VI hissə: http://bolge.info/Home/Details/10153

VII hissə: http://bolge.info/Home/Details/10176

 VIII hissə http://bolge.info/Home/Details/10216

IX hissəhttp://bolge.info/Home/Details/10299

X hissə: http://bolge.info/Home/Details/10543

XI hissə

Hərbçilər avtobusun yanından ötüb, kəndə, evlərə tərəf gedəndən sonra, Xasay sürünərək geriyə, sığındıqları kahaya qayıtdı. Sonrakı günlərdə kimsəni görmədilər. Bir neçə gün sonra isə yemək axtarmaqdan qayıdanda kahada belə bir məktub tapdılar:

“Ələkbər, bilirik ki, siz də kahada gizlənmisiniz. Gəlin, sizi görmək istəyirik”.

Məktubda gizləndikləri yer və onları necə tapa biləcəklərinin gizli nişanəsi də qeyd olunmuşdu. Ələkbər özü kimi mühasirədə qalan yerlilərinin arxasınca getdi. Bir neçə saatdan sonra dörd hərbçi ilə kahaya qayıtdı. Bir neçə gün öncə avtobusun ətrafında toplaşan, erməni hesab etdikləri hərbçilər Çovdar kəndinin sakinləri Bağman və İsmayıl, bir də əslən Ağcakənddən olan iki əsgər idi.

***

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev danışır:

- Onlar daha gözləmək istəmirdilər, dirəndilər ki, biz gedirik. Biz nə qədər desək də, dedilər gedəcəyik... Əgər sağ-salamat gedib çıxa bilsək, oradan sizə xəbər verəcəyik...

Kənddən balaca bir radio tapıb gətirmişdik. Batareyalarını salıb ancaq xəbərlərə qulaq asır, xəbər bitən kimi, içindən çıxardırdıq ki, qurtarmasın. Onlar da gördülər ki, radio vasitəsi ilə xəbər tuta bilirik. Dedilər siz qadınla, uşaqla özünüzü riskə atmayın... Görsək ki, keçmək mümkündür, radio vasitəsi ilə xəbər verəcəyik... Getdilər...

Demək, bizdən ayrılıb, Vəng istiqamətində gediblər. Görüblər yol bağlıdır, qayıdıblar... Bir də gördük gəlirlər... Dedilər bu yol bağlıdır, Murovla gedəcəyik.

Nəhayət, bir gün radioda xəbər verildi ki, filankəslər neçə ay sonra Kəlbəcərdə mühasirədən çıxıb gəlib. Hətta xəbərlərdə belə bir cümlə də oxudular: “Biz gəldik, sizi Göygöldə gözləyirik”. Bildik ki, bu cümlə bizə ismarıcdır.

Murova üz tutanda 29 nəfər idik... Ələkbərin atası gəlmədi, qaldı... I və II Dünya Müharibəsində iştirak etmişdi, “93 yaşım var, “41-45”-də də əsir düşmüşəm, demək ki, qismətimdir... Murovu çıxmağa halı qalmamışdı... Qaldı... Taleyindən xəbərimiz olmadı...

İndi Murovu qalxırıq, Şəhriyar anasının kürəyində, Elmidar yanımızca qalxır... Şəhriyar deyir acmışam, çörək ver. Çörəyimiz də az qalıb, Nərgizə dedim eybi yox, necə də olsa Şəhriyarı kürəyimizdə aparırıq, o aclığa dözər, çörəyi saxla, az-az Elmidara ver, dağa çıxmağa heyi olsun...

***

Elmidar dizi üstə çökəndə soyuqdan çatlayıb, toz-torpaqdan çirklənən balaca əli atasının əlindən sürüşüb çıxdı. Xasayın ən böyük qorxularından biri də altı yaşlı uşağın Murov dağını aşa bilməyəcəyi idi.

- Ata, mən çox yorulmuşam, daha gedə bilmirəm. Məni burada unudun... Yaddan çıxardın, özünüz gedin... Amma mütləq gedin...

- Unudun nədir? Yaddan çıxardın nə deməkdir? Nə danışırsan, ay bala? Əgər sizi də burada qoyub gedəcəyəmsə, daha niyə gedirəm? Mənim həyatda sizdən başqa kimim qalıb ki? Kimin üçün yaşayacağam?

***

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev danışır:

- Ancaq gecələr gedirdik. Gündüzləri gizlənirdik... Ətrafı necə ot basmışdısa, hər yer uçurum kimi görünürdü.

- Elmidar getməkdən imtina edəndən sonra dəstədən ayrıldınız?

- Yox. Camaata dedim ki, gəlin hamımız bir az oturub dincələk, hava da işıqlansın, görək hara gedirik... Hə, onu deyim ki, Elmidarın yorulub oturmağı bizi xilas etdi... O yerdə ki Elmidar çöküb oturdu aşağı, biz oranı düz qalxırdıq. Sən demə, həmin vaxtı düz erməni postuna gedirmişik... Deməli, bir də gördük qabaqdan güllə atdılar. Yanımızda böyük bir daş var idi, hamımız tez onun altına uzandıq... Bizi görməmişdilər, amma nə isə atırdılar... Xeyli gözləyib, hava qaralanda, gizləndiyimiz yerdən çıxıb, geriyə qayıtdıq...  Yenidən gəlib, dirəndik dağa. İki dağın arası idi, şırhaşır su gedirdi, ətrafı da buz... Şəhriyar da özünü öldürür ki, acmışam... Su istəyirəm... İndi əyilib əlimi sürtürəm buza ki, bir az qıra bilsəm, sürtüm uşağın dodağına. Buz da elə qalındır ki, qırılması mümkün deyil... Bir tərəfdən də əllərimi dondurur. Axırda dırnağımı sürtüb qaşıdım ki, dırnağım yaş olsun, sürtüm uşağın dodağına... Beləcə, dörd günə Murovu aşdıq...

Bilirdik ki, sola getsək Ermənistandır, sağ tərəf isə Azərbaycan. Ona görə də sağı tutub gedirdik.

Səhərə yaxın dağa gün vurmaq istəyəndə, qalxıb, sağa doğru gəldik. Bir də baxdım aşağıda ferma var. Uşaqları yenə bir yerə yığıb, gizlətdim. Dedim kəşfiyyata gedək görək hara gəlmişik. İki nəfəri də özümlə götürüb, haradasa 2 km. qədər yolu fermaya doğru düşdüm. Başımda papaq var idi, dedim əgər bizimkilər olsa, papağımı çıxardıb nəyinsə başına keçirdib tərpədəcəyəm, siz də gəlin. Amma eləməsəm, yerinizdən tərpənməyin. Bilin ki, ermənilərdir...

Nə isə, bir xeyli aşağı endik. Hənirti eşidilən yerə qədər yaxınlaşıb, gizlənib, gözlədik.

Heyvanı sahəyə ötürürdülər... Bir qadın çağırdı: “Az, az Xuraman! Bizim o malı belə qaytar!” İlahi, bu səsi eşidəndə məni necə hönkürtü tutdu... Uşaqlarla bir-birimizə qoşulub ağladıq, sonra qayanın üstünə çıxıb, dediyimiz kimi, papağımı yellədik... 26 nəfər hamısı gizləndiyi yerdən çıxıb, gəldi...

 22 iyul... Az vaxt deyildi... Düz 113 gün idi ki, vəhşi heyvan kimi yaşayırdıq. Dəlidağın qoynundakı Qayabaşı kahasına sığınanda 62 adam idik. Başımıza gələn dəhşətlərdə dəstə-dəstə doğmalarımızı itirdik... Aprelin 18-də 27 nəfərimizi amansızlıqla öldürdülər. Bizim də nə silahımız var idi? İki ov tüfəngimiz var idi, bir də aramızda olan əsgərlərin silahı. Onların da yetərincə gülləsi yox idi, qənaət etməli idilər...

- Kəndə tez-tez gedirdiniz. Heç yolda meyitlə rastlaşdığınız olmamışdı?

- Kəndimizdə 76 yaşlı Hüseyn dayı var idi... II Dünya müharibəsində iştirak eləmişdi - Hüseyn Hüseynov. Bizim kahaya hücum edib, adamlarımızı öldürəndən sonra bir dəfə uşaqlarla kəndə gedəndə Hüseyn dayının meyitini tapdıq... Tanınmaz halda idi... Zamanında faşistlərə qalib gələn bir əsgərə, ermənilər diri-diri od vurublar... Ətrafa da skamyalar düzülmüşdü, təsəvvür edin, yaşlı, əlil bir kişiyə od vurub yandırırlar, o əl-qol ataraq, sağa-sola qaça-qaça külə çevrilir... Bunlar da skamyada əyləşib, tamaşa edirlər... Bir meyit də gördük... Kəndimizdə bir Qənaət var idi, Qənaət Ağamirov... Bir az ruhi xəstəlikdən əziyyət çəkirdi. Elə xəstə bir adamı da işgəncə ilə öldürmüşdülər...

Atamı, qardaşlarımı, bacımı öldürdükləri gecə 19 nəfərimizi girov götürdülər... Yerdə qaldıq biz, 30 nəfər... Bir də əsgərlər... Bizimlə gizlənən əsgərlər... Əvvəl altı nəfər idilər. Dördü aprelin 18-də baş verən hadisələrdən sonra mühasirədən çıxıb, kahanı tərk etdilər. Onların sonrakı taleləri bu günə qədər də bəlli deyil. Amma ikisi bizimlə qaldı. Biri, Vüqar adlı oğlan ermənilərlə atışmada şəhid oldu... Zərdabın Qaravəlli kəndindən idi, Vüqar Abdullayev. Laçındakı döyüş əməliyyatlarında mühasirəyə düşüb, sonradan 8 hərbçi yoldaşı ilə birlikdə Başlıbel kəndinə gəlib çıxmışdı... Yazığı öldürəndən sonra da soyundurub, güllələmişdilər... Heç unutmuram, onun bədənini yolun kənarından hissə-hissə yığıb, dəfn elədik... Camaatın sağ qalmasında onun da böyük rolu olub... Allah rəhmət eləsin... Bir də bir əsgər var idi, axıracan bizimlə qaldı... Şəmkirdən gələn könüllü Müzahim... Son günə qədər bizi qorudu. O 62 güclü, sağlam adamdan cəmi 29-u gəlib çıxa bilmişdi. Onlar da nə gündə...  Filmlərdə ibtidai insanlar olur e, bax, onlar kimi idik... Elə bizi görənlərin necə ağlamasından hiss elədik ki, nə haldayıq... İlahi, indi hamımız qoşulmuşuq bir-birimizə... Onlar ağlayır, biz ağlayırıq... Heç nə danışmadıq, elə nə haldaydıqsa, fermadakılar görkəmimizə baxıb, başladılar hönkürməyə... Demə, Daşkəsənə gəlib çıxmışıq... Necə insanlar idi, ilahi! Bizi necə qarşıladılar... Elə bildik ki, öz evimizə gəlmişik... Bizi fermadan endirib, kəndə gətirdilər. Çayın kənarında süfrə açdılar, kənd camaatı axışıb gəldi, hərə evində nəyi var götürüb gəlmişdi.

Bizi bir maşının üstünə yığıb, Daşkəsənin mərkəzinə gətirdilər. Şəhriyarı həkimə aparıb, yarasını sarıtdılar. Ondan sonra icra başçısı bizi bir avtobusa yığıb, Gəncəyə göndərdi. Orada mən dedim ki, Bərdəyə gedəcəyəm. Xalamgil orada yaşayırdı, dedim görüm nəsə bir xəbər alıblarmı? Anamgildən nigaran idim axı... Əgər girov düşmüşdülərsə, indiyə xəbərləri gəlib çıxardı... Yox, əgər xəbərləri çıxmayıbsa, demək... demək onları da itirmişəm... (Davamı olacaq...)