FLAŞ


Manatın ucuzlaşmasının qarşısını necə almaq olar?


http://modern.az/uploads/news/manat_dollar_euro1467374409.jpg

Artıq bir aydır ki manat dollara nisbətən davamlı dəyər itirməkdədir. Hələlik, Mərkəzi Bank prosesə tam müdaxilə etmir və hərraclarda dolların möhkəmlənməsi prosesinin qarşısını almaq istiqamətdə addımlar atmır.

Dolların manata nisbətən son bir ayda möhkəmlənməsi fonunda yalnız biznesin deyil, eyni zamanda əhalinin də xarici valyutalara tələbi artmaqdadır. Bu baxımdan, son hərraclarda banklar hətta yarım milyard dollarlıq sifarişlə çıxış edirlər. Nələrin edilməsinə ehtiyac var?

Modern.az saytı xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu barədə şərh verib.

O, hərraclarda dollar sifarişlərinin strukturuna əsaslanaraq deyib ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi həmçinin satışa çıxarılan valyutanın həcminin az olması ilə bağlıdır:

“Hərraca çıxarılan 50 milyon dollar sifarişlərin məbləğlərinə uyğun olaraq müəyyən faiz intervalı daxilində paylaşdırılır. Məsələn, 6 milyon dollar tələbi olan bank hərraca 30 milyon dollar sifarişlə gedir.

Həmin bank əmindir ki, 30 milyon dolları ala bilməyəcək, amma sifarişinin 10 faizinə ümid etdiyindən yüksək məbləğlə auksiona qoşulur. Yəni, bankların əksəriyyəti “çox istəyim ki heç olmasa azı ala bilim” prinsipi ilə hərraca gəlirlər. Bu isə o deməkdir ki, indiki məqamda Mərkəzi Bankı bazara intervensiya etməklə dollara olan tələbini azalda bilər.

Hərraclarda sifariş ilə tələb arasında mövcud fərq manat təklifini artırır. Hərraclar olmayan günlər məzənnəni dəyişməməklə kursu uzun müddət tənzimlənmək mümkün deyil. Növbəti hərraclarda Mərkəzi Bank hərraca satıcı qismində çıxıb birinci mərhələdə 300 milyon dollar təklif etməklə tələbi normallaşdırmağa çalışmalıdır.

Əks halda, Mərkəzi Bankın "valyuta ehtiyatları və məzənnə" arasında seçimdə tərəddüdü dolların möhkəmlənməsinin davam etməsinə səbəb olacaq. Bankların mövcud manat likvidliyini nəzərə aldıqda onlardan yalnız birinin məzənnəyə ciddi təsir imkanları var. Mərkəzi Bankın satıcı kimi hərraca qayıtması manata təzyiqin yumşalmasına səbəb ola bilər”.

Ekspert Mərkəzi Bankın intervensiyasından sonra məzənnə marjının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməsinin vacibliyini vurğulayıb:

“Valyuta bazarında mövcud məzənnə siyasətinin liberal üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil.

Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkün deyil. Bu marj bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Bu baxımdan, Mərkəzi Bank tələbi normalaşdıra bildiyi halda marjın 2 dəfə azaldılması barədə qərar qəbul edə bilər. Bununla yanaşı, gələcəkdə məzənnə siyasətinin liberallaşdırılması ilə mərhələli islahatlar həyata keçirilməlidir”.

V.Bayramov qeyd edib ki, kommersiya banklarının dollar sifarişi ilə xarici valyuta satışı arasındakı korrelasiyanın monitorinq edilməsinə ehtiyac var:

“Maliyyə Bazarlarına Nəzarət Palatası belə monitorinqin nəticələrinə əsasən bazar iqtisadiyyatı prinsipləri daxilində xarici valyuta üzrə tələb-təklifə təsir edə bilər.

Düşünürəm ki, Mərkəzi Banka inamın artırılması istiqamətində islahatların aparılmasına ehtiyac var. Milli valyutaya inam Mərkəzi Bankın güvənin formalaşmasından keçdiyi üçün baş bank ilə bağlı institutsional və kadr islahatlarının aparılması məqsədəuyğundur”.