FLAŞ


“Atamı, qardaş-bacımı dəfn etdim... anam, yoldaşım, uşaqlarım tapılmadı...”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2016/june/24/big/52bef56fbfebe90bfa802d31e596eb94.jpg

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun...

I hissə: http://bolge.info/Home/Details/9022

II hissə: http://bolge.info/Home/Details/9284

III hissə: http://bolge.info/Home/Details/9934

IV hissə: http://bolge.info/Home/Details/9975

V hissə: http://bolge.info/Home/Details/10056

VI hissə: http://bolge.info/Home/Details/10153

VII hissə: http://bolge.info/Home/Details/10176

VIII hissə: http://bolge.info/Home/Details/10216

 IX hissə: http://bolge.info/Home/Details/10299

X hissə

Xasaygil yollara, dağlara səpələnən meyitləri bir-bir tapıb, kahaya gətirdilər... Sağ adam qalmamışdı. 15 meyit tapdılar... İndi meyitləri dəfn etmək lazım idi...

***

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev danışır:

- Atamgildən təzə ayrılıb, kəndin ucqarında, tütün yerinin yanında özümə ev tikmişdim... Gecəyarısı evə gəlib, təzə mələfələrdən bir neçəsini götürdüm ki, atamgili kəfənləyib dəfn edim... Bir də, qəbir qazmaq üçün bel götürdüm... Bilirsiniz, evimə oğru kimi girəndə nələr keçirdim? Evimə oğru kimi girirəm ki, mələfə oğurlayıb atamı, bacı-qardaşımı kəfənləyim...

Qapıdan çıxmaq istəyəndə, gördüm qonşu evdən bir erməni çıxıb, bizə sarı gəlir... Tez çəkildim, məni görmədi.Pəncərədən keçib, sürünməyə başladım... Bu arxın içi ilə sürünərək gəlib çıxdım gizləndiyimiz kahaya... Kahaların yanında düzəngah var idi, orada qəbir qazdıq...

- Sizdən başqa kimlər var idi?

- Kəndimizdə ağsaqqal mal həkimi var idi - Hümbət kişi. Səhər saat 6-dan onunla birlikdə gedib qəbirləri qazdıq... Sonra mən geri dönüb meyitləri bir-bir kürəyimdə gətirdim... Hümbət kişi isə meyitlərin üstünə düzməyə daş daşıyırdı... Deyirdik, qurd-quş meyitləri eşib qəbirdən çıxartmasın... Bir odur ki, heç biri yuyulmadı... Hümbət kişi gördü çox pis oluram, dedi, narahat olma, oğul! Əslində, elə şəhid qanlı dəfn olunmalıdır...

***

Kəlbəcərin Başlıbel kəndinin sakini Nərgiz Əmralıyeva danışır:

- Uşaqlarla özümüzü qayadan atandan sonra bacardıqca qaçır, yorulanda kollarda gizlənirdik. Bir xeyli gedəndən sonra bildim ki, Ələkbərin də yoldaşı uşaqları ilə qaçıbmış... Ələkbərin oğlu Habil nisbətən böyük idi, olardı 12-13 yaşı. Mənimkilər lap balaca idilər... Habil gizli-gizli gəlib bizə yaxınlaşanda, Şəhriyar ağladı... Elə onda Şəhriyarı səsindən tanıdı... Oradan birləşib, üzü dağlara tərəf geri qayıtdıq... İki qadın balalarımızla divanə kimi düşmüşdük dağlara... Kişilərimizdən xəbərimiz yox... Əvvəlcə Kəlbəcərə, rayon mərkəzinə tərəf getməyə başladıq. Kəlbəcərin məşhur İstisu yoluna yaxınlaşanda ətrafda ermənilərin olduğunu görüb, geriyə, Qaraçanlı kəndinə qayıtdıq. Burada bir evə girdik, özümüzə gələndən sonra yenə ətrafda ermənilərin olduğunu başa düşüb, bu kəndi də tərk etdik... Artıq başa düşmüşdük ki, çıxış yolu yoxdur, görürdük ki, bütün yollar, kəndlər erməni ilə dolub... Əsir düşməkdən qorxurduq... Dedik, yenə kahalara qayıdıb gizlənək, ən etibarlı yer oradır...

***

Başlarına gələn hadisələrdən sonra Xasaygil gizləndikləri kahanı dəyişib, başqasında gizləndilər. Qadınlardan isə xəbərləri yox idi... Ermənilərin kahalara hücum edib insanları öldürüb, girov götürdüklərindən düz bir həftə keçmişdi ki, yenə kahaya insan yaxınlaşdığını hiss etdilər. Xasayla Ələkbər bir-birinə “Yenə izimizə düşdülər” deyib, kahanın kənarındakı ardıc kollarında gizləndilər.

Hənirti yaxınlaşanda Ələkbər hönkürürdü...

Bu, onun cır-cındır, çirk-pas içində olan böyük oğlu Habil idi. Habil kahalarda kimisə tapar ümidi ilə, anasıgildən ayrılmışdı...

***

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev danışır:

- Habilə qoşulub gəldik, uşaqları çölün düzündə tapdıq... Gördüm, yoldaşımla uşaqlar sağ-salamatdılar. Kiçik oğlum Şəhriyarın qolunu güllə aparmışdı... Heç bir tibbi yardım göstərə bilməyiblər, uşaq qalıb ağlaya-ağlaya... Bir tərəfdən də bunlar düz bir həftədir axı gizlənə-gizlənə yaşayırlar. Hər gizləndikləri yerdən də bizim adamlardan ikibir, üçbir çıxır... Qoşulub bir-birinə, bərabər gizlənirlər. Uşaq da ağladıqca adamlar deyirmiş elə et ki, ağlamasın, yoxsa ələ keçərik... Dəhşət idi... Şəhriyarın qolunun sümüyündən, ilik yerindən sarı çirk gəlirdi... Gördüm, dörd yaşlı uşaq sapsarı saralıb, meyit rəngindədir...

Altı yaşlı Elmidar ayaqyalındır, qarın üstü ilə yanımızca addımlayır... Bizimkilərlə bir yerdə bir neçə hərbçi də qaçıb çıxa bilibmiş, kənddən hardasa 15 adam qaça bilmişdi... Şəhriyar kürəyimdə zarıyır... Uşağa o qədər “sakit ol, səs salma, erməni gələr” deyiblər ki, körpə için-için hıqqıldayır, ağrıya dözməyə çalışırdı...

Ələkbərin yoldaşına da qolundan güllə dəymişdi. Hümbət kişi yaralılarımızı müalicə etməyə başladı... Dedi görün quşdan, heyvandan nə tapırsınız... Aramızdakı əsgərlər gedib xeyli hərləndilər, iki quzusu ilə bir qoyun tapıb gətirdilər, kəsdik.  Hümbət kişi qoyunun dərisini götürüb, çəkdi yaraya... Uşağın qolunun çirki qayıtdı...

Sonra da dedi ki, get bizə. Mal həkimi idi, evdə dərman-zad var, tap gətir, dedi... Hümbətgilə getmək mümkün olmadı, bizdən bir az aşağıda feldşer Ələsgərin evi idi, getdik girdik bunların evinə...  Tez dərmanları bir torbaya yığıb, qaçdıq...

Kahada baxdıq ki, doğrudan da hamısı dərmandır – Penisillin, Bitsillin, No-şpa... Hümbət kişi dərmanların hamısını açıb, bir-birinə qatdı. Uşağın yarasına səpib, sarıdı. Bir az özümüzə gəldik ki, yara sağalacaq, körpə əzab çəkməyəcək. Amma indi də hər dəfə sarğını dəyişəndə yaranın üstü açılır, uşağın səsini kəsə bilmirik... Qaldıq ki, neyləyək.... Hümbət kişi bu dəfə də dedi ki, qurğuşun vərəqə olsa yaranın üstündən bağlayarıq, açanda su verməz... Dedik neyləyək, gedək yenə kəndi hərlənək... Görək nə tapırıq...

Bir gecə yenə oğru kimi gizlicə gəlib girdim evimə... Ev darmadağın idi...(Gözləri dolur, söhbəti dəyişməyə çalışır) O vaxtlar qutusunun üstündə fil şəkli olan Hindistan çayları var idi... Biz, Başlıbel camaatı çay içən idik, ona görə də bir torba alıb qoymuşdum şifonerə... Baxdım ki, şifoneri aşırıblar. Aşıranda, çay elə torbası ilə düşüb şifonerin arxasına. Bir çubuq tapıb uzatdıq, irəli çəkdik. Gördüm elə aldığım çaydır. Tez götürüb gətirdim kahaya... Çayını özümüz içirdik, qurğuşunun isə Şəhriyarın qoluna sarıyırdıq... Ondan sonra yarası yapışmadı, yapışmadıqca da qaynayıb sağalırdı... Uşağın o bapbalaca qoluna iki güllə dəyib çıxmışdı. Sümükləri ovulmuşdu... Hümbət yaradan çıxan sümükləri Penisillin şüşəsinə yığıb, Nərgizə verdi ki, bunu saxla. Olar ki, ölmərik, sağ qalarıq, necəsə buradan çıxarıq, bəlkə lazım olar, həkimlər calaya bilər... Qırıq-qırıq, çarpanaq sümüklər idi... Yazıq uşaq düz bir ay tərpənmədi, tərpənən kimi yarası ağrıyırdı...

- Artıq aydan çox idi ki, kahalarda idiniz. Necə qidalanırdınız?

- Kənddən sac gətirmişdik. Odun filan da tapıb gətirirdik. O vaxtlar çay yeşikləri olurdu, siçan dəyməsin, nəm çəkməsin deyə un kisələrini onda saxlayırdıq...

- Böyük, taxta yeşiklər... İçinə hətta iki kisə un sığdırmaq olurdu...

- Ay sağ ol! Ermənilər evləri boşaldanda kisələri aparmışdılar, amma kisələrin kənarından unlar yeşiklərin dibində qalmışdı. Gecələr ev-evə gəzib, yeşiklərin dibindəki un qalıqlarını toplamışdıq... Gecələr uşaqlar yatandan sonra kahanın ağzına qara adyaldan pərdə tuturduq, yoldaşım çörək bişirirdi... Çörək deyəndə ki, sacın üstündə yalandan bir şey düzəldirdi... Məqsədimiz o idi ki, birtəhər dolanaq, acından ölməyək...

- Nə qədər belə yaşadınız?

- Artıq iki ay keçmişdi... Kəndin kənarında yanmış avtobus var idi... Uşaqlar onunla su gətirəndə, ermənilər yandırmışdı... Bir dəfə Ələkbər, Hümbət kişi və mən gedəndə gördük bu avtobusun ətrafında dörd əsgər oturub... Biri durur çubuq ilə torpağın üstündə nə isə yazır, sonra uzaqlaşır, sonra yenə gəlib yazır, yenə gedir... Mən qabaqda gedirəm. Bunu görəndə gizlənib baxmağa başladım. Geri dönüb pıçıldadım ki, “Ə, qabaqda erməni var...” Bir neçə dəqiqə də oğlanı müşahidə edib geri dönəndə, heç kim yox idi... Bizimkilər getmişdi... Tək qalmışdım... Bir neçə addım qabaqda isə dörd hərbçi...

(Davamı olacaq...)