FLAŞ


Putinin məxfi və aralıq Qarabağ planı - 5 rayon əvəzinə...


http://img.milli.az/2016/06/29/447436.jpg

Prezidentlərin Sankt-Peterburq görüşü ilə bağlı yeni detallar üzə çıxmaqdadır. Neva sahillərindəki danışıqlarda məhz mərhələli həll modelinə üstünlük verildiyini artıq erməni mənbələri də təsdiqləməyə başlayıb. Bu xüsusda Qarabağ üzrə erməni ekspert Tatul Alopyanın rəhbərlik elədiyi ANİ Tədqiqat Mərkəzinin mövqeyi diqqət çəkir. 

Musavat.com-un minval.az-a istinadən verdiyi xəbərə görə, adıçəkilən mərkəz diplomatik qaynaqlardan aldığı informasiyalara istinadla iddia edir ki, Rusiya hazırda Dağlıq Qarabağa dair aralıq bir həll modeli üzərində işləyir və tərəflərə öz ideyalarını təklif eləməyə çalışır. Bu barədə Verelq.am saytı yazıb.      
 
Yazıda deyilir: "Prezident Vladimir Putin və Sergey Lavrov Azərbaycan və Ermənistan hakimiyyətlərini bu nizamlama planı ilə artıq tanış ediblər. Əslində bu plan bir elə yeni də deyil, ancaq əvvəlki təkliflərdən də müəyyən dərəcədə fərqlənir və 1997-ci ildəki mərhələli həll planına yaxındır". 

(Söhbət Ermənistan prezidenti Levon Ter-Petosyanın hakimiyyətinin süqutuna gətirən mərhələli həlldən gedir. O vaxt Per-Petrosyan erməni xalqına müraciətlə demişdi ki, "indi bizə təklif edilənlə razılaşmasaq, vaxt gələcək, yalvaracağıq, çünki heç kim bunu bizə verməyəcək". Hərçənd həmin həll modelində referendum söhbəti olmayıb, sadəcə, status məsələsi sonraya saxlanılırdı).

Mərkəzə görə, Putinin indiki planı iki paketdən ibarətdir: "Birinci: erməni qüvvələri 5 rayondan - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxarılır. İkinci: Dağlıq Qarabağ aralıq status alır. Bu status nə Azərbaycanın tərkibinə qayıtmağı, nə də yaxın gələcəkdə müstəqil olmağı nəzərdə tutur".

Erməni qaynağı daha sonra iddia edir ki, "Madrid prinsiplərində" və onun törəməsi olan Kazan sənədində əksini tapan öz müqəddəratını təyin etmə hüququ son nizamlama paketindən çıxarılmayıb. "Lakin referendumun keçirilməsi qeyri-müəyyən müddətə saxlanılır", - nəşr qeyd edib.

"Azərbaycan statusun müəyyən edilməsi qarşılığında ərazilər formulu ilə razıdır, lakin Dağlıq Qarabağı formal da olsa Azərbaycan tərkibində qalmasında təkid edir, çünki ölkə konstitusiyası dəyişdirilə bilməz. Bakı Kazan sənədinə razılıq verərsə, o zaman ilk növbədə öz konstitusiyasını dəyişməli olacaq. Ermənistan isə Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutan hansısa varianta razı deyil. Bu üzdən də Rusiya tərəfi yeni yanaşma təklif edir - 5 rayon qarşılığında Qarabağa Madrid prinsiplərində nəzərdə tutulandan daha etibarlı status. Bundan əlavə, Putinin sülh planında Dağlıq Qarabağı Ermənistana birləşdirən Kəlbəcər və Laçın rayonları haqda heç bir söz deyilmir", - sonda müəllif əlavə edir.

***

Əlbəttə ki, erməni mənbəsinin yazdıqlarını yüz faiz həqiqət kimi qəbul eləmək də olmaz. Çünki Azərbaycan tərəfinin də görüşlərlə bağlı, həm də rəsmi səviyyədə bəzi açıqlamaları var. Onları bir daha yada salaq. 

Görüşdən sonra öncə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Peterburqda mərhələli həll planının razılaşdırıldığını və ilkin mərhələdə Azərbaycanın 5 rayonun qaytarılacağını söyləyib. Sitat: "Əvvəlcə 5, sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulur. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər". 

Bunun ardınca prezident İlham Əliyev Ordu Günündə son Qarabağ danışıqları barədə deyib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, mərhələli şəkildə həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu xüsusda o, erməniləri həmçinin Helsinki Yekun Aktını diqqətlə oxumağa çağırıb. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin (o cümlədən yeni mexanizmlərlə bağlı şərtinin-red.) qəbul edilmədiyini vurğulayan prezident habelə Sankt-Peterburq görüşünün müsbət nəticələri olduğunu diqqətə çatdırıb. Eyni zamanda onu da bildirib: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir, lakin bununla belə, Azərbaycan diplomatik və siyasi səylərini davam etdirəcək".

*** 

Sözsüz ki, Putinin yeni Qarabağ planı Rusiya maraqlarını da özündə ehtiva edir. Bu maraqlar isə sübhəsiz, əsasən münaqişə zonasına sülhməramlı adı altında özünün hərbi qüvvələrini yeritməyi və Azərbaycanı Avrasiya Birliyi layihələrinə cəlb eləməyi, bununla da Qarabağ konflikti hesabına bölgədə daha da möhkəmlənməyi nəzərdə tutur. 

Rusiya istəyinə çatacaqmı? Hər halda, vəziyyət deyilən kimidirsə, o zaman  Kremlin Azərbaycan və Ermənistan üçün yeni, lakin daha bər-bəzəkli bir ilgək hazırladığı istisna deyil.

Ermənistan isə indi ən qəliz durumda görünür. Çünki bir yandan o, yeni müharibədən qorxduğu üçün tələsirsə, ikinci yandan, sürətlə silahlanma yarışında Azərbaycanla rəqabət aparmaq gücündə olmadığını anladığı üçün tələsir. Eyni zamanda əraziləri qaytarmağın onun üçün ağrılı bir proses olacağının fərqindədir.