FLAŞ


“Sayğaclar iyulun 15-də oxunmayacaqsa, işıqpulu necə hesablanacaq?”


http://modern.az/uploads/news/a225cb4ace7111ae20a197778c8132e41468575332.jpg

14 iyulda Tarif (qiymət) Şurasının keçirdiyi növbəti iclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq, elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən,  bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

Yeni tarifin bu gündən qüvvəyə mindiyini nəzərə alsaq, abonentlər ödənişləri necə həyata keçirəcək?

Modern.az saytının məsələ ilə bağlı suallarını “Azərışıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev cavablandırıb.

O deyib ki, tətbiq edilən yeni tarif dəyişiklikləri əsasında istehlakçılar istifadə edilən elektrik enerjisini 15 iyula qədər köhnə tariflə, 15 iyuldan isə yeni tariflə ödəyəcək:

“Bizim 2,5 milyondan çox abonentimiz var. Əməkdaşlarımızın sayğacların hamısını bir gündə oxunması fiziki olaraq mümkün deyil. Hazırda əməkdaşlarımız istər əhali, istərsə də qeyri-əhali istehlakçıların sayğaclarını maksimum sürətlə oxumağa çalışırlar ki, ödənişlərin tam dəqiqliyilə hesabatı aparılsın və bildirişi verilsin”.

Qurum rəsmisi “sayğac iyulun 15-də deyil, məsələn 20-dən sonra oxunacaqsa, ödənişlər necə hesablanacaq” sualına da aydınlıq gətirib:

“İyulun 20-də oxunacaq sayğacın ayın 15-nə qədər istifadə olunan elektrik enerjisini 6 qəpiklə, sonrakını isə 7 qəpiklə, əvvəlki və sonrakı dövr nəzərə alınmaqla günlük sərfiyyatla, tam dəqiqliyilə hesablanacaq”.

T.Mustafayev bildirib ki, elektrik enerjisinin tariflərinə yenidən baxılmasını zəruri edən amillər hazırda qurulan yüksək səviyyəli yenidənqurma işlərilə bağlıdır:

“Addım bu işləri davam etdirmək baxımından atıldı. Ən başlıcası paylayıcı elektrik şəbəkəsini olduğu kimi qoruyub saxlaması və həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlıdır. Regionlarda yaradılan yeni kənd təsərrüfatı müəssisələri, qeyri-neft sektorunun inkişafı ilə yaradılan müəssisələrə enerji tələbatını tam şəkildə ödəmək məqsədi daşıyır. Ən başlıcası isə abonentlərin fasiləsiz olaraq enerji təminatını təmin etməyə xidmət edir”.