FLAŞ


Məxfi Qarabağ planını yayan jurnalist danışdı: “Ter-Petrosyanı buna görə devirmişdilər...”


http://i.virtualaz.org/149301_res_01.jpg

Ermənistanda bu günlərdə Rusiyanın Qarabağ planını açıqlayan ekspert, jurnalist Tatul Akopyan deyib ki, münaqişənin mərhələli həllini nəzərdə tutan bu sənəd 1997-ci ildə prezident Levon Ter-Petrosyanın devrilməsi ilə nəticələnən mərhələli həll planına oxşardır. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Akobyan həmin planının 2011-ci ildə Kazanda prezidentlərə təqdim olunan sənədin yenidən işlənməsi nəticəsində meydana çıxdığını deyib.

“Mən hesab edirəm ki, Kazan sənədinin şərtləri Ter-Petrosyanın 1997-ci ildə təqdim etdiyi planın şərtləri ilə eynidir. Hansı ki, onu aqressiv formada o vaxtkı baş nazir Robert Köçəryan, daxili işlər naziri Serj Sərkisyan və hər şeyə qadir hesab edilən Vazgen Sərkisyan rədd etmişdilər...Bu gün isə masada yenilənmiş Kazan sənədi var, o, Azərbaycanın rədd etdiyi Kazan sənədindən daha pisdir”-Tatul Akopyan bildirib.

Ekspertin sözlərinə görə 1997-ci ildə Ter-Petrosyanın devrilməsin səbəb olan planda olduğu kimi indiki həll variantında da Dağlıq Qarabağın yekun statusu qeyri-müəyyən müddətə təxirə salınır.

“Doğrudur, Rusiyanın irəli sürdükləri təkliflərdə üstünlük ondadır ki, orada referendumdan söhbət gedir, ancaq Azərbaycan bunu qəbul etmir və həmin müddəanın həyata keçirilməsi mümkün deyil. Ərazilərin qaytarılması məsələsi isə eynilə Ter-Petrosyanın irəli sürdüyü mərhələli həll variantında olduğu kimi həll edilir”-Akobyan deyib.

Onun sözlərinə görə, Ermənistanın bu həll variantını qəbul edəcəyi hələ məlum deyil. Akobyan deyib ki, o özü Putin-Lavrov sənədi ilə tanış olub və həmin sənəddə ən azından yazılı şəkildə Kəlbəcər və Laçın rayonlarının taleyi haqda söhbət getmir. “Laçın kimi Kəlbəcərin də məsələsi gələcəyə saxlanılır, 5 rayon qaytarılır”, - jurnalist əlavə edib.

Akopyan bildirib ki, heç olmasa Ter-Petrosyan cəmiyyət qarşısında səmimi davranıb mərhələli həlli özünün “Müharibə və ya sülh? Düşünmək vaxtıdır” məqaləsində açıqlamışdı. Sərkisyan isə heç nə demir, ancaq 5 il keçəndən sonra məlum olur ki, o, Kazan sənədinə razı imiş. “Ter-Petrosyan mərhələli həllə görə məsuliyyəti üzərinə götürmüşdü, indiki prezident isə məsuliyyətdən necə qaçmağı bilir”, - Akopyan deyib.